Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və onu inkişaf etdirmək ən böyük tarixi nailiyyətdir. Azərbaycan xalqı da əsrlər boyu bu ali məqsəd uğrunda mübarizə aparıb, müxtəlif sınaqlardan keçib, işğal və məhrumiyyətlərlə üzləşib. Lakin bütün çətinliklərə baxmayaraq, xalqımızın müstəqillik və dövlətçilik iradəsi heç vaxt sarsılmayıb. Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə xalqımızın milli tarixində xüsusi mərhələ təşkil edir.
Bu Zəfər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı və qanı bahasına əldə olunub və xalqımızın ən böyük milli sərvətlərindən biridir. Elə tarixi günlər var ki, onlar sadəcə təqvimdəki tarix deyil, bütöv bir xalqın yaddaşında milli qürurun, mübarizənin, əzmkarlığın və Zəfərin rəmzinə çevrilir. 20 sentyabr da Azərbaycan üçün məhz belə bir gündür. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günü 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunmasını ifadə edən tarixi hadisəni əbədiləşdirir.
Azərbaycanın Dövlət Suverenliyi Günü xalqımızın uzun illər davam edən mübarizəsinin, işğal və ədalətsizliyə qarşı mübarizəsinin, milli iradə və dövlətçilik əzminin təntənəsidir. Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik və hakimiyyət uğrunda mübarizə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirməsinə imkan yaratdı. Nəticədə torpaqlarımızın bir hissəsi işğal olundu, yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salındı. Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində etnik təmizləmə həyata keçirildi, yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu. Xocalı faciəsi isə xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü.
Azərbaycan dövləti sonrakı illərdə bütün imkanlarını səfərbər edərək ərazi bütövlüyünün bərpasını əsas milli məqsədlərdən biri kimi müəyyənləşdirdi. Güclü iqtisadiyyatın formalaşdırılması, müasir və peşəkar ordunun yaradılması, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması bu strategiyanın mühüm istiqamətlərini təşkil etdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi gücünü nümayiş etdirdi. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərimizin böyük hissəsini azad etdi. 30 ilə yaxın davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi dönüş baş verdi.

Lakin ərazi bütövlüyünün bərpası Azərbaycanın qarşısında duran ümummilli hədəfin son mərhələsi deyildi. Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və konstitusiya quruluşunun tam bərqərar olması, suverenliyin təmin edilməsi qarşıda duran əsas vəzifələrdən idi. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazisindən çıxarılması və konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.
Beləliklə, 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi hadisə 2020-ci ildə əldə olunmuş Zəfərin məntiqi davamı olmaqla, Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Suverenlik dövlətin ən ali dəyərlərindən biridir. O, yalnız bayrağın dalğalanması və sərhədlərin müəyyənləşməsi ilə məhdudlaşmır. Suverenlik xalqın öz taleyini müəyyən etmək iradəsinin, dövlətin daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirmək hüququnun, milli sərvətlərin sahibinin Azərbaycan xalqı olduğunun təsdiqidir.Azərbaycan son üç onillik ərzində məhz bu məqsədə doğru ardıcıl və sistemli addımlar atıb. İqtisadi gücün formalaşdırılması, ordunun müasirləşdirilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və beynəlxalq müstəvidə Azərbaycanın milli maraqlarının ardıcıl müdafiəsi nəticə etibarilə suverenliyin tam bərpasına xidmət edib.
2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə bu tarixi məqsədə nail olundu. Prezident İlham Əliyevin 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi barədə Sərəncamı isə həmin tarixi hadisənin dövlətçilik yaddaşımızda əbədiləşdirilməsinə xidmət edir. Azərbaycanın suverenliyinin tam bərpası xalqımız tərəfindən böyük coşqu və qürurla qarşılandı. Bu Zəfər ölkəmizdə siyasi və ictimai həmrəyliyin daha bir nümunəsinə çevrildi. Əldə olunan tarixi nəticənin əhəmiyyəti yalnız hərbi uğurla məhdudlaşmırdı. Bu, onilliklər ərzində qarşıya qoyulmuş milli məqsədin reallaşması, Azərbaycan dövlətinin öz ərazisində ali hakimiyyətini tam təmin etməsi demək idi.
Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də suverenliyin real məzmununu nümayiş etdirir. Dövlət Bayrağının dalğalandığı, insanların qayıtdığı, şəhər və kəndlərin yenidən qurulduğu bu ərazilər Azərbaycanın yeni inkişaf mərhələsinin simvollarına çevrilir.
Azərbaycanın suverenliyinin tam bərpası yalnız ərazi bütövlüyünün təmin edilməsi ilə məhdudlaşan tarixi hadisə deyil. Bu, xalqımızın əsrlər boyu yaşatdığı müstəqil dövlətçilik iradəsinin, öz taleyinə sahib çıxmaq əzminin və milli varlığını qorumaq qətiyyətinin təntənəsidir.
Bu gün Azərbaycan öz ərazisində ali hakimiyyətini tam təmin edən, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirən suveren dövlət kimi regionda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarlarından biri kimi çıxış edir. Dövlət Suverenliyi Günü də məhz bu reallığı – Azərbaycanın müstəqilliyinin, dövlətçilik ənənələrinin və institusional davamlılığının möhkəm əsaslara söykəndiyini ifadə edir.
Suverenliyi əldə etmək böyük tarixi Zəfərdirsə, onu qorumaq və gələcək nəsillərə ötürmək daha böyük milli məsuliyyətdir. Çünki suverenlik yalnız dövlətin hüquqi statusu deyil, həm də xalqın öz dövlətinə, torpağına və gələcəyinə sahib çıxmaq iradəsidir.
20 sentyabr Azərbaycan tarixində məhz bu iradənin təntəsinin gündür. Suveren Azərbaycan isə öz tarixinin ən böyük Zəfərlərindən birini gələcəyə aparan dövlətdir.
Pərvin Kərimzadə,
Milli Məclisin deputatı