Modern.az

Hamı növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun!

Hamı növbəyə yığışacaq ki, Qarabağa investisiya qoysun!

Parlament

Bu gün, 14:20

Diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri bölgədə baş verən proseslərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfərdə Avropa İttifaqının Qafqaz üzrə nümayəndəsinin, Fransanın Azərbaycandakı səfirinin və ABŞ-ın müvəqqəti işlər vəkilinin iştirakı xüsusilə diqqət çəkib. Səfər zamanı Ağdam, Xankəndi və Şuşaya baş çəkilib, bölgədə aparılan bərpa işləri və Azərbaycanın mədəni irsi ilə bağlı vəziyyət yerində müşahidə olunub.

Məsələ ilə bağlı Modern.az-a  danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, diplomatik korpusun Qarabağa səfəri bir neçə aspektdən mühüm əhəmiyyət daşıyır:

“Bizim üçün bu səfər, diplomatik korpusun Qarabağa səfəri çox vacib və əhəmiyyətli idi. Bir neçə nöqteyi-nəzərdən bu səfər yadda qalan məqamlarla seçildi. Avropa İttifaqının Qafqaz üzrə nümayəndəsinin, Fransanın Azərbaycandakı səfirinin və ABŞ-ın müvəqqəti işlər vəkilinin səfərdə iştirakı özü-özlüyündə çox böyük məsələdir. Bu, Azərbaycanın qələbəsinin və əldə etdiyi nəticələrin bütün dünya tərəfindən qəbul edilməsinin göstəricisidir. Hətta Azərbaycanla münasibətlərində xüsusi mövqeyi olan Fransanın bu səfərdə iştirakı tamamilə fərqli mənzərə yaradır. Xüsusilə Avropa İttifaqının nümayəndəsinin ilk dəfə belə bir səfərdə iştirakı əhəmiyyətlidir. Nə qədər danışsalar, nə qədər dəstək versələr də, indiyədək orada olmamışdılar. Amerika və Rusiya nümayəndələri həmin ərazilərə gedib, iştirak ediblər. Lakin Azərbaycanla yüksək səviyyədə əlaqələr qurmaq niyyətində olan Avropa İttifaqının nümayəndəsi indiyədək orada olmamışdı”.

O qeyd edib ki, diplomatik nümayəndələrin Qarabağda aparılan bərpa işləri və Azərbaycanın mədəni irsi ilə bağlı vəziyyətlə yerində tanış olması xüsusi əhəmiyyət daşıyır:

“Ağdam, xüsusilə Xankəndi və Şuşanın təqdim olunması, Azərbaycanın mədəni irsi ilə bağlı Ermənistan tərəfindən törədilmiş cinayətlərin birbaşa şahidi olmaq, bərpa işlərinin necə aparıldığını, mədəni abidələrin necə qorunduğunu görmək, kilsələrin tarixi ilə bağlı məlumatları birbaşa mənbədən öyrənmək böyük və çox əhəmiyyətli məsələdir. Ona görə də bu səfər Ermənistanda revanşist qüvvələr tərəfindən təhlil olunmağa və tənqid edilməyə başladı. Bu da təsadüfi deyil. Çünki onlar hələ də bununla barışmırlar və rahatlaşmırlar. Təəssüf ki, söhbət yalnız revanşist qüvvələrdən getmir. Ermənistanda sülhdən danışan bəzi şəxslər də bu səfərlə bağlı sülh ab-havasına uyğun olmayan mesajlarla çıxış etdilər. Bu da onu göstərir ki, hələ bu istiqamətdə çox iş görülməlidir”.

Səməd Seyidovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmlənməsi üçün bu cür səfərlərin və təmasların davam etdirilməsi vacibdir:

“Belə səfərlər çox olmalı, belə görüşlər geniş şəkildə keçirilməlidir. Ən əsası isə dünyanın Azərbaycanın qələbəsini, Azərbaycan torpaqlarının suverenliyini və müstəqilliyini qəbul etməsi artıq möhkəm şəkildə təsdiqlənib. Buna artıq heç kim möhür vurulmuş reallıq kimi yanaşmaya bilməz. Biz bir məsələni tam səmimi etiraf etməliyik və bunu dəfələrlə deyirik. Azərbaycanın qələbəsi olmasaydı, Azərbaycan separatçılığı öz torpaqlarından yığışdırmasaydı, həmin separatçılığın qəbrinə, cənab Prezidentin dediyi kimi, sonuncu mismarı vurmasaydı, bu gün onlar ən yüksək tribunadan sülhdən danışmayacaqdılar, müharibədən danışacaqdılar. Azərbaycan elə bir fenomenal iş gördü ki, bu nəticəni qəbul etməmək mümkün deyil. Bu, xoşluqla qəbul olunan bir məsələ deyil. Bu səfərə verilən reaksiyalar sülhə məcbur edilmiş qüvvələrin reaksiyasıdır”.

O vurğulayıb ki, Azərbaycan tərəfi sülh prosesində təmasların və qarşılıqlı əlaqələrin davam etdirilməsində maraqlıdır:

“Ona görə də bu istiqamətdə işlər davam etdirilməlidir. Necə ki, delimitasiya davam edir, demarkasiya davam edir, cəmiyyətlərimizin nümayəndələri görüşür, söhbətlər aparırlar. Mən sizi əmin edirəm ki, Azərbaycan tərəfi bu görüşlərdə sülh fəlsəfəsini ən yüksək səviyyədə təqdim edir. Axı Azərbaycanın təqdim etdiyi sülh modeli olmasa, onun alternativi var. Onun alternativi isə müharibədir. Biz bu işi elə-belə təşkil etməmişik. Biz elə-belə öz ərazimizdən üçüncü ölkələrin mallarının Ermənistana göndərilməsinə icazə verməmişik. Biz öz qazımızı, neftimizi Ermənistana elə-belə göndərmirik. Bununla göstəririk ki, görün, Azərbaycan nə dərəcədə böyüklük göstərir, nə dərəcədə səmimi sülh istəyir. Görün, siz hansı yalanların içərisində batmışdınız. Ancaq yenə də bu hisslərə qapılsanız, yenə də bu istiqamətdə getsəniz, bunun alternativi var. O da müharibədir”.

Hindistan nümayəndələrinin səfərdə iştirak etməməsinə də münasibət bildirən komitə sədri qeyd edib ki, bu məsələyə Azərbaycanın Hindistanla son dövrdə keçirdiyi yüksək səviyyəli təmaslar kontekstində yanaşmaq lazımdır:

“Hindistanın mövqeyinə gəlincə, yaxın zamanda cənab Prezidentin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü oldu. Bu görüş və orada aparılan söhbətlər heç də təsadüfi deyil. Bu, Azərbaycanın apardığı siyasətin regionda alternativsiz olduğunu göstərir. Ona görə bir qədər səbirli olun. Gələcək hələ qabaqdadır. Hamı nəinki gələcək, həm də növbəyə yığışacaq ki, ora investisiya qoysun”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dəb olan fahişəlik, artan qiymətlər, maaş problemi - İqbal Ağazadəylə Gündəm Masada