“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib.
Modern.az xəbər verir ki, layihəni kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın Milli Məclisin Aqrar siyasət komitəsinə təqdim edib. Nazir müavini bildirib ki, müzakirəyə təqdim olunan qanun layihələri paketi fermerlərin dövriyyə vəsaitlərinə olan ehtiyacını qarşılamaq və istehsalçıların maliyyəyə əlçatanlığını daha da yaxşılaşdırmaq məqsədi daşıyır.
İlhamə Qədimova vurğulayıb ki, fermerlərin əsas çətinliklərindən biri kreditlərin geri ödənilmə müddəti ilə təsərrüfat ilinin üst-üstə düşməməsidir:
“Dövriyyə vəsaiti fermerə təsərrüfat ilinin başında lazım olur və mövsüm ərzində istifadə edilir. Geri ödəniş isə yalnız məhsul yığıldıqdan və satıldıqdan sonra mümkündür. Bu uyğunsuzluq fermerlərə ciddi çətinlik yaradırdı. Ötən dövr ərzində dövlət başçısının fərmanı ilə kredit faizlərinin subsidiya olunması kimi mühüm addımlar atılsa da, yeni maliyyə alətlərinin tətbiqinə ehtiyac var idi”.
Nazir müavininin sözlərinə görə, Rusiya, Ukrayna, Qazaxıstan və Braziliya kimi ölkələrin təcrübəsi öyrənildikdən sonra 3 qarşılıqlı bağlı sənəddən ibarət hüquqi çərçivə formalaşdırılıb:
“Söhbət Mülki Məcəllədə dəyişiklik, “İcra haqqında” Qanunda dəyişiklik, “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihələrinin qəbul olunmasından gedir. Layihə borclunun məhsulun istehsalı və ya ilkin emalı məqsədilə elektron qaydada buraxdığı, öhdəliyin icrasını təmin edən təminatlı qiymətli kağızdır. Sənəd maliyyə və əmtəə məhsul şəhadətnaməsi kimi iki növdə olacaq. Bankların və maliyyə institutlarının aqrar sektora kredit ayırmasını da asanlaşdıracaq. Belə ki, birbaşa icraya yönəldilmə xüsusiyyətinə malik olan bu qiymətli kağız borcun geri ödənilməsi risklərini minimuma endirir. Yeni mexanizm həm bitkiçilik (mülkiyyətçi, icarəçi və ya istifadəçilər), həm də heyvandarlıq sahəsində tətbiq olunacaq. Məhsul şəhadətnamələri satıla, girov qoyula və özgəninkiləşdirilə bilər. Bütün proses fermerlərin artıq yaxşı tanıdığı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən elektron imza vasitəsilə həyata keçiriləcək”.
İlhamə Qədimova bildirib ki, qanun layihəsinin qəbul edilməsi aqrar sektorun inkişafına, fermerlərin dəstəklənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.