Modern.az

UEFA-dan gələn milyonlar: klublarımız pulu hara xərcləyir?

UEFA-dan gələn milyonlar: klublarımız pulu hara xərcləyir?

İdman

Bu gün, 13:50

Azərbaycan klubları avrokuboklarda iştiraka görə UEFA-dan müəyyən məbləğdə vəsait əldə edirlər. Bu pulların hara xərcləndiyi maraq doğurur.

Mövzu ilə bağlı futbol mütəxəssisi, keçmiş futbolçu Aslan Kərimov Modern.az-a açıqlama verib:

“Avrokuboklarda və ya UEFA səviyyəli yarışlarda iştirakına görə klublara ayrılan vəsait birbaşa onların büdcəsinə daxil olur. Ayrılan maliyyənin hansı istiqamətlərə xərclənəcəyini isə klub özü müəyyən edir. Təbii ki, bəzi məqamlarda UEFA-nın xüsusi qaydaları var. Məsələn, Çempionlar Liqasının Liqa mərhələsində iştirak edən klublara ölkələrində yeniyetmə futbolunun inkişafı üçün də əlavə maliyyə ayrılır. Ötən mövsüm “Qarabağ” Liqa mərhələsində iştirak edirdi və bu çərçivədə uşaq futbolunun inkişafı üçün də vəsait nəzərdə tutulur”.

Onun sözlərinə görə, UEFA tərəfindən akademiyalara ayrılan vəsaitin dəqiq məbləğini söyləmək çətindir. Səhv etmirəmsə, bu məbləğ 300-500 min arasında dəyişir. UEFA bu vəsaitin uşaq futbolunun inkişafına yönəldilməsini nəzərdə tutur. Beləliklə, Çempionlar Liqasının liqa mərhələsində iştirak Azərbaycan klublarının aşağı yaş qruplarına və akademiyalarına da əlavə maliyyə dəstəyi qazandıra bilər.

Sabiq futbolçu bildirib ki, UEFA-dan əldə olunan vəsait klubun ümumi büdcəsinə daxil olduğu üçün onun transferlərə, futbolçuların maaşlarına və ya digər ehtiyaclara xərclənməsini klub rəhbərliyi müəyyənləşdirir. Onun fikrincə, hər klubun özünəməxsus maliyyə ehtiyacları var və bu vəsaitin necə bölüşdürüləcəyini klubun özündən daha yaxşı heç kim müəyyən edə bilməz. Bəzi hallarda UEFA-dan gələn gəlir Azərbaycan klublarının öz maliyyə imkanları ilə müqayisədə kifayət qədər böyük olur.

Futbol mütəxəssisinin dediklərinə görə, İngiltərə, İspaniya və Fransa kimi ölkələrin klubları ilə müqayisədə UEFA-dan əldə olunan vəsait Azərbaycan klubları üçün daha böyük əhəmiyyət daşıyır. Xüsusilə Çempionlar Liqasının Liqa mərhələsində iştirak və növbəti mərhələlərə yüksəlmək klubların büdcəsinə ciddi töhfə verə bilər. Bununla belə, vəsaitlərin xərclənməsi ilə bağlı konkret məhdudiyyətlər yoxdur. 

“Ümumilikdə, UEFA-dan əldə olunan vəsaitin hansı istiqamətə xərclənəcəyini klubun özü müəyyən edir. Bu maliyyə ümumi büdcəyə daxil olur və klub rəhbərliyi onu transferlərə, futbolçuların maaşlarına və ya digər ehtiyaclara yönəldə bilər. Bəzi hallarda isə UEFA tərəfindən uşaq futbolunun inkişafı üçün ayrılan vəsaitin akademiyalara xərclənməsi tövsiyə olunur. Lakin bu məsələdə konkret məhdudiyyətlərin olduğunu düşünmürəm”, – A.Kərimov söyləyib.

Nicat Rüstəm

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı