Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlığı getdikcə möhkəmlənir. Prezident İlham Əliyevin təşkilata üzv ölkələrə çoxsaylı səfərləri və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalanması ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir. Bakıda TDT çərçivəsində keçirilən növbəti tədbir də bu qurumla ölkəmizin sıx davamlı münasibətlərinin göstəricisidir. Cəmi bir neçə gün əvvəl dövlətimizin başçısının TDT ölkələrini təmsil edən dini liderləri qəbul etməsi, ardınca təşkilatın təhlükəsizlik şuralarının katiblərinin şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşmaları Azərbaycanın bu qurumun ən fəal üzvlərindən olduğunun, eyni zamanda, təşkilat çərçivəsində fəal qarşılıqlı əlaqənin nümunəsidir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri
ilə görüşdəki çıxışında bu barədə daha geniş məlumat verdi.
Qeyd edildi ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Müxtəlif formatlarda keçirilən tədbirlərdə müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. TDT-yə üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq aləmdə təşkilatın rolu, yeri və mövqeyi daha da gücləndirilsin. Bunun üçün kifayət qədər imkanlar var. Çünki TDT-yə üzv ölkələr böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar təşkilata üzv dövlətlərin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, eyni zamanda, bütün dünya üçün mühüm rol oynayır.
TDT-yə üzv ölkələr böyük təbii ehtiyatlara malikdir və bu da bir sıra məsələlərdə böyük üstünlük təşkil edir. Dövlətimizin başçısı da diqqətə çatdırdı ki, bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə, sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçirən ölkəyə çevrilib. Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir.
Azərbaycan Prezidenti TDT-yə üzv dövlətlər arasında mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklərdən söhbət açaraq dedi ki, bütün bunlar təşkilatımızı möhkəmləndirir. Bu təşkilatın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Dünya ictimaiyyəti də şahiddir ki, təşkilata üzv ölkələrin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Məhz bunun nəticəsidr ki, təşkilat inamlı iqtisadi artım nümayiş etdirir. Bütün bunlar, təbii ki, quruma üzv ölkələrin və həmin ölkələrdə dövlət səviyyəsində həyata keçirilən siyasətin uğurlu nəticəsidir.
Dövlətimizin başçısı ölkələrimizin və xalqlarımızın daha bir oxşarlığını, yəni öz mənəvi və milli prinsiplərinə sadiq olduqlarını da xüsusi olaraq vurğuladı və gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunmasını vacib hesab etdi. Qürurverici haldır ki, ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Azərbaycan Prezidenti bütün bu uğurların TDT-yə üzv ölkələrə tez-tez səfərləri zamanı şəxsən şahid olduğunu vurğuladı.
Azərbaycan Prezidenti çıxışında TDT-nin mövqeyinin daha da möhkəmləndirilməsi üçün tövsiyələr də verdi. Bildirdi ki, təşkilata üzv dövlətlər birgə səylərlə çalışmalıdırlar ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. Qeyd edildi ki, bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir. Buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən haqqında danışdığımız kimi beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır.
Qarşıda duran vəzifələrdən söhbət açan dövlətimizin başçısı birgə işin, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulmasını, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsini vacib hesab etdi. TDT üzv dövlətlərin birgə səyləri ilə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirilməlidir.
Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru