"Kapital Bank"ın müştərisi Orxan Quliyev kartından çıxılan 31,89 manatın geri qaytarılması ilə bağlı problemlə üzləşdiyini bildirib.
Modern.az Plat-az-a istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
O.Quliyevin sözlərinə görə, oktyabrın 18-də Qaraçuxurda yerləşən mağazalardan birində NFC vasitəsilə ödəniş edib. Məbləğ hesabından çıxılsa da, əməliyyat tamamlanmayıb və kassadan çek verilməyib.
Müştəri dərhal banka müraciət etdiyini, ona ödəniş sistemində texniki problem yarandığının və pulunun qaytarılacağının bildirildiyini qeyd edib. Lakin oktyabrın 29-da yenidən əlaqə saxladıqda əvvəlki müraciətinin qeydə alınmadığını öyrənib.
Bundan sonra bank tərəfindən iki müraciət yaradılıb. Bank əməkdaşının fəaliyyəti ilə bağlı şikayətə baxılması üçün 3 gün, vəsaitin qaytarılması ilə bağlı araşdırmaya isə 65 gün vaxt ayrılıb.
Müştəri Azərbaycanda həyata keçirilən ödənişin bank tərəfindən xarici əməliyyat kimi qiymətləndirilməsinə və araşdırma müddətinin uzunluğuna etiraz edib.
Kapital Bank isə müştəridən yaranmış narahatlığa görə üzr istəyib.
Bankın Birbank hesabından verilən açıqlamada bildirilib ki, mübahisəli əməliyyatlar üzrə vəsaitin qaytarılması üçün ödənişi qəbul edən tərəfə rəsmi sorğu göndərilir və yekun qərar həmin tərəfin cavabı əsasında müəyyən olunur.
Bank qeyd edib ki, Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən ödənişlər üzrə chargeback sorğusuna baxılma müddəti 65 təqvim günüdür. Bu müddət araşdırmanın aparılması və qarşı tərəfdən cavab alınması üçün tələb olunur.
Kapital Bank müştərinin müraciətinin nəzarətə götürüldüyünü və araşdırmanın nəticəsi barədə ən qısa zamanda məlumat veriləcəyini bildirib.