Azərbaycan kinosunun tanınmış simalarından biri – “Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” kimi filmlərdə qrim rəssamı kimi çalışmış 75 yaşlı Elbrus Vahidovun “Azərbaycanfilm” kinostudiyasındakı otağından çıxarılması ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub. İddialara görə, yeni rəhbərlik onun əşyalarını xəbərdarlıq etmədən otaqdan çıxarıb, hətta qrim masasının da zədələndiyi bildirilir. Məsələ ilə bağlı Elbrus Vahidovun öz açıqlaması isə bəzi məqamları fərqli təqdim edir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən qrim rəssamı Elbrus Vahidov bildirib ki, sözügedən otaq uzun müddətdir müxtəlif məqsədlər üçün istifadə olunurdu və orada yalnız o fəaliyyət göstərməyib.
Onun sözlərinə görə, otaqda bığ-saqqal və parik hazırlanması ilə məşğul olan şəxslər də çalışırdı və məkan daha çox qrim ustalarının istifadəsi üçün nəzərdə tutulmuşdu.
E. Vahidov qeyd edib ki, ona otağın boşaldılması ilə bağlı məlumat verilsə də, bunun konkret səbəbi izah olunmayıb:
“Dedilər ki, otağı boşaltmaq lazımdır, amma niyə, səbəbini demədilər”.
Əşyalarının çıxarılması məsələsinə gəlincə, o bildirib ki, yayılan məlumatlar müəyyən qədər şişirdilib:
“Mənə dedilər ki, lazım olanları götür. Sadəcə, aparmağa yerim yox idi. Nə mümkün idisə, çıxarıb apardım”.
Hazırda fəaliyyətinə toxunan qrim rəssamı artıq pensiyada olduğunu və aktiv işləmədiyini deyib. O, əvvəlki kimi kinostudiyaya gedib-gəlmədiyini, yalnız məsləhət xarakterli dəstək verdiyini vurğulayıb.
Digər tərəfdən, məsələ ilə bağlı ARKA-dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, səsləndirilən iddialar reallığı əks etdirmir:
“Belə bir hadisənin bu formada baş verməsi mümkün deyil. Hazırda məsələ ilə bağlı rəsmi açıqlama hazırlanır, yaxın zamanda sizə təqdim olunacaq”.