Modern.az

Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı 

Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı 

Aktual

Bu gün, 13:01

23 ilə yaxın hərbi xidmət... Bu müddətin 20 ildən çoxu Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölmələrində keçib. Düşmən arxasında yerinə yetirilən tapşırıqlar, 44 günlük Vətən müharibəsi, Kəlbəcər istiqamətində əməliyyatlar, 2022-ci ilin sentyabr döyüşləri və nəhayət, 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri...

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri Şərafəddin Xankişiyev Modern.az-a danışarkən hərbi xidmətinin müxtəlif dövrlərində yaşadıqlarını, ən çətin tapşırıqları və yaddaşından silinməyən hadisələri xatırlayıb.

Astara rayonunun Hamışən kəndində anadan olan keçmiş hərbçi hazırda Sumqayıtda yaşayır. Ailəlidir, üç övladı var.

O, Azərbaycan Ordusunda 23 ilə yaxın xidmət edib və bunun 20 ildən çoxunu Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölmələrində keçirib.

“2012-ci ildən 2016-cı ilə qədər dəfələrlə düşmən arxasında döyüş tapşırıqlarında iştirak etmişəm. 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. 2021-ci ildə Laçın-Kəlbəcər istiqamətində aparılan əməliyyatlar zamanı Kəlbəcərdə 60 günə yaxın olmuşam. 2022-ci ilin sentyabr döyüşlərində və 2023-cü ildə keçirilən antiterror tədbirlərində də iştirak etmişəm”.

Şərafəddin Xankişiyev deyir ki, Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin tərkibində uzun illər xidmət etdiyindən döyüş şəraiti onun üçün tamamilə yad deyildi. 2012-2020-ci illər ərzində müxtəlif tapşırıqlarda iştirak edib, ağır hazırlıq mərhələlərindən keçib.

Lakin 2020-ci ilin 44 günlük müharibəsi onun xidmət həyatında tamamilə başqa səhifə açıb.

Döyüşün içində başqa missiya var idi, yaralıları və şəhidləri tapmaq

Şərafəddin Xankişiyev Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin axtarış-xilasetmə qrupunda xidmət etdiyini bildirir.

Bu qrupun üzərinə düşən vəzifə yalnız döyüşmək deyildi. Əsas tapşırıqlardan biri ağır döyüşlərin getdiyi ərazilərdə yaralı və şəhid hərbçilərin tapılması, onların təhlükəli zonadan çıxarılması idi.

“Vətən müharibəsində şəxsən mən Xüsusi Təyinatlı Qüvvələrin axtarış-xilasetmə qrupunda olmuşam. Polkovnik Ramiz Qasımov və polkovnik Zaur Nudirəliyevin axtarış-xilasetmə əməliyyatında iştirak etmişəm. Onların tapılması və təxliyəsində iştirak etmişik”.

Onun sözlərinə görə, belə əməliyyatların ən çətin tərəfi ondan ibarət idi ki, qrup bəzən qarşı tərəfin arxasında və ya nəzarətin tam təmin edilmədiyi ərazilərdə hərəkət etməli olurdu.

Axtarış-xilasetmə tapşırıqları zamanı bir neçə dəfə qarşı tərəfin diversiya qrupları ilə təmas baş verdiyini deyən Ş. Xankişiyev Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində əməliyyatlarda iştirak etdiyini bildirib.

“Şəhid və yaralılarımızı axtararkən dəfələrlə düşmən qrupları ilə qarşılaşmışıq. Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində təmaslarımız olub. Məqsədimiz həm tapşırığı yerinə yetirmək, həm də bölmələrimizin təhlükəsizliyini təmin etmək idi”.

O, əməliyyatlardan birində silah-sursat daşıyan üç “Ural” avtomobilinin ələ keçirildiyini də söyləyir.

Onun üçün həmin günlərin əsas nəticəsi isə 44 günün sonunda Azərbaycan Ordusunun qələbə qazanmasıdır.

“Biz torpaqlarımızı geri qaytarmaq üçün əlimizdən gələni etdik və Vətən müharibəsindən qələbə ilə qayıtdıq”.

“Pəncəli Teymurov ölümü qisas hissini məndə daha çox artırdı”

Onun söhbətində bir ad xüsusi yer tutur — Pəncəli Teymurov.

Şərafəddin Xankişiyev deyir ki, Pəncəli onun uşaqlıq dostu, həmyerlisi və daha sonra silah yoldaşı olub.

2016-cı ildə Pəncəlinin şəhid olması onun həyatında dərin iz buraxıb.

“Mənim ən yaxın uşaqlıq dostum, həmyerlim Pəncəli Teymurov şəhid oldu. O həm uşaqlıq dostum idi, həm həmyerlim, həm də silah yoldaşım. 2016-cı ildə şəhid olanda dəfnində şəxsən iştirak etdim. O gündən sonra onu heç vaxt unutmadım. Hər an yadıma düşür”.

Keçmiş xüsusi təyinatlı deyir ki, dostunun itkisi onun sonrakı xidmət həyatına da ciddi təsir göstərib.

İllərlə müxtəlif əməliyyatları xatırlayan hərbçinin danışığında bu məqam fərqli hiss olunur. Döyüşlərin tarixini, istiqamətlərini və tapşırıqları ardıcıllıqla sadalayan o uşaqlıq dostundan danışanda hadisələri artıq yalnız hərbi terminlərlə deyil, şəxsi xatirələrlə ifadə edir.

Müharibənin görünməyən tərəfi də məhz burada ortaya çıxır: hərbi xəritələrdə istiqamətlər və mövqelər dəyişir, amma döyüşçünün yaddaşında ən uzun yaşayan çox vaxt itirdiyi silahdaşının adı olur.

“Kəlbəcərdə dərmilər 8-10 metrliyimizə düşürdü”

Ş.Xankişiyev 2022-ci ilin sentyabrında baş verən döyüşləri də xidmətinin ən ağır mərhələlərindən biri kimi xatırlayır.

Onun sözlərinə görə, həmin günlərdə Kəlbəcər istiqamətində qarşı tərəfin fəaliyyəti müşahidə olunur və bölmələr döyüş hazırlığı vəziyyətinə gətirilir.

“2022-ci ilin sentyabrında artıq görünürdü ki, qarşı tərəf təxribat törətməyə çalışır. Kəlbəcər ərazisində vəziyyəti müşahidə edirdik. Döyüş başlayanda bizim əsas məqsədimiz mövqelərimizi qorumaq və qarşı tərəfin irəliləməsinin qarşısını almaq idi”.

Ş. Xankişiyev həmin döyüşlərdə tank əleyhinə “Faqot” kompleksindən istifadə etdiyini deyir.

Onun sözlərinə görə, qarşı tərəfin bir sıra texnikası sıradan çıxarılıb.

“Şəxsən mən həmin döyüşlərdə ‘Faqot’ silahı ilə qarşı tərəfin texnikasına zərbələr endirmişəm. Silah-sursat daşıyan üç ‘Ural’ avtomobili də sıradan çıxarılmışdı”.

Ən gərgin məqamlardan biri isə artilleriya atəşləri zamanı yaşanıb.

Xüsusi təyinatlı bildirir ki, mərmilər onların mövqelərinə çox yaxın düşdüyündən şəxsi heyətin daha təhlükəsiz yerə çəkilməsi barədə qərar verib.

“Həmin istiqamətdə güclü artilleriya atəşi var idi. Mərmilər bizə çox yaxın ərazilərə düşürdü. Şəxsi heyəti daha uyğun və qorunan yerə yerləşdirdim. Özüm isə ağır silahların idarə olunmasında qaldım”.

Onun sözlərinə görə, istifadə etdikləri “Faqot” kompleksinin özü də atəş nəticəsində zədələnib.

Buna baxmayaraq, Əsgər Əliyev adlı hərbçi ilə birlikdə tapşırığı davam etdirdiklərini söyləyir.

“Yanımda Əsgər Əliyev adlı bacarıqlı əsgərimiz var idi. Şərait çox ağır olsa da, mövqedə qalıb tapşırığımızı yerinə yetirdik”.

Antiterrorun ilk saatlarından əvvəl silahlar Şuşaya daşınırdı

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Xankişiyevin xidmət həyatının son böyük əməliyyatlarından biri olub.

O deyir ki, həmin mərhələdə Xüsusi Təyinatlı Qüvvələrin ağır silahlarının və sursatlarının ön mövqelərə çatdırılmasında da iştirak edib.

“Antiterror tədbirləri zamanı Xüsusi Təyinatlı Qüvvələrin ağır silahlarını, ‘Faqot’ komplekslərini və digər sursatları ‘Ural’ avtomobilinə yükləyərək Şuşada İsa bulağı istiqamətinə, ön mövqelərə aparmışam”.

Lakin onun antiterror tədbirləri ilə bağlı ən maraqlı xatirəsi bundan əvvəl başlayır.

"Xəlfəli yolunda yeddi gün ərzində on gizli postun yerini aşkar etdik"

Ş. Xankişiyevin sözlərinə görə, bölmə komandirindən Xəlfəli yolu istiqamətində qarşı tərəfin gizli postlarının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq alıb.

Tapşırığın məqsədi həmin mövqelərin yerini müəyyən etmək və məlumatı Azərbaycan bölmələrinə ötürmək olub.

“Bölmə komandirindən əmr aldım ki, Xəlfəli yolunun üzərində qarşı tərəfin gizli postları yerləşir, həmin postların yerini müəyyən edib bölməmizə çatdırmaq lazımdır”.

Bu tapşırıqda ona polkovnik-leytenant İdris Səid də qoşulub.

“Polkovnik-leytenant İdris Səidlə birlikdə Xəlfəli istiqamətində, Xankəndi ərazisində kəşfiyyata getdik”.

Keçmiş baş gizirin sözlərinə görə, kəşfiyyat işi yeddi gün davam edib.

Bu yeddi gün ərzində onlar qarşı tərəfin on gizli mövqeyini müəyyənləşdiriblər.

“Yeddi gün ərzində on gizli postun yerini aşkar etdik və məlumatları öz bölmələrimizə ötürdük”.

Onun sözlərinə görə, həmin mövqelər sonradan antiterror tədbirlərinin ilk mərhələsində Azərbaycan bölmələrinin hədəfləri sırasında olub.

O bildirir ki, postların yerini müəyyən etmək üçün bəzi hallarda mövqelərə kifayət qədər yaxınlaşmaq lazım gəlirdi.

“Postları dəqiq müəyyən etmək üçün daha yaxın məsafədən müşahidə aparmalı olurduq. Əlbəttə, risk böyük idi. Hər an aşkarlana, əsir düşə bilərdik”.

Onun sözlərinə görə, xüsusi təyinatlı və kəşfiyyatçı kimi əsas məsələ yalnız məlumat toplamaq deyil, həmin məlumatla geri qayıtmaq idi.

“Tapşırığı yerinə yetirmək qədər təhlükəsizliyi qorumaq da vacibdir. Çünki məlumatı əldə edib geri çatdıra bilmirsənsə, əməliyyatın nəticəsi olmur”.

“Hər an əsir düşə bilərdik”

Şərafəddin Xankişiyev həmin yeddi günü xatırlayarkən ən çox risk amilindən danışır.

Onun sözlərinə görə, ərazinin relyefi, qarşı tərəfin müşahidə imkanları və gizli postların yerləşməsi kəşfiyyatı çətinləşdirirdi.

“Hər an əsir düşə bilərdik. Amma biz xüsusi təyinatlı və kəşfiyyatçı olaraq öz təhlükəsizliyimizi qoruyub tapşırığı başa çatdıra bildik”.

Bu əməliyyatdan sonra öz bölmələrinə qayıdan hərbçilər antiterror tədbirlərinin başlanması ilə yenidən döyüş tapşırıqlarına cəlb olunublar.

Xankişiyev deyir ki, kəşfiyyat zamanı əldə edilən məlumatların sonradan real əməliyyatda istifadə olunduğunu görmək onun üçün ayrıca əhəmiyyət daşıyıb.

Xankəndində irəlləmək çətin idi

Onun sözlərinə görə, antiterror tədbirləri zamanı Azərbaycan xüsusi təyinatlılarının hərəkətinə mane olan başqa bir mövqe də müəyyən edilib.

Ş. Xankişiyev həmin mövqenin yüksəklikdə yerləşdiyini və Xankəndi istiqamətində hərəkətə ciddi maneə yaratdığını bildirir.

“Post elə bir yüksəklikdə yerləşirdi ki, Xüsusi Təyinatlı Qüvvələrin Xankəndi istiqamətində sərbəst hərəkət etməsinə və irəliləməsinə mane olurdu”.

Onun sözlərinə görə, mövqe müəyyən edildikdən sonra həmin istiqamətdə qarşılıqlı atəş başlayıb.

Xankişiyev bildirir ki, qarşı tərəfdən snayper atəşi olsa da, bölmə geri çəkilməyib.

“Bizə atəş açılırdı. Məqsəd bizi həmin ərazidən uzaqlaşdırmaq idi. Mövqenin yerini tam müəyyən etdikdən sonra ona qarşı zərbə endirildi və həmin yüksəklikdəki müqavimət aradan qaldırıldı”.

Bu məqamı Xankişiyev antiterror tədbirlərinin onun üçün ən yaddaqalan döyüş epizodlarından biri hesab edir.

“32 ildən sonra həmin torpağa ilk ayaq basanlardan oldum”

Söhbətin ən emosional hissəsi Xankəndi ilə bağlıdır.

Şərafəddin Xankişiyev bildirir ki, polkovnik-leytenant İdris Səidlə birlikdə antiterror tədbirlərindən əvvəl kəşfiyyat tapşırığı zamanı Xankəndi ərazisinə daxil olublar.

O bunu öz hərbi xidmətinin ən qürurlu hadisələrindən biri hesab edir.

“32 ildən sonra həmin torpağa ayaq basmaq mənim üçün böyük qürur idi. Mən və polkovnik-leytenant İdris Səid orada kəşfiyyat tapşırığında idik. Hər dəfə Xankəndinin adı çəkiləndə sevinirəm və fəxr edirəm”.

Onun danışığında Xankəndi adi coğrafi ad kimi səslənmir.

23 illik hərbi xidmətin, illərlə davam edən təlimlərin, düşmən arxasındakı tapşırıqların, itirilən dostların və iki müharibənin xatirəsi sanki həmin şəhərin adında birləşir.

“Bu gün alnım açıqdır. Fəxr edirəm ki, həmin torpaqlara daxil olan hərbçilərdən biri olmuşam”.

"500 nəfərlə başladığımız yolda, sonda 20 nəfər qalırıq"

Uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Xankişiyev deyir ki, bu bölmələrdə xidmət üçün təkcə fiziki güc kifayət etmir.

Onun fikrincə, xüsusi təyinatlı olmaq üçün ilk növbədə iradə, savad, psixoloji hazırlıq və Vətənə bağlılıq lazımdır.

“Xüsusi təyinatlı olmaq üçün iradə lazımdır, fiziki güc lazımdır, savad lazımdır və Vətəni sevmək lazımdır. Vətəni sevməyən insan hərbçi ola bilməz. Xalqını, millətini, bayrağını sevməyən insan bu işi görə bilməz”.

O, xüsusi təyinatlı kurslarının son dərəcə ağır olduğunu da vurğulayır.

“Bəzən 500 nəfər kursa başlayır, amma 20, 27 və ya 30 nəfər sona qədər gedib çıxa bilir”.

O hesab edir ki, Xüsusi Təyinatlı Qüvvələrə qoşulmaq istəyən gənc hərbçilər bunun yalnız prestij və ad olmadığını əvvəlcədən anlamalıdırlar.

Bu xidmət böyük fiziki dözümlülük, psixoloji hazırlıq, uzunmüddətli təlim və ciddi intizam tələb edir.

“Arzu edirəm ki, Azərbaycan Ordusunda xidmət edən və bu yolu seçən gənclər öz üzərlərində işləsinlər, kursları keçsinlər və peşəkar hərbçi olsunlar”.

“Hərbçi döyüşə ölmək üçün yox, qalib gəlmək üçün hazırlaşmalıdır”

Xankişiyevin söhbətinin sonunda səsləndirdiyi fikirlər isə döyüş romantikasından çox, müharibənin ağır reallığını göstərir.

O, şəhidliyin Azərbaycan cəmiyyətində ən yüksək mənəvi zirvələrdən biri kimi qəbul edildiyini desə də, hərbçinin döyüşə şəhid olmaq arzusu ilə deyil, qalib gəlmək və sağ qayıtmaq məqsədi ilə getməli olduğunu düşünür.

“Şəhidlik böyük zirvədir. Amma döyüşə gedən hərbçi özündə şəhid olmağı arzulamamalıdır. O, illərlə məşq edir, təlim keçir. Məqsədi düşmən üzərində qələbə çalmaq və tapşırığı yerinə yetirmək olmalıdır”.

Onun fikrincə, hərbçinin peşəkarlığı məhz buna xidmət edir.

“Təlimdə tər tökən insan döyüşdə daha hazırlıqlı olur. Əgər ordumuz düşmən üzərində qələbə qazanmağa hazırlaşırsa, hər bir Azərbaycan əsgəri öz üzərində işləməlidir”.

Keçmiş xüsusi təyinatlı şəhid ailələrinin yaşadığı ağrını da xüsusi vurğulayır.

“Şəhid olan hərbçinin arxasında ana, ata, həyat yoldaşı, övlad qalır. Onlar da həmin itkini ömür boyu daşıyırlar”.

Bəlkə də 23 illik xidmətin sonunda gəldiyi əsas nəticə budur: döyüşçünün vəzifəsi yalnız irəli getmək deyil, hazırlıqlı olmaq, silahdaşını qorumaq, tapşırığı yerinə yetirmək və mümkün qədər geri qayıtmaqdır.

Şərafəddin Xankişiyevin danışdığı hekayədə çoxlu tarixlər, əməliyyatlar və hərbi epizodlar var.

Amma bütün bunların içində iki məqam xüsusilə seçilir.

Biri 2016-cı ildə itirdiyi uşaqlıq dostu Teymur Pəncəli, digəri isə illər sonra kəşfiyyat tapşırığı ilə daxil olduğu Xankəndidir.

Biri müharibənin ondan aldığını, digəri isə illər sonra hansı nəticənin əldə edildiyini xatırladır.

Ona görə Xankişiyev hər dəfə Xankəndinin adı çəkiləndə eyni hissi keçirdiyini deyir:

“Sevinirəm və fəxr edirəm”.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı