Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması hədəflənir.
Modern.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov paylaşım edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində Azərbaycan ərazisindən həyata keçirilən daşımalara tələbatın artdığını qeyd edib.
Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ildə dəmir yolları ilə 16 milyon 813 min ton yük daşınıb. Bunun 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Birbaşa tranzit yüklərin həcmi isə 6 milyon 695 min ton təşkil edib.
Ötən il dəmir yolları ilə yük daşınmasından 383 milyon 996 min manat gəlir əldə olunub. Bu məbləğin 333 milyon 911 min manatı beynəlxalq yükdaşımaların payına düşüb.
Hava nəqliyyatı ilə yükdaşımadan əldə olunan gəlir 2 milyard 398 milyon manat, dəniz nəqliyyatı üzrə beynəlxalq yükdaşımaların gəliri 57 milyon 382 min manat, boru kəmərləri üzrə 266 milyon 560 min manat, avtomobil yolları üzrə isə 204 milyon 275 min manat olub.
Deputatın hesablamasına əsasən, 2025-ci ildə beynəlxalq yükdaşımalar üzrə ümumi gəlir təxminən 3,3 milyard manat təşkil edib.
“Bu o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 5 milyard manatdan çox gəlir əldə etməsinə imkan yaradacaq”, - deyə Vüqar Bayramov qeyd edib.
Onun fikrincə, tranzit yükdaşımaların artırılması iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, dövlət gəlirlərinin və xüsusən valyuta daxilolmalarının artmasına şərait yaradacaq.
