Modern.az

Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası: “Cavidi öz dostu öldürüb” - FOTOLAR

Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası: “Cavidi öz dostu öldürüb” - FOTOLAR

14 Oktyabr 2019, 15:33

Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbə Cavid Hacıyevin qatili hələ də tutulmayıb.


Cavid Hacıyevin anası, Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor  Minə Hacıyeva Modern.az saytına açıqlamasında qatil olduğu iddia edilən Əli Abdullayev adlı azərbaycanlı gənc barədə bəzi məlumatlar verib.


Minə xanımın sözlərinə görə, Cavidlə Əli tələbə vaxtlarından dost olublar:


“Cavidlə Əli  İqtisad Universitetinə daxil olanda tanış olublar. Eyni qrupda oxuyublar. Ancaq Əli müntəzəm olaraq dərsə gəlmədiyinə görə onu univetsitetdən xaric ediblər. Təəssüf ki, o, universitetdən qovulsa  da Cavidlə onun arasında dostluq əlaqəsi qaldı. Cavid isə çox nümunəvi tələbə idi. Universitetin 2-ci kursundan başlayaraq SABAH qruplarında  ingilis dilində təhsil alıb. İndi oturub fikirləşirəm ki,  Cavid  bu yaşda nə boyda hörmətə sahib olub! Halbuki, 22 yaşında həm yaradıcılıqla,  həm də elmlə məşğul olmaq hər adama nəsib olmur”. 


Minə xanım deyir ki, Əli dəfələrlə onların evində olub, həmişə fərqliliyi ilə seçilib:


“Əli bir neçə dəfə bizim evdə də olub. Süfrəmizdə oturub. Cavidlə bir yerdə çörək kəsib. Ancaq onun şəkillərinə baxanda hiss olunur ki, sanki içində hər şey daşa dönüb. Bizim ailə şən ailə olub. Bayramlarda musiqi səslənib, şeir deyilib. Ancaq Əli bütün şəkillərdə şən əhval-ruhiyyəli insanların arasında gərgin oturub. Həmişə də şəkil çəkdirəndə əcaib barmaq işarəsi göstərirdi. (Bəzi iddialara görə, Əlinin göstərdiyi barmaq işarəsi satanistlərə məxsusdur-red.) Bütün bunlara baxmayaraq, Əlinin Cavidi öldürməsinin səbəbləri tam olaraq bilinmir. Ola bilsin ki, bu qətldə qısqanclıq  elementləri də olsun”.


Anasının sözlərinə görə, Cavidin qatili mütləq tapılmalıdır:


“O mənim oğlumu xüsusi amansızlıqla qətlə yetirib. Oğlumun qanı yerdə qalmamalıdır. Güman ki,       Cavidin  telefonunda yazışmalar olub. Ancaq Əli onun telefonlarını, sənədlərini oğurlayıb. Cavidin 2  telefonu vardı. Ukrayna polisinin verdiyi məlumata görə, telefonun biri oktyabrın 3-də,  digəri isə  6-da söndürülüb. Ukrayna polisi deyir ki, qatil tutulandan sonra Cavidi nə üçün öldürüldüyünün səbələri bəlli olacaq. Qatil ona görə tutulmayıb ki, onun qaçması üçün hər cür şərait yaradılıb. Ayın 7-si axşamı sərhədi keçib və qaçıb. Ola bilsin ki, imkanlı qohumlarının bu işdə əli olub. Cavidin anası olaraq qatilin tezliklə tapılmasını və tutulmasını istəyirəm”.

Cavidin anası qeyd edib ki, Əli Abdullayev imkanlı ailədəndir - "Altes Qrup" şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.  


23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev ötən həftə Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Məlumata görə, Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılan C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb.

Cavid Hacıyev Bakıdakı İqtisad Universitetində magistr təhsili alırdı. O, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevin nəvəsidir.


Solda qətlə yetirilən Cavid Hacıyev, sağda axtarışda olan Əli Abdullayev.


Solda Cavid Hacıyev və  sağda Əli Abdullayev.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır