Modern.az

ABŞ azərbaycanlı milyarderin şirkəti ilə bağlı qərar verdi

ABŞ azərbaycanlı milyarderin şirkəti ilə bağlı qərar verdi

İqtisadiyyat

Bu gün, 10:46

ABŞ Maliyyə Nazirliyi Rusiyanın neft şirkəti "Lukoyl"un xarici aktivlərinin satışı ilə bağlı danışıqlar aparmağa imkan verən xüsusi lisenziyanın müddətini daha bir ay uzadıb.

Modern.az xəbər verir ki, verilən yeni icazəyə əsasən, "Lukoyl"un beynəlxalq aktivlərinin mümkün satışı, özgəninkiləşdirilməsi və ya digər formada ötürülməsi ilə bağlı danışıqlar sentyabrın 19-dək davam etdirilə bilər.

Lakin qeyd olunan müddət ərzində aktivlərin satışının özünün həyata keçirilməsinə ayrıca icazə olmadan yol verilmir.

ABŞ daha əvvəl "Lukoyl" və “Rosneft”i, eləcə də onların bir sıra törəmə şirkətlərini sanksiya siyahısına daxil edib. Bundan sonra "Lukoyl"un xarici aktivlərinin satışı üçün mümkün alıcılarla danışıqlara şərait yaratmaq məqsədilə müvəqqəti lisenziya verilib və onun müddəti bir neçə dəfə uzadılıb.

"Lukoyl”un xarici aktivlərinə ABŞ-ın Chevron şirkəti, Carlyle Group, həmçinin BƏƏ və Səudiyyə Ərəbistanından olan fondların maraq göstərdiyi bildirilir. Şirkət əvvəlcə aktivlərini İsveçrənin Gunvor treyderinə satmaq barədə razılaşsa da, ABŞ tərəfi sövdələşməyə icazə verməyib.

Qeyd edək ki, “Lukoyl” azərbaycanəsilli rusiyalı milyarder Vahid Ələkbərova məxsus Rusiyanın ən iri neft şirkətlərindən biridir. Ələkbərov şirkətin əsas səhmdarı olaraq qalır.

ABŞ-ın yeni qərarı “Lukoyl”un beynəlxalq aktivlərinin gələcək taleyi ilə bağlı danışıqların daha bir ay davam etdirilməsinə imkan verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!