Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Ədibin Evi” 14-17 yaşlı gənclər arasında “Mənim qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edib.
Modern.az xəbər verir ki, müsabiqənin əsas məqsədi məktəbliləri komiks və qrafik hekayəçilik sahəsində yaradıcılığa təşviq etmək, onların bədii təfəkkürünü və vizual savadlılığını inkişaf etdirməkdir.
Şərtlərə əsasən, təqdim olunan işlər Azərbaycan dilində, emosional təsir gücünə malik, animasiya üçün potensialı olan qrafik hekayə formatında hazırlanmalıdır. Hekayələr minimum 8, maksimum 20 səhifə həcmində olmalı, yeni və orijinal qəhrəman obrazını əks etdirməlidir.
Müsabiqədə şagirdlər fərdi qaydada və ya iki nəfərlik komanda (ssenari müəllifi və rəssam) şəklində iştirak edə bilərlər.
İşlərin qəbulu 2026-cı ilin 1 may - 1 sentyabr tarixlərini əhatə edəcək. İştirakçılar öz əsərlərini ad, soyad və əlaqə məlumatları ilə birlikdə PDF formatında [email protected]
elektron poçt ünvanına göndərməlidirlər.
Müsabiqənin münsiflər heyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin ekspertlərindən ibarət olacaq.
Qaliblər müxtəlif mükafatlarla təltif olunacaq. Eyni zamanda seçilən işlərdən birinin qısa animasiya filminə çevrilməsi imkanı da nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə bu il dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasının tətbiqi çərçivəsində keçirilir. Layihə gənclərin milli dəyərləri müasir ifadə vasitələri ilə təqdim etməsinə və yeni qəhrəman obrazlarının formalaşmasına dəstək verməyi hədəfləyir.