Uzun illər ərzində milli kino sənətimizin inkişafına töhfələr vermiş, peşəkar fəaliyyəti ilə seçilən qrim rəssamı Elbrus Vahidovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasındakı iş otağı ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar reallığı əks etdirmir.
Bu barədə Modern.az-a açıqlamasında Azərbaycan Respublikası Kino Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, hazırda kinostudiyanın ərazisində onun kino sənayesi parkına çevrilməsi istiqamətində mərhələli şəkildə abadlıq, təmir və bərpa işlərə başlamışdır. Bu çərçivədə mövcud məkanların funksional baxımdan yenidən təşkili aparılır:
"Elbrus Vahidovun istifadəsində olan otaqlardan anbar kimi istifadə edilən hissə onun razılığı və iştirakı ilə təmir məqsədilə boşaldılmış, şəxsi əşyaları özü tərəfindən götürülmüşdür. Otaqda olan istifadəyə yararsız inventar da razılığı əsasında çıxarılmışdır".
"Elbrus Vahidovun kinostudiyada ayrıca iş otağı mövcuddur və o, fəaliyyətini davam etdirir. Təmizlənmiş məkanın qrim xidmətləri üçün istifadəsi nəzərdə tutulur. Həmin otağın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə təsdiqini tapmır.
Ümumilikdə həyata keçirilən işlər kinostudiyada daha səmərəli və rahat yaradıcı mühitin formalaşdırılmasına, kino sahəsində çalışan mütəxəssislər üçün imkanların genişləndirilməsinə xidmət edir. Tarixi ənənələrə malik “Azərbaycanfilm” kinostudiyasının müasir yanaşmalar əsasında yenilənməsi və inkişafı istiqamətində tədbirlər davam etdirilir" - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, “Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” kimi filmlərdə qrim rəssamı kimi çalışmış 75 yaşlı Elbrus Vahidovun “Azərbaycanfilm” kinostudiyasındakı otağından çıxarılması ilə bağlı rəssamın özü də açıqlama vermişdi.