Modern.az

Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO

Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO

12 Dekabr 2019, 21:39

Ankaranın Mamak ilçəsindəki Ali Kuşçu adına məktəbdə Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin anım mərasimi təşkil olunub.

Modern.az saytının məlumatına görə, tədbir 3d sinif şagirdlərinin iştirakı ilə keçirilib.

Ankarada yaşayan azərbaycanlı jurnalist İlhamə Qasımlı 3d sinfinin rəhbəri Yasemin Erdoğanın dəvətilə tədbirdə şagirdlərə Heydər Əliyev haqqında ətraflı məlumat verib.

İ.Qasımlı vaxtilə Heydər Əliyevi yerli və xarici səfərlərdə müşayiət etmiş jurnalist kimi xatirələrini bölüşüb.

O, Heydər Əliyevin Azərbaycanın inkişafı üçün əvəzolunmaz fəaliyyətindən danışıb. 3d sinfində oxuyan şagirdlərin də əzbər bildiyi “Bir millət, iki dövlət” şüarının müəllifinin məhz Heydər Əliyev olduğunu vurğulayan azərbaycanlı jurnalist xatırladıb ki, bununla da dünya şöhrətli siyasətçi iki qardas ölkənin münasibətlərinə nə qədər böyük önəm verirmiş.

“Heydər Əliyev Azərbaycan nefti və qazını Avropaya daşıyan boru xətlərinin məhz Türkiyə ərazisindən keçməsinə təkid edərək, bununla qardaş ölkənin də gələcəyini düşünüb”,- İ.Qasımlı vurğulayıb.

Daha sonra 3d sinfinin şagirdləri Azərbaycan himnini fərqli formatda səsləndiriblər. Belə ki, onlar himnimizi isarət dilini nümayiş etdirməklə ifa ediblər.

Qeyd edək ki, azərbaycanlı jurnalist İlhamə Qasımlının oğlu Azad da Ali Kuşçu adına məktəbin 3d sinfində təhsil alır.

Xatırladaq ki, 2018-ci ilin dekabrından başlayaraq Ankaranın Mamak ilçəsindəki Ali Kuşçu adına məktəbdəki Yasemin Erdoğanın sinif rəhbəri olduğu 3d sinif şagirdləri ilə Bakı şəhəri Nərimanov rayonu 47 saylı tam orta məktəbdə Aişə Rüstəmzadənin sinif rəhbəri olduğu 3c sinfinin şagirdləri arasında “məktub dostluğu layihəsi” gerçəkləşdirilir.
Bu layihə çərçivəsində iki ölkənin adları çəkilən məktəblərinin  şagirdləri məktublaşırlar. Uşaqların, onların valideynlərinin və müəllimlərinin razılığı ilə atılan bu addım məktəblilərin qarşılıqlı olaraq qardaş ölkə haqqında məlumatlarını artırır. Bu, həmçinin Azərbaycanda və Türkiyədə qardaş ölkəni yaxından tanıyaraq böyüyən bir nəslin yetişməsinə töhfə verir.

Modern.az saytı Ali Kuşçu adına məktəbin 3d sinif şagirdlərinin Azərbaycanın dövlət himnini isarət dili ilə səsləndirmələrinin videosunu təqdim edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi