Modern.az

“Cəbrayıl”ı kimlər satdı, niyə satdı...

“Cəbrayıl”ı kimlər satdı, niyə satdı...

İdman

Bu gün, 11:52

Bu haqda bəlkə də ilk yazmalı olanlardan biri mən idim. Amma gözlədim. İstədim ki, emosiyalar səngisin, sözləri hisslər yox, həqiqət danışsın.

İllər əvvəl "Cəbrayıl" Futbol Klubu Region Liqasında mübarizəyə başlayanda hamımızın qəlbində böyük ümid vardı. İnanırdıq ki, bu komanda addım-addım zirvəyə yüksələcək. Təkcə futbol klubu olmayacaq, işğaldan azad olunmuş rayonumuzun adını meydanlarda qürurla daşıyan bir simvola çevriləcək.

İlk mövsümdəcə Region Liqasının çempionu olduq. Bu uğur sponsorların, rayon rəhbərliyinin, məşqçilərin, futbolçuların və tribunaları dolduran minlərlə cəbrayıllının birgə zəhmətinin nəticəsi idi. Amma çempion olmağımıza baxmayaraq, I Liqaya buraxılmadıq. Məhz o gündən sonra bəzi adamların məqsədi dəyişdi. Artıq əsas məsələ "Cəbrayıl"ın uğuru yox, pul idi.

Elə həmin çətin günlərdə Səbuhi Səfiyarlı ortaya çıxdı. O, "Cəbrayıl" FK-nın dağılmasına imkan vermədi. Maddi və mənəvi yükü çiyinlərinə götürdü, klubu ayaqda saxladı. Böyük nəticələr olmasa da, "Cəbrayıl" yaşamağa davam etdi.

II Liqa yaradıldıqdan sonra ümidlər yenidən cücərdi. Rayon rəhbərliyinin dəstəyi ilə sponsor tapıldı, rəsmi olaraq 200 min manat vəsait ayrıldı. Komanda yenidən yüksək yerlər uğrunda mübarizəyə başladı.

"Füzuli" FK ilə həlledici oyundan əvvəl Cəbrayıl camaatı 20 mindən çox vəsait topladı. Cəbrayıl RİH başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, başçının birinci müavini olmuş Arif Fərzəliyev, gənclər və yüzlərlə azarkeş bir amal uğrunda birləşmişdi. Nəticədə II Liqanın gümüş medalı qazanıldı.

Sonra Saatlı stadionunda, 40 dərəcə istidə, minlərlə cəbrayıllının "İrəli, Cəbrayıl!" sədaları altında I Liqaya vəsiqə qazandıq. Elə bilirdik ki, ən çətin yol geridə qaldı.

Sən demə, əsl sınaq məhz bundan sonra başlayacaqmış.

Əvvəl klubun adını dəyişmək istədilər. Rayon rəhbərliyinin dəstəyi ilə buna imkan vermədik.

Sonra isə klubun satılmaması üçün son günə qədər mübarizə apardıq.

Bu dəfə bacarmadıq.

Çünki bizim üçün "Cəbrayıl" sadəcə bir ad deyildi.

"Cəbrayıl" vətən idi.

Doğma yurd idi.

Mübarizə idi.

Qürur idi.

Amma görünür, bəziləri üçün "Cəbrayıl" cəmi 370 min manatlıq bir sövdələşmə imiş.

Bəs bu illər ərzində rayon rəhbərliyinin, sponsorların və Cəbrayıl camaatının komanda üçün xərclədiyi yüz minlərlə manatın, çəkilən zəhmətin, tökülən alın tərinin taleyi necə oldu?

Bu sualın cavabını kim verəcək?

Çünki satılan təkcə bir futbol klubu olmadı.

Satılan Cəbrayıl futbolunun illərlə qazandığı etibar idi.

Satılan azarkeşlərin inamı idi.

Satılan insanların ümidləri idi.

Satılan bir rayonun qüruru idi.

370 min manat bəlkə kimlərinsə hesabını böyütdü.

Amma unutmasınlar:

Pul stadion tikə bilər. Komanda qura bilər. Oyunçu transfer edə bilər. Amma pul nə ləyaqəti ala bilər, nə vicdanı, nə də insanların hörmətini.

Tarix isə pulla yazılmır.

Tarix vicdanla yazılır.

Və tarix yalnız qalibləri deyil, dəyərlərini satmayanları da xatırlayır.

İllər keçəcək. Bu günün şahidləri azalacaq. Amma heç kim "Cəbrayıl" FK-nı yaşatmaq üçün gecəsini gündüzünə qatan insanların zəhmətini silə bilməyəcək. Heç kim tribunada səsini itirən azarkeşlərin sevgisini satın ala bilməyəcək. Heç kim "Cəbrayıl" adını ürəyində yaşadan insanların yaddaşını dəyişə bilməyəcək.

Sonda isə məşhur Azərbaycan filmində deyilən o sual yenə də səslənəcək:

"Onu bağışlamaq olarmı?"

Bu sualın cavabını nə mən verəcəyəm, nə də başqası.

Cavabı zaman verəcək. Tarix verəcək. Vicdan verəcək.

Çünki bəzən bir klubun ölümü təkcə futbolun yox, insanlığın da imtahanı olur.

Azər Telman

Redaksiyadan: İdman mətbuatının xəbərinə görə, "Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynovla Şahin Məmmədovun həmtəsisçisi olduğu "Cəbrayıl" Futbol Klubu satılıb. Adları çəkilən şəxslər "Cəbrayıl" klubunu gəncəli iş adamlarına satıb. Komandanın adı dəyişdirləcək və “Gəncəbasar” məhz “Cəbrayıl”ın hüquqi varisi olacaq. Tərəflər 400 min manata bazarlıq edib. Gəncəli iş adamları hüquqi sənədləri səhmana saldıqdan sonra komandanın adı dəyişdiriləcək.
“Gəncəbasar”ın idarəçiləri “Kəpəz”in İdarə Heyətinin sabiq sədri – ötən mövsümün əvvəlində istefaya gedən Namiq Qədirov və sabiq icraçı direktor İlqar Nadiri olacaqlar.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr