Modern.az

La Liqanın tarixi rekordunu təkrarladı

La Liqanın tarixi rekordunu təkrarladı

İdman

Bu gün, 00:11

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqası tarixində ən çox qələbə qazanan məşqçi rekordunu təkrarlayıb. Argentinalı mütəxəssis Luis Araqonesin 344 qələbəlik göstəricisinə çatıb.

Modern.az AS-a istinadən xəbər verir ki, Simeone bu nailiyyətə komandasının 11-ci turda “Levante”ni səfərdə 2:0 hesabı ilə məğlub etməsindən sonra imza atıb.

O, tarixi nəticəni şəxsi uğuru hesab etmədiyini vurğulayıb:

“Bu, illər ərzində böyük əzmkarlıqla çalışan çoxsaylı futbolçuların mənə hədiyyəsidir. Bu rekordu öz nailiyyətimdən daha çox onların uğuru hesab edirəm. Məni bu səviyyəyə çatdıran bütün futbolçulara minnətdaram”.

Simeone klubda keçirdiyi 15 il ərzində ona dəstək olan insanları da xatırladıb. O, xüsusilə Migel Anxel Xil Marinin Avropa futbolunda böyük məşqçilik təcrübəsi olmadığı vaxt ona göstərdiyi etimadı yüksək qiymətləndirib.

“Levante” ilə görüşü də dəyərləndirən mütəxəssis rəqibin oyuna yaxşı başladığını, lakin komandasının tədricən üstünlüyü ələ aldığını bildirib. O, qapıçı Yan Oblakın vacib müdaxiləsini, Aleks Baenanın Culiano Simeoneyə verdiyi qol ötürməsini və futbolçuların kollektiv mübarizəsini xüsusi qeyd edib.

“Bizə hər kəs lazımdır”, – deyə baş məşqçi vurğulayıb.

Simeone komandasının turnir cədvəlində müvəqqəti liderliyə yüksəlməsinə də ehtiyatla yanaşıb:

“La Liqa çox uzundur. Qarşıda bizi nələrin gözlədiyini bilirik. Hər oyuna ayrıca yanaşmalı və hələ görəcəyimiz çox işin olduğunu unutmamalıyıq”.

Qeyd edək ki, Simeone 344 qələbəyə 565 La Liqa matçında nail olub. O, növbəti qələbəsi ilə Luis Araqonesi geridə qoyaraq turnirin mütləq rekordçusuna çevrilə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir