Hesablama Palatası əvvəllər müxtəlif ekoloji fondlara yönəldilən ödənişlərin “ekoloji vergi” adı altında vahid qaydada toplanmasını təklif edir.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildiri ki, ekoloji vergi ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlərlə bağlı mövcud ödənişlərin daha sistemli və vahid mexanizm əsasında idarə olunması üçündür:
"Belə mexanizmin əsas məqsədi ətraf mühitə daha çox təsir göstərən iqtisadi fəaliyyətlərin ekoloji məsuliyyətini artırmaq, toplanan vəsaitlərin ətraf mühitin mühafizəsinə, tullantıların azaldılmasına və ekoloji bərpa tədbirlərinə yönəldilməsini təmin etmək olmalıdır. Eyni zamanda, bu mexanizm hazırlanarkən adi vətəndaşların və kiçik sahibkarların üzərinə əsassız əlavə maliyyə yükü düşməməli, ödənişlərin tətbiqi ətraf mühitə faktiki təsir prinsipi əsasında müəyyən edilməlidir".
Deputatın sözlərinə görə elektrik avtomobilləri üçün enerji doldurma qurğularının idxalı və satışına ƏDV güzəştinin müddətinin uzadılması da yaşıl nəqliyyatın inkişafına şərait yaradacaq:
"Bu, enerji doldurma infrastrukturunun genişlənməsinə, elektrik avtomobillərindən istifadənin daha əlçatan olmasına xidmət edir. Beləliklə, bir tərəfdən ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlər üzrə məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsi, digər tərəfdən isə ekoloji cəhətdən təmiz texnologiyaların təşviqi paralel şəkildə həyata keçirilməlidir. Hesab edirəm ki, yaşıl iqtisadiyyata keçidin əsas məntiqi də məhz bundan ibarətdir".
Mövzuyla bağlı iqtisadçı Xalid Kərimli danışıb. O qeyd edib ki, Azərbaycanın vergi qanunvericiliyində "ekoloji vergi" və ya "karbon vergisi" adlı anlayışı hələ ki mövcud deyil:
"Vergi xərcləri artırır, qiymətin üzərinə gəlir və sonda vətəndaş yəni, istehlakçı tərəfindən ödənilir. Dövlət hər zaman vergini vətəndaşdan alır, lakin əsas məqsəd ekologiyanı çirkləndirənlərin maliyyə məsuliyyəti daşımasıdır. Məntiqi olaraq, ekologiyanı çirkləndirən və ziyan vuran subyekt pul ödəməlidir. Vətəndaş həmin məhsulu almaqla ekologiyanı çirkləndirən subyektin istehsal etdiyi məhsulu əldə etmiş olur və bu prosesin iştirakçısına çevrilir. Azərbaycanda ümumi olaraq sənaye müəssisələri, energetika şirkətləri, nəqliyyat sektoru, birbaşa tullantı yaradan qurumlar, meşəni, torpağı və suyu çirkləndirən təşkilatlar bu cür ödənişlərə cəlb olunurlar.
İqtisadçı bildirib ki, Azərbaycanda birbaşa ekoloji vergi adı olmasa da, müxtəlif ekoloji xarakterli rüsumlar və tənzimləmələr mövcuddur:
"Daxili yanma mühərrikli avtomobillərə rüsumlar tətbiq olunur, dizel mühərrikli avtomobillər benzinlə işləyənlərə nisbətən daha çox rüsum ödəyirlər. Elektrikli avtomobillərdə isə mühərrik və yanacaq olmadığı üçün bu cür rüsumlar tətbiq edilmir. Eyni zamanda texniki baxış zamanı, utilizasiya fonduna ödənişlər edilir və ölkəyə avtomobil idxalı zamanı yaş həddinə görə ekoloji xarakterli rüsumlar alınır. Yanacağın və yol vergisinin tərkibində də həm yolun bərpası, həm də ətraf mühitin çirkləndirilməsi ilə bağlı nüanslar nəzərə alınır".
X. Kərimlinin sözlərinə görə ekoloji verginin müsbət tərəfləri də var.
"Məhsulun maya dəyərini artıraraq onun real qiymətinin formalaşmasına səbəb olur. İqtisadiyyatda xarici müsbət və ya mənfi effektlər nəzəriyyəsinə əsasən, xarici mənfi effektlər yaradan fəaliyyətlərə vergi tətbiq olunur. Bu cür yanaşma ekoloji problemlərlə mübarizə üçün fond yaradır və xərcləri birbaşa çirkləndirənlərin ödəmsini təmin edir. Qiymət artdıqda tələbat aşağı düşür, istehlakçılar ekoloji cəhətdən təmiz məhsullara üstünlük verirlər, istehsal xərcləri düzgün formalaşır və bizneslər ekoloji dost avadanlıqlar tətbiq etməyə başlayırlar".