Arxiv
13 Oktyabr 2019, 16:09 | ÖLKƏ
Aliment ödənilməməsi minlərlə uşağı dözülməz duruma salır

Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 mart 2012-ci il tarixli 2(011)-1346/2012 saylı qətnaməsi ilə Müttəlifova Mehriban Mütalib qızının cavabdeh Nəsibov Nəsib Valeh oğluna qarşı «ailment tələbinə dair» iddia ərizəsi qismən təmin edilib. Məhkəmə 30 dekabr 2009-cu il təvəllüdlü Nəsibova Alsu Nəsib qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 fevral 2012-ci il tarixdən başlayaraq cavabdeh Nəsibov Nəsib Valeh oğlundan hər ay 100 manat sabit pul məbləğində alimentin və Alsu Nəsibovanın müalicəsi ilə əlaqədar yaranan əlavə xərclərə görə hər ay 50 manat alınıb Mehriban Müttəlifovaya verilməsini qət edib.
M.Mütəllifovanın sözlərinə görə, bu məhkəmə qərarı icra edilməsə də, daha sonra aliment məbləğinin artırılması ilə bağlı iddia qaldırıblar: "Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(011)-1259/2018 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 mart 2012-ci il tarixli 2(011)-1346/2012 saylı qətnaməsi ilə təyin edilən alimentin məbləği artırılıb. Qətnamə qanuni qüvvəyə mindiyi gündən Alsu Nəsibova yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəsib Nəsibovdan hər ay 154 manat sabit pul məbləğində alimentin Mehriban Müttəlifovanın xeyrinə tutulması qət edilib. Qətnamə qanuni qüvvəyə minib icraya yönəldilsə də, icra edilməyib".
İddiaçı qətnamənin icrası ilə bağlı  Xətai rayon İcra və Probasiya Şöbəsinə, o cümlədən əlaqədar digər icra orqanlarına dəfələrlə müraciət etsə də, qərarların icrası mümkün olmayıb.
Nəticədə azyaşlı Alsu Nəsibova ömrünü mərhumiyyətlər içərisində keçirir. Digər tərəfdən son ümid yeri kimi məhkəməyə üz tutan M.Mütəllifova indi məhkəmə qərarının adi kağız parçasından başqa bir şey olmadığı qənaətindədir.
Aliment ödəməyən  əksəriyyət kimi N.Nəsibov da bunu işləmədiyi, heç bir əmlaklarının olmaması ilə izah etməyə cəhd edir.

Qurulan ailələrin sayı azalır, boşanmalar artır

Azərbaycanda boşanmaların sayı ildən-ilə artdığı üçün sosial problemə çevrilən boşanmalar nəticəsində  M.Mütəllifova  və övladı ilə eyni taleyi yaşayan şəxslərin sayı minlərlədir.
Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, respublikamızda  əhalinin sayı artsa da, qurulan ailələrin sayı azalır. Həmçinin, boşanmaların sayı ildən-ilə artır. Belə ki, 2014-cü ildə 84912, 2015-ci ildə 68 773, 2016-cı ildə 66771, 2017-ci ildə 62923, 2018-ci ildə 62484 nikah qeydə alınıb. Müvafiq olaraq 2014-cü ildə 12088, 2015-ci ildə 12764, 2016-cı ildə 13114, 2017-ci ildə 14514, 2018-ci ildə 14857 boşanma qeydə alınıb.
2019-cu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

 


Rəsmi rəqəmlərdən də göründüyü kimi ölkə əhalisinin sayının artmasına rəğmən bağlanan nikahların sayı hər il əvvəlki ilə nisbətən azalsa da, boşanmaların sayı ildən-ilə artıb. Boşanmalardan ən çox əziyyət çəkənlər isə uşaqlar və qadınlar olur. Çünki boşanmalardan sonra əsas problem ödənilməli olan alimentlə bağlı yaşanır. Halbuki aliment uşağın normal böyüməsi üçün vacibdir. Əgər ata (yaxud ana) alimenti ödəmirsə, bunun cəzasını uşaq çəkməməlidir.

6 ayda  aliment borcunu ödəməkdən qəsdən yayınan 1020  nəfər həbs edilib

Hazırda alimentlə bağlı məhkəmə qərarını icra etməyənlər barədə ən sərt qərar onların həbs edilməsidir.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin ilk 6 ayı ərzində 1020 şəxs aliment borcunu ödəməkdən qəsdən yayındığına görə inzibati qaydada həbs edilib. Bundan əlavə həmin dövr ərzində 3198 şəxs barəsində alimentin tutulması ilə bağlı axtarış qərarı qəbul edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları baş idarəsi də hər il icrada olan işlərin təxminən 20 faizinin alimentin tutulması ilə bağlı olduğunu açıqlayıb.
Ekspertlər isə hesab edir ki, aliment ödəməyənlərin həbsi ilə də problem çözülmür. Təbii ki məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır. Məsələnin  təkcə valideynlərin üzərinə qoyulması doğru deyil. Çünki 5-10 il hər bir şəxsin həyatında vacib bir müddətdir. Sonradan mərhumiyyətlər içərisində böyüyən uşaqların cəmiyyət üçün faydalı olmasını təmin etmək mümkünsüzdür. Valideynin məsuliyyətsizliyinin bədəlini övlad ödəməməlidir.


 

Qonşu ölkələrdə isə alimentlə bağlı qərarların icra yolları tapılıb. Şimal qonşumuz Rusiyada xüsusi informasiya bazası yaradılıb ki, aliment ödəyicilərinin adları ora daxil edilib. Bu informasiya polisdə, yol polisində, sərhəd-keçid məntəqələrində də var. Kişi sürücü yol-hərəkət qaydalarını pozubsa, haqqındakı məlumat bazasına daxil edilir və əgər o, aliment ödəyicisidirsə və alimenti ödəməyibsə, yol polisi bununla bağlı ona xəbərdarlıq edir. Alimentlə bağlı məhkəmə qərarını icra etməyənlərə ölkədən çıxmaq da qadağandır.
Qonşu Türkiyədə də aliment ödəməyənlərlə sərt davranılır. Buna görə konkret həbs cəzası nəzərdə tutulub və 10 gün müddətində aliment ödənmirsə,  borclunun əmlakı müsadirə oluna bilər.
Fransa, İngiltərə, Avstriya, Daniya, Norvec, Finlyandiya və Ukrayna kimi ölkələrdə alimentin ödənilməsi dövlət vəsaiti hesabına həyata keçirilir.  Həmin ölkələrdə bu institut özünü doğruldub və əsas prinsip pul vəsaitinin ödənilməsidir. Bunun sayəsində himayəsində uşaq olan valideyn məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin borclu tərəfdən ödənilməsini gözləməyərəkdən dövlət vəsaiti hesabına ala bilər. Bundan sonra məhkəmə icraçıları alimenti ödəməkdən yayınan valideyndən dövlətin ödədiyi miqdarda aliment məbləğini alır və bununla ödənilmiş vəsait yenidən dövlətin hesabına qayıdır. Bu mexanizm tətbiq edilən ölkələrdə  90 faiz  büdcə vəsaiti  geri qayıdır.  
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də hesab edirlər ki,  əgər bu mexanizm  Azərbaycanda  da tətbiq olunarsa, hüquqları pozulmuş uşaqların müdafiəsi üçün çəkilən maliyyə yükü  də azalar.

Məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sorğumuza cavabda bildirilir ki, boşanmaların sayının artması ilə bağlı müxtəlif araşdırmalar aparılır: "Səbəblər sırasında ilk yerdə cütlüklərin xasiyyətlərinin uyğunlaşmaması gəlir. Sonrakı yerləri ailədaxili zorakılıq, tərəflərdən birinin zərərli vərdişlərə (içkiyə, narkotikə və digər) aludəçiliyi, uşaqlarının olmaması, xəyanət, xəstəlik və maddi imkansızlıq gəlir. Boşanma prosesində ən çox mübahisə predmeti olan isə alimentlə bağlı öhdəliklərdir. Valideynlər müxtəlif səbəblərdən öz borclarını ödəmirlər və bunun nəticəsində uşaqlar maddi təminatsız qalırlar. Bu isə birbaşa uşaq hüquqlarının pozulması deməkdir. Alimentin ödənilməsi vəzifəsinin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, hələ də aliment ödəməyən valideynlər var".

 


"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, problemin həllində ən yaxşı üsul Aliment Fondunun yaradılmasıdır: "Aliment Fondu yaradılarsa, yayınma halları olanda dövlət işə qarışacaq. Əgər aliment vaxtında ödənilmirsə, dövlət bu vəsaiti ödəyir. Sonradan isə vətəndaşdan alimentlə bərabər onun faizi də alınır. Artıq vəsait isə müvəqqəti olaraq aliment ala bilməyən digər şəxslərə ödənilir".
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, millət vəkili Fazil Mustafa da Aliment Fondunun yaradılmasını vacib sayır: "Bunun üçün ilkin olaraq 10-12 milyon manat lazımdır. Uşağın günahı deyil ki, valideyni aliment ödəmir. Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər. Aliment uşağın normal böyüməsi üçün vacibdir. Buna görə də alimenti ödəməyənlərin həbsi ilə məsələ çözülmür. Təbii ki məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır”.

 


“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə deyir ki,  aliment ödəməyən valideynin həbsi uşaq üçün verilməsi gərəkən alimentin ödənilməsi problemini həll etmir: "Bəzi ölkələrdə Aliment fondları var. Hansı ki, onların bəzisində fond aliment üçün gərəkli vəsaiti ödəsə də, daha sonra bu borcu alimenti ödəməli olan valideyndən geri alır. Ancaq bu fondun yaradılması o halda mümkündür ki, bunun üçün yetərincə büdcə vəsaiti mövcuddur. Aliment Fondunun yaradılmasının həm müsbət, həm də mənfi nəticələri ola bilər. Bir risk də var ki, belə bir fond yaranarsa, valideynlər aliment ödəməkdən daha çox yayınmağa çalışacaqlar".

Qanunvericilik mükəmməl olmalıdır ki, tərəflər qanunun tələblərinə əməl etsin

Hüquqşunas Müzəffər Baxışov da məhkəmə qərarlarının icrasını təmin etmək üçün beynəlxalq təcrübədən yararlanmağı vacib sayır: «Məhkəmə qərarlarının icrası insanların məhkəmələrə inamını artırır. Buna görə də beynəlxalq təcrübə öyrənilib qərarların icrasına mane olan səbəblərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Vətəndaş işləmirsə, əmlakı və gəliri yoxdursa, məhkəmə qərarını icra etməsi mümkünsüzdür. Belə hallarda bu məsələlərin daha təkmil prosedur qaydası qanunvericiliklə həllini tapmalıdır».

 

 

Ombudsman Elmira Süleymanova  da bildirir ki, Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət edib: "Aliment Fondunun yaradılması zəruridir. Bu məsələ bir neçə dəfə illik məruzəmə də daxil edilib. Çünki ölkədə boşanmaların sayı kritik vəziyyət alır. Aliment Fondu Dövlət Sosial Müdafiə Fondu kimi bir fond ola bilər. Boşanan insanlar məhkəmə qərarından sonra bu fonda müraciət edərək aliment pulunu ala biləcəklər. Sonra isə dövlət həmin borcludan məcburi qaydada müəyyən bir prosedurla bu vəsaiti alacaq. Ümid edirik ki, Aliment Fondunun yaradılması öz müsbət həllini tapacaq”.
Araşdırmalar göstərir ki, dövləti vətəndaş qarşısında gücsüz edən, verilən məhkəmə qərarlarını kağız parçasına çevirən amillərdən biri ölkə qanunvericiliyində bu məsələlərlə bağlı böyük boşluqların olmasıdır. Bu gün də ölkədə  mükəmməl "Ailə məcəlləsi" yoxdur. Ailə dağıldıqdan sonra uşaqların taleyinin necə olacağı ilə bağlı məsələlərə tam aydın şəkildə izahat verilmir. Qanunvericilikdə kifayət qədər boşluqların olması isə bəzi valideynlərə aliment ödəməkdən yayınmağa imkan verir. Bunun da cəzasını günahsız uşaqlar çəkir.

Pünhan Əfəndiyev

Yazı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində hazırlanıb. Məqalənin məzmunu və tərkibi müəllifin məsuliyyətindədir və heç bir halda Niderland Krallığının Xarici İşlər Nazirliyi və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatının mövqeyini əks etdirmək üçün əsas göstərilə bilməz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Cavid Qurbanovu qəbula ÇAĞIRDI: “Sizi dəvət etmişəm ki...” 13 Noyabr 2019, 16:10 Tağıyevin Mərdəkandakı evi təmir olunur 13 Noyabr 2019, 15:56 Prezident tapşırığı: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur” 13 Noyabr 2019, 15:50 İcra başçısı məktəbliləri yola saldı - FOTO 13 Noyabr 2019, 15:42 Gəncədə narkobaron saxlanılıb 13 Noyabr 2019, 15:35 Mehriban Əliyeva şəhid ailəsinin əlindən alınan evi özünə qaytardı  13 Noyabr 2019, 15:27 Naqif Həmzəyev: 2020-ci ilin büdcəsi əhalinin rifah halına hesablanıb 13 Noyabr 2019, 15:20 İcra başçısı yerli məmurlara tapşırıq verdi - FOTO 13 Noyabr 2019, 15:13 İcbari tibbi sığorta Bakı və Sumqayıta şamil edilməyəcək? - Rəsmi AÇIQLAMA 13 Noyabr 2019, 15:06 Vaqif Əsədov xəstəxanaya yerləşdirildi 13 Noyabr 2019, 15:04 Dünyanın ən zəngin azərbaycanlısı 6 gündə 600 milyon dollar GERİLƏDİ 13 Noyabr 2019, 14:57 Prezident İranın nümayəndə heyətini qəbul edib - YENİLƏNƏCƏK   13 Noyabr 2019, 14:49 İlham Əliyev rusiyalı rəsmiləri qəbul edib 13 Noyabr 2019, 14:42 BMU-nun rektoru beynəlxalq şirkətin nümayəndələri ilə görüşüb   13 Noyabr 2019, 14:36 Vitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF 13 Noyabr 2019, 14:30 Ramiz Mehdiyev AMEA-da islahatlara başlayır 13 Noyabr 2019, 14:23 Azərbaycan-Uels oyununu bu məşhur hakim idarə edəcək 13 Noyabr 2019, 14:16 Prezident nə istəyir? 13 Noyabr 2019, 14:10 AFFA bu klubları cərimələdi - SİYAHI 13 Noyabr 2019, 14:07 Nazir Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərini ELAN ETDİ 13 Noyabr 2019, 13:53 Sahil Babayev İşsizlikdən Sığorta Fondunun büdcəsindən DANIŞDI 13 Noyabr 2019, 13:50 Nazir müavini Ucarda dərs prosesini izləyib - FOTOLAR 13 Noyabr 2019, 13:47 Qarabağ separatçılarına qadın başçılıq edə bilər – FOTO 13 Noyabr 2019, 13:45 Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana gəlir - İLK DƏFƏ 13 Noyabr 2019, 13:38 Zahid Orucdan hökumətə ÇAĞIRIŞ:  Deputat bəzi məmurları “ZƏLİ” adlandırdı 13 Noyabr 2019, 13:35 Elmi impact məqalələrə görə Azərbaycan dünyada 92-ci yerdədir 13 Noyabr 2019, 13:27 Gələn ilin büdcə layihəsi I oxunuşda qəbul edildi 13 Noyabr 2019, 13:19 Sabahın hava proqnozu AÇIQLANDI 13 Noyabr 2019, 13:15 Qarabağın azərbaycanlı icmasından Lavrovun qalmaqallı fikirlərinə REAKSİYA 13 Noyabr 2019, 13:07 Rusiyalı deputat bu hərəkətinə görə ermənilər tərəfindən hədələnir - FOTO 13 Noyabr 2019, 13:00 Rafael Cəbrayılov rəsmən məhkəmə qarşısına çıxır 13 Noyabr 2019, 12:59 Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 12:56 Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü tutulub 13 Noyabr 2019, 12:51 ATƏT Tərtərdə monitorinq keçirdi 13 Noyabr 2019, 12:49 “Real”dan “PSJ”-yə Mbappe üçün fantastik transfer TƏKLİFİ 13 Noyabr 2019, 12:44