Badamdarda beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla işləyən cihazda partlayışın baş verdiyi müəyyən edilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.