Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL), “Zirə” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Zirə” mətbuat katibi Elmar Abdullazadə, “Sabah” isə klubun meneceri İlahə Vəlizadə ilə təmsil olunub. Püşkatmaya əsasən “Sabah” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 13 may tarixində “Palms Sports Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.
Xatırladaq ki, “Palms Sports Arena” stadionu Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsi 54 ünvanında yerləşir.
Bu idman qurğusu əvvəllər 8-ci km stadionu, "Bakcell Arena" və "Neftçi Arena" adlandırılıb.
Arena UEFA-nın təsnifatına görə 4-cü kateqoriyalı stadiondur. 2025-ci ilin avqustundan "Palms Sports Arena" adlandırılır. Stadionun 11 min tamaşaçı yeri var.