Modern.az

FİFA-nın Messi sevgisi yenidən gündəmdə - MÖVQE

FİFA-nın Messi sevgisi yenidən gündəmdə - MÖVQE

İdman

20 İyul 2026, 15:48

Argentina dünya çempionatının finalına qədər inamlı çıxışı ilə yanaşı, FİFA-nın komandaya xüsusi dəstək verdiyi iddiaları ilə də gündəmdə idi. Turnir boyu sosial şəbəkələrdə və futbol ictimaiyyətində hakim qərarlarının Argentinanın xeyrinə olduğu, komandanın finala qədər "aparıldığı" barədə çoxsaylı müzakirələr aparılırdı.

Lakin finalda mənzərə dəyişdi. Argentina İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub oldu və oyunu bir futbolçusu qırmızı vərəqə aldıqdan sonra 10 nəfərlə başa vurdu.

Bu nəticədən sonra futbol azarkeşləri arasında yeni sual yaranıb: Əgər FİFA həqiqətən Argentinaya dəstək verirdisə, bu dəstək niyə finala qədər davam etdi? Yoxsa final məğlubiyyəti əvvəlki iddiaları əsassız göstərir?

Bəzi futbolsevərlər hesab edir ki, Argentinanın finalda uduzması turnir boyu səsləndirilən favoritizm iddialarını zəiflədir. Digərləri isə bunun əksini düşünərək, əsas məqsədin komandanı finala qədər gətirmək və turnirə marağı artırmaq olduğunu iddia edirlər.

Hələlik bu müzakirələri təsdiqləyən hər hansı rəsmi sübut yoxdur. Buna baxmayaraq, Argentinanın finaldakı məğlubiyyəti FİFA favoritizmi ilə bağlı mübahisələri yenidən dünya futbol ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevirib.

Mövzu ilə bağlı “Futbol +” qəzetinin baş redaktoru Mahir Rüstəmli Modern.az-a açıqlama verib.

O, İspaniyanın çemponluğunun həm bu komandanın, həm də futbolun zəfəri olduğunu bildirib:

“Mənə elə gəlir ki, bu mövzuda deyilənlərdə, yazılanlarda spekulyasiya, şişirtmə yetərincə çoxdu. Misir 2:0-dan sonra mübarizəni dayandırır və sonda məğlub olursa, Embolo heç nədən qırmızı vərəqə alıb, İsveçrəni azlıqda qoyursa, Tuxelin kobud taktiki səhvləri üzündən İngiltərə qələbəni əldən verirsə, Messinin və komanda yoldaşlarının günahı nədi?! Bu başqa məsələ ki, Argentina yığmasının futbolçuları bəzi hallarda meydanda kobud davranır, rəqibləri və neytral azarkeşləri qıcıqlandıran, hövsələdən çıxaran hərəkətlər ediidilər. Final hər şeyi yerinə qoydu. Rəqibdən bir yox, iki baş üstün oynayan İspaniya haqq etdiyi titulu qazandı. Argentinanın adı həm də ənənəvi Messi - Ronaldo rəqabətinə görə çox hallandı. Portuqaliyalı ulduzun tərəfdarı olan milyonlarla fanat hər imkanda Messini və komandasını aşağılamağa, gözdən salmağa çalışır. Bizə nə lazım idi - futbolun qalib gəlməsi! İspaniyanın çemponluğu həm bu komandanın, həm də futbolun zəfəridi”.

Apasport.az saytının baş redaktoru Rasim Sultanzadə açıq göstəriş olmadığını düşündüyünü, amma ehtimalı da istisna etmədiyini bildirib:

“Açığı, Argentinanın finala qədər aparıldığını, hətta müəyyən mənada "dartıldığını" desək, bu, tamamilə haqsız iddia da olmaz. Təbii ki, bu, sübut olunmuş fakt deyil, daha çox iddia və müəyyən qədər konspirasiya nəzəriyyəsi kimi də qiymətləndirilə bilər.
FIFA faktorunu bir kənara qoysaq, Argentinanın finala gedən yoluna nəzər salaq. Komanda, məncə, yarımfinal istisna olmaqla, elə də güclü rəqiblərlə üz-üzə gəlməmişdi. Futbolda son 20 ilin reallığı var: Ronaldo və Messi faktoru. Bəzi hallarda hakimlərin belə çox sevdiyi futbolçuların çıxış etdiyi komandalara qarşı istər-istəməz müəyyən güzəştlər etdiyi barədə fikirlər səslənir. Təbii ki, hər kəs istərdi ki, Ronaldo, Messi, Mbappe kimi superulduzlar Dünya Çempionatının finalında olsun. FIFA-nın da bunu arzulaması təəccüblü olmazdı. Təsadüfən də belə alındı ki, Argentina finala yüksəldi.
Amma finaldakı məğlubiyyəti və Enzo Fernandesin qırmızı vərəqə almasını hansısa amilə bağlamağın mənası yoxdur. Burada əsas faktor ondan ibarətdir ki, İspaniya oyunun birinci dəqiqəsindən 120-ci dəqiqəsinə qədər rəqibindən ən azı bir baş üstün idi. Həm oyunçu keyfiyyəti, həm də texniki-taktiki hazırlıq baxımından İspaniya üstün görünürdü”.

O, Argentinanın lehinə gecikdirilmiş sarı vərəqələrin olduğunu söyləyib:

“Argentina ilk dəqiqədən etibarən meydançaya futbol oynamaq üçün çıxmış komanda təsiri bağışlamırdı. Slavko Vinçiç oyunu balansda saxlamağa, gərginliyin artmamasına çalışsa da, Argentina futbolçuları buna imkan vermədilər. Hətta mən deyərdim ki, Argentinanın lehinə gecikdirilmiş sarı vərəqələr də oldu. Amma sonda artıq açıq-aşkar qayda pozuntularını görməməzlikdən gəlmək mümkün deyildi. Enzo Fernandesin qırmızı vərəqə aldığı epizod da, Paredesin davranışları da bunun nümunəsi idi.
Ümumiyyətlə, Argentina millisinin güclü rəqiblərə qarşı oyun üslubu Dünya Çempionatından bəri bu cürdür. Düşünürəm ki, Lionel Skaloninin planı hesab bərabərliyini qoruyub oyunu uzatmalara, oradan isə penaltilər seriyasına daşımaq idi. Lakin bu plan baş tutmadı.
FIFA-nın Argentinanı finala qədər aparıb-aparmadığı ilə bağlı qəti fikir söyləmək çətindir. Bu, yalnız iddia səviyyəsində qiymətləndirilə bilər. Amma qeyd etdiyim kimi, bəzi məqamlarda hakimlərin nüanslı qərarlarında Messi kimi futbolçuların oynadığı komandaların xeyrinə müəyyən meyllərin ola biləcəyini tam istisna etmirəm. Təbii ki, hər kəs Messinin yer aldığı komandanın Dünya Çempionatının finalında çıxış etməsini istəyərdi və FIFA-nın da belə bir arzusu ola bilərdi. Amma açıq şəkildə hər hansı göstəriş verildiyini düşünmürəm. Hər nə qədər FIFA və onun rəhbərliyi ilə bağlı keçmişdə müxtəlif mübahisəli məqamlar yaşansa da, Argentinanın müəyyən mənada irəli aparıldığı ehtimalını da tam istisna etmirəm”.

İdmanxeber.az saytının baş redaktoru Səxavət Qurbanov Argentinanın finalda uduzması və qırmızı vərəqə almasının FİFA-nın dəstəyini göstərən iddiaları zəiflətdiyini deyib:

“Hər kəs gördü ki, İspaniya millisi layiq olduğu qələbəni qazandı və dünya çempionu oldu. Deməli, güclü olan qalib gəlir, heç kim də mane ola bilmir. Futbolda hakim səhvləri də olur, təsadüflər də. Argentinanın finala kimi olan yolunda ciddi hakim səhvləri oldu Ancaq həlledici məqamda biz bunu görmədik.
Argentinanın finalda uduzması və qırmızı vərəqə alması FİFA-nın mütləq onları çempion etmək istədiyini göstərən iddiaları zəiflədir. 
Azarkeşlər arasında belə müzakirələr həmişə olur. Yəqin ki, bundan sonra da olacaq. Amma bu iddialar heç vaxt təsdiqini tapmır, fərziyyə kimi qalır. Finalda güclü olan tərəf ispanlar idi və onlar da qalib gəldi”.

Nicat Rüstəmzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR