“Üzməyi öyrənək” layihəsi 2026-cı ilin noyabr-dekabr aylarında 8-ci dəfə təşkil olunacaq.
Modern.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Üzgüçülük Federasiyasının əməkdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi şagirdlərə üzgüçülük bacarıqlarını öyrətmək, suda təhlükəsiz davranış vərdişləri aşılamaq və sağlam həyat tərzini təşviq etməkdir.
Layihə çərçivəsində 1–8-ci sinif şagirdləri məşqçilərin rəhbərliyi ilə bir ay müddətində ödənişsiz üzgüçülük təlimlərinə qatılacaqlar. Təlimlərin ölkə üzrə 33 idman obyektində keçirilməsi və 60 məktəbin iştirakı nəzərdə tutulur.
Məşğələlərdə üzgüçülüyün əsas bacarıqlarının öyrədilməsinə, suda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına və şagirdlərin idmana marağının artırılmasına diqqət yetiriləcək.
Layihə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, həmçinin Abşeron, Ağcabədi, Ağdaş, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hövsan, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lənkəran, Neftçala, Oğuz, Saatlı, Salyan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tərtər, Yevlax və Zaqatala Olimpiya İdman Komplekslərində təşkil olunacaq.