Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatının ən məşhur qadın simalarından biridir. Onun həyatı təkcə yazdığı şeirlərdən və “Xan qızı” titulundan ibarət deyildi. Natəvan həm də iki dəfə ailə qurmuş, gənc yaşda övlad itirmiş, ailə daxilində ağır sınaqlarla üzləşmiş qadın idi.
Modern.az saytı “Simalar” rubrikasının növbəti yazısında Xurşidbanu Natəvandan bəhs edir.
O, 1832-ci ildə Şuşada Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlib. Xurşidbanu atasının yeganə övladı olduğundan ailədə “Dürrü-yekta” – “Tək inci” adlandırılıb. Uşaqlıqdan saray mühitində böyüyən Natəvan dövrünün savadlı şəxslərindən dərs alıb, ərəb, fars və rus dillərini öyrənib, ədəbiyyat və incəsənətə maraq göstərib.
Amma xalq arasında “Xan qızı” kimi məşhurlaşan Natəvanın həyatı rahat və qayğısız sürməyib. O, hələ 13 yaşında olarkən atasını itirib. Atası öləndən sonra Xurşidbanu və anası Bədircahan xanıma böyük mülklər və torpaq sahələri qalıb. Anasının 1861-ci ildə vəfatından sonra isə Natəvan həm ailəsinin, həm də böyük mülkün və torpaqların idarəçiliyində daha ciddi məsuliyyət daşımağa başlayıb. Bu, həmin vaxtlar idi ki, Natəvanın ailəsinə məxsus bəzi torpaq və mülklərlə bağlı çar hakimiyyəti ilə mübahisələr də yaranmışdı.
Dağıstanlı generalın xanımı
Natəvanın ilk evliliyi onun həyatının ən çox danışılan səhifələrindən biridir.
O, 1850-ci ildə - 18 yaşı olarkən Dağıstanın nüfuzlu zadəgan nəslindən olan, milliyətcə kumık Xasay xan Usmiyevlə ailə qurub. Xasay xan Rusiya imperiyasının hərbi xidmətində olmuş, sonradan general-mayor rütbəsinə yüksəlmişdi. Natəvanın Xasay xanla nikahından 1855-ci ildə Mehdiqulu xan adlı oğlu, 1856-cı ildə isə Xanbikə adlı qızı dünyaya gəlib.
Natəvanın ilk evliliyinin maraqlı tərəflərindən biri də onun Şuşadan uzaqda yaşaması olub. Xasay xanla birlikdə əvvəlcə Dağıstanda, sonra Tiflisdə yaşayan Xan qızı bir müddət Qarabağdan ayrı düşüb. Onlar Tiflisdə yaşayanda Xasay xan Qafqaz canişinliyində çalışırmış.

Natəvan və ilk həyat yoldaşı Xasay xan
Xurşidbanunun Xasay xanla evliliyi dövründə bir sıra vilayət və şəhərlərə səyahətə çıxması onun dünyagörüşünün artmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb. 1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunu rastlaşdırıb. Xasay xanın fransız dilində təmiz danışması Dümanı heyrətləndirib. Sonralar A.Dümanın Qarabağa gəlişi zaman Natəvan və Xasay xan onu öz evlərində qonaq ediblər.
Azərbaycan Dövlət Tarix Arxivində mühafizə edilən sənədlərə görə, Natəvan əri Xasay xanın həmişəlik yaşamaq üçün Dağıstana köçmək təklifini qəbul etməyib. Doğma Şuşaya həddindən artıq bağlılığı səbəbindən Natəvan 1864-cü ildə Xasay xan Usmiyevdən ayrılıb.
Oğlu da şair oldu
Şairənin ilk evlilikdən doğulan oğlu Mehdiqulu xan anasının yolunu davam etdirərək şeir yazıb və “Vəfa” təxəllüsündən istifadə edib. O, hərbi təhsil alıb və Rusiya imperiyasının hərbi xidmətində olub. Natəvanın qızı Xanbikə də şeir yazırdı. Beləliklə, Xan qızının yaradıcılıq dünyası yalnız özü ilə bitməyib – övladlarından ikisi də poeziyaya üz tutub.

Oğlu Mehdiqulu xan
Xanbikənin sonrakı taleyi də diqqətçəkəndir. O, Naxçıvanskilər nəslindən Amanulla xan Naxçıvanski ilə ailə qurub. Əlyazmalar İnstitutunda saxlanılan materiallarda Natəvanın qızı ilə bağlı bu ailə əlaqələri barədə məlumatlar qorunur.
Xan qızının ikinci evliliyi
Natəvanın şəxsi həyatının ən çox müzakirə olunan səhifəsi isə onun ikinci evliliyidir.
Xasay xandan ayrılandan sonra Xurşidbanunu bir çox yerdən istəyənlər olub. Amma Natəvan öz sarayında çalışan Seyid Hüseyn Ağamirov adlı rəiyyət içərisindən çıxmış sadə bir şəxsə ərə gedib. Bu izdivac 1869-cu ildə baş tutub, həmin vaxt Natəvanın 37 yaşı olub. Bəy nəslindən olmayan, sadə təbəqə arasından çıxan Seyid Hüseynin Xan qızı ilə evlənməsi həmin dövrün Qarabağ zadəganları arasında birmənalı qarşılanmayıb.
O zaman Xan qızının rəiyyətdən olan şəxslə evlənməsi ətrafında ciddi narazılıq da yaranıb.
Bəzi məlumatlara görə, bu evlilik Natəvanın həyatında ailədaxili gərginliyə də səbəb olub.
İlk nikahından olan oğlu Mehdiqulu xanın anasının ikinci evliliyindən narazı qaldığı və bir müddət Şuşadakı evdən uzaqlaşdığı barədə məlumatlar var.
Beş övladın anası - 17 yaşlı oğlunun ölümü Natəvanı sarsıdıb
Bir sıra mənbələrdə Natəvanın Seyid Hüseynlə nikahından beş övladının dünyaya gəldiyi bildirilir: oğlanları Mir Abbas, Mir Həsən, Mir Cabbar, qızları Saray və Həcər.
Natəvanın ana kimi həyatının ən ağır hadisəsi məhz ikinci evliliyindən olan övladının ölümü ilə bağlıdır.
1885-ci ildə Natəvanın Seyid Hüseynlə nikahından olan böyük oğlu Mir Abbas ağır xəstəlikdən vəfat edib. O zaman Mir Abbasın 17 yaşı olub.

Bu itki Xan qızının həyatında dərin iz buraxıb. Bəzi mənbələrdə qeyd olunur ki, Mir Abbasın ölümündən sonra Natəvan dərin mənəvi sarsıntı keçirib və bu iztirablar onun yaradıcılığında öz əksini tapıb. Xurşidbanunun bu hadisədən sonra hətta xəstəliyə tutuldu barədə də iddialar var.
Onun sonrakı şeirlərindəki kədər, ayrılıq və övlad itkisi mövzuları məhz bu hadisə ilə əlaqələndirilir. Xan qızı uzun müddət bu dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazan şairənin “Natəvan” təxəllüsünü məhz bu hadisədən sonra götürdüyü barədə də məlumatlar var. “Natəvan” təxəllüsünün mənası isə “köməksiz, gücsüz, əlacsız” kimi izah edilir.
Bəzi mənbələrə görə, Xan qızının ikinci evlilikdən olan oğlu Mir Həsən də şeir yazırmış. Qarabağın məşhur ədəbiyyatşünası Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərində Natəvanın oğlu kimi təqdim olunan Mir Həsənin “Mir” təxəllüsü ilə şeirlər yazdığı və anasının şeirinə nəzirə etdiyi də qeyd olunur.
Bu, Natəvan ailəsinin ədəbi mühitini göstərən maraqlı faktlardan biridir. Beləliklə, Natəvanın övladları arasında həm ilk, həm də ikinci evliliyindən poeziyaya üz tutanlar olub.
Natəvanın şəxsi həyatına dair ən qiymətli mənbələrdən biri onun nəvəsi Əkbər xan Naxçıvanskinin xatirələridir. Əlyazmalar İnstitutunda saxlanılan bu xatirələrdə Natəvanın görünüşü, xarakteri, ailə münasibətləri, həyat yoldaşı Xasay xan, övladları Mehdiqulu xan və Xanbikə, eləcə də onun ətrafındakı insanlar haqqında məlumatlar yer alır.
Xurşidbanu Natəvanın nəsli bu günə qədər davam edir. Onun ilk evlilikdən olan övladlarının sonrakı nəsillərinin xarici ölkələrdə, ikinci evlilikdən olan övladlarının sonrakı nəsillərinin isə Azərbaycanda yaşadığı qeyd edilir. Bu haqda Natəvanın nəslindən olan Sevda Hüseynova mətbuata açıqlamalarında deyib. O, Natəvanın qızı Həcərin nəslindən olduğunu bildirib.
Xan qızının başqa bir üzü
Xurşidbanu Natəvanı yalnız şəxsi həyatının faciələri ilə təqdim etmək də doğru olmazdı.
O, Şuşanın ictimai həyatında mühüm rol oynayıb. 1873-cü ildə şəhərə su çəkdirib. Milli Arxiv İdarəsinin məlumatına görə, Sarı Baba dağından Şuşaya su çəkilməsi üçün aparılan işlər təxminən il yarım davam edib və şəhərdə bulaq sistemi yaradılıb.
Xan qızının bu fəaliyyəti onun öz maddi imkanlarını yalnız şəxsi ehtiyaclarına deyil, şəhərin inkişafına da sərf etdiyini göstərir.
Onun mülkləri və torpaqları ilə bağlı mübarizəsi də ayrıca tarixdir. Dövlət arxivində Natəvanın torpaqlarının geri qaytarılması üçün müxtəlif rəsmi idarələrə yazdığı ərizələr qorunur. 1874-cü il tarixli müraciətlərindən birində onun övladlarına məxsus torpaqlarla bağlı mübahisədən bəhs edilir.
Natəvanın yaradıcılığı yalnız şeirdən də ibarət olmayıb. O, rəssamlıqla məşğul olub, gül və bitkilərin rəsmlərini çəkib, əl işləri hazırlayıb.

1886-cı ildə tərtib etdiyi “Gül dəftəri” albomu onun bu istedadının ən maraqlı nümunələrindən biridir. Əlyazmalar İnstitutunda saxlanılan bu albomdakı rəsmlər və Natəvanın sənət dünyası haqqında materiallar sonradan ayrıca nəşrlərdə də təqdim olunub.
Natəvan Şuşada şair və sənət adamlarını ətrafında birləşdirən “Məclisi-üns” ədəbi məclisinə rəhbərlik edib.
Xurşidbanu Natəvan 1897-ci ildə Şuşada vəfat edib. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb, Xan qızı Ağdamda “İmarət” adlandırılan ailə qəbiristanlığında dəfn olunub. Onun ölümü həmin dövrün qabaqcıl, maarifpərvər adamlarını kədərləndirib. Bu münasibətlə qəzetlərdə nekroloqlar dərc edilib.
Xan qızı kimi doğulan Natəvan ömrünün sonuna qədər böyük bir sərvətin və nəslin varisi olaraq qalsa da, şəxsi həyatında ağır itkilər və ailə sınaqları ilə üzləşib.
A.Qorxmaz