Avropa Parlamentinin oktyabrın 8-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə və buna cavab olaraq Milli Məclisin sərt bəyanatla çıxış etməsi qurumun ölkəmizə münasibəti ətrafında müzakirələri yenidən gündəmə gətirib. Milli Məclis bəyanatında qətnaməni qərəzli və Azərbaycana qarşı ikili standartların növbəti təzahürü kimi qiymətləndirib. Deputatlar hesab edirlər ki, Avropa Parlamentinin bu yanaşması regionda yaranmış yeni geosiyasi reallıqları nəzərə almır, insan hüquqları məsələsi isə bəzi siyasi dairələr tərəfindən təzyiq vasitəsi kimi istifadə olunur. Azərbaycan tərəfi bundan əvvəl də çoxsaylı bəyanatlar verib. Lakin Avropa Parlamenti, görünür, bu bəyanatlardan dərs çıxarmır. Belə olan halda əlavə addımların atılmasına ehtiyac yaranır.
Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Avropa Parlamenti məqsədyönlü və sistemli şəkildə Azərbaycana qarşı sənədlər, qətnamələr və bəyanatlar qəbul edir.
Elman Nəsirov qeyd edib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji məsələlərə toxunarkən bu istiqamətdə fəaliyyətin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb:
“Bu baxımdan hesab edirəm ki, Avropa Parlamentinin və digər anti-Azərbaycan dairələrinin ölkəmizə qarşı atdığı addımları tənqid etmək, pisləmək və etirazımızı bildirmək, təbii ki, lazımdır və olmalıdır. Amma eyni zamanda, biz yeni yanaşmalar ortaya qoymalıyıq. Atılan addımlar nəticəyönümlü olmalıdır”.
Deputatın fikrincə, Azərbaycan ölkəyə qarşı mövqe sərgiləyən dövlətlərin parlamentariləri ilə daha səmərəli iş qurmalı, həmin ölkələrdə lobbiçilik fəaliyyətini gücləndirməlidir. O, bu istiqamətdə Avropada xüsusi monitorinq mərkəzinin yaradılmasını da zəruri hesab edir.

“Azərbaycanın özünün Avropada monitorinq mərkəzinin yaradılmasına da ehtiyac var. Həmin mərkəzdə güclü ekspertləri, o cümlədən xarici ölkələrdən olan müstəqil mütəxəssisləri — hüquqşünasları, tarixçiləri, politoloqları, iqtisadçıları, İT və texnologiya mütəxəssislərini, rəqəmsal media üzrə ekspertləri və digərlərini cəmləməliyik. Orada konkret təhlillər və tədqiqatlar aparılmalı, onların nəticələri hazırlanaraq bir neçə Avropa dilində dünyaya yayılmalıdır”, – deyə o bildirib.
E.Nəsirov hesab edir ki, Azərbaycan Avropa Parlamentinin və digər dairələrin mövqeyinə qarşı yalnız etiraz bildirməklə kifayətlənməməli, beynəlxalq ictimaiyyətə təsir imkanlarını da genişləndirməlidir.
Onun sözlərinə görə, bunun üçün yeni taktiki yanaşmalara çevik uyğunlaşmaq və nəticəyə hesablanmış fəaliyyət həyata keçirmək vacibdir.
“Biz müdafiə deyil, fəal hücum siyasəti həyata keçirməliyik. Müəyyən mənada taktiki gedişlər də dəyişməlidir. Əsas odur ki, nəticə ortada olsun. Hesab edirəm ki, taktiki dəyişikliklərə çox həssas yanaşmalı, çevik olmalı və hücum taktikasına söykənən ideoloji xətt və diplomatiya həyata keçirməliyik”, – deyə deputat vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin digər üzvü Elçin Mirzəbəyli bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qurumdakı müəyyən maraq qruplarının subyektiv və siyasi təzyiq xarakterli mövqeyini əks etdirir.
Deputatın sözlərinə görə, Avropa Parlamentinin ölkəmizə münasibətindəki qərəzli yanaşma xüsusilə İkinci Qarabağ müharibəsindən sonra daha sistemli xarakter alıb. O hesab edir ki, regionda yaranmış yeni geosiyasi reallıqların bəzi siyasi dairələr tərəfindən qəbul edilməməsi Azərbaycana qarşı münasibətdə özünü göstərir.
E.Mirzəbəyli qeyd edib ki, insan hüquqlarının müdafiəsi universal dəyər olsa da, bu prinsipdən ayrı-ayrı dövlətlərə siyasi təzyiq göstərmək və onların müstəqil xarici siyasətinə təsir etmək məqsədilə istifadə olunması qəbuledilməzdir:
“Universal dəyərlərdən konkret ölkələrə təzyiq göstərmək, onların daxili siyasi proseslərinə təsir etmək və ya müəyyən maraq dairələrinin arzuolunmaz hesab etdiyi xarici siyasət kursunu dəyişdirməyə çalışmaq üçün vasitə kimi istifadə olunması artıq başqa məsələdir. İnsan hüquqları siyasətinin həqiqi mahiyyəti ilə siyasi təzyiq mexanizmi arasındakı fərq də məhz burada üzə çıxır”.

Deputat vurğulayıb ki, Azərbaycan uzun illər ərazilərinin işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi və yaşayış məntəqələrinin dağıdılması ilə üzləşib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2023-cü ildə isə ölkənin suverenliyinin bütün ərazisində bərpası Cənubi Qafqazda yeni reallıqlar yaradıb.
Onun fikrincə, Avropa Parlamentinin Azərbaycana dair bir sıra qətnamələrində bu dəyişikliklərə obyektiv yanaşılmaması diqqət çəkir. E.Mirzəbəyli hesab edir ki, Azərbaycanın suverenliyini bərpa etməsindən sonrakı vəziyyətin düzgün qiymətləndirilməsi beynəlxalq hüququn prinsiplərinə hörmət baxımından xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan artıq regionda baş verən proseslərin passiv müşahidəçisi deyil. Ölkəmiz öz təhlükəsizliyini, xarici siyasət prioritetlərini və iqtisadi inkişaf istiqamətlərini müstəqil müəyyənləşdirən, beynəlxalq tərəfdaşları ilə bərabərhüquqlu münasibətlər quran dövlətdir. Belə şəraitdə insan hüquqları mövzusunun əsassız iddia və mülahizələrlə davamlı siyasi təzyiq alətinə çevrilməsi Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək cəhdləri ilə bağlı suallar yaradır”, – deyə o bildirib.
E.Mirzəbəylinin sözlərinə görə, Avropa Parlamentinin Azərbaycanla bağlı qərarlarına təsir göstərən siyasi qrupların mövqeyini də nəzərə almaq lazımdır. O bildirib ki, qurumda müxtəlif siyasi qüvvələr, ideoloji cərəyanlar və milli maraqlar təmsil olunduğundan qəbul edilən qərarları bütün Avropa cəmiyyətinin və ya Avropa İttifaqına üzv dövlətlərin vahid mövqeyinin ifadəsi kimi təqdim etmək düzgün deyil.
Deputat Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin, Türk Dövlətləri Təşkilatında fəal iştirakının, müsəlman dünyası ilə əməkdaşlığının və müstəqil xarici siyasətinin bəzi siyasi dairələrin yanaşmaları ilə ziddiyyət təşkil etdiyini düşünür. O, bu kontekstdə azərbaycanofob, türkofob və islamofob meyillərin qərarların məzmununa mümkün təsirinə diqqət çəkib.
Eyni zamanda, E.Mirzəbəyli Avropa Parlamentində lobbiçilik fəaliyyətinin şəffaflığı və maraq qruplarının siyasi qərarlara təsiri məsələsinin araşdırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, hər hansı ölkə haqqında siyasi sənəd hazırlanarkən istifadə olunan mənbələr, irəli sürülən iddiaların əsasları və mümkün maraqlar toqquşması aydın olmalıdır.
“Qətnamələrin müəllifləri hansı mənbələrə əsaslanırlar? İrəli sürülən iddiaların doğruluğu müstəqil şəkildə yoxlanılırmı? Alternativ mövqelər dinlənilirmi? Bu sualların cavablandırılması vacibdir. Çünki siyasi sənədin legitimliyi onun hazırlanma prosesinin şəffaflığından, faktoloji əsaslarından, müəlliflərinin mümkün maraqlar toqquşmasından və irəli sürülən nəticələrin sübutlarla uzlaşmasından da asılıdır”, – deyə deputat qeyd edib.
O, Avropa Parlamentində 2022-ci ildə üzə çıxan və “Qatargate” adı ilə tanınan korrupsiya araşdırmasını da xatırladıb. E.Mirzəbəyli hesab edir ki, bu cür hadisələr beynəlxalq qurumlarda şəffaflıq, hesabatlılıq və siyasi qərarlara mümkün kənar təsirlər məsələsinin əhəmiyyətini artırır. Onun fikrincə, başqa dövlətlərdən hesabatlılıq tələb edən qurumlar öz fəaliyyətlərində də eyni prinsiplərə əməl etməlidirlər.
Deputat insan hüquqları məsələsində ikili standartların mövcudluğuna da diqqət çəkib. O bildirib ki, Avropa ölkələrində dinc etirazların məhdudlaşdırılması, polis tərəfindən güc tətbiqi, jurnalistlərin fəaliyyətinə maneələr və sərbəst toplaşmaq hüququ ilə bağlı problemlər beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb.
E.Mirzəbəylinin fikrincə, insan hüquqları universal prinsipdirsə, onların müdafiəsi bütün dövlətlərə münasibətdə eyni meyarlarla həyata keçirilməlidir. O, Azərbaycanın işğal dövründə üzləşdiyi humanitar problemlərin, məcburi köçkünlərin hüquqlarının və doğma yurdlara qayıdış məsələsinin də beynəlxalq müzakirələrdə eyni həssaslıqla nəzərə alınmasının vacibliyini vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və dayanıqlı sülhün əldə olunması Cənubi Qafqazın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, beynəlxalq tərəfdaşların əsas vəzifəsi qarşılıqlı etimadı gücləndirmək, birbaşa dialoqu dəstəkləmək və tərəflərin suverenliyinə hörmət etmək olmalıdır.
E.Mirzəbəyli hesab edir ki, Azərbaycanla əməkdaşlığın genişləndirilməsini istəyən Avropa Parlamentinin addımları da bu məqsədə uyğun olmalıdır. O, qarşıdurmanı dərinləşdirən və tərəflər arasında etimadı zəiflədən qərarların konstruktiv dialoqa xidmət etmədiyini bildirib.
“Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açıq olan dövlətdir. Lakin əməkdaşlıq qarşılıqlı hörmət, suveren bərabərlik, daxili işlərə qarışmamaq və tərəflərin legitim maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanmalıdır. Heç bir regional, yaxud beynəlxalq institut öz siyasi baxışlarını suveren dövlətin qərarlarından üstün tutmaq hüququna malik deyil”, – deyə o vurğulayıb.
Deputatın fikrincə, Avropa Parlamentinin Azərbaycanla münasibətlərində etimadın bərpası üçün qərarların şəffaflığı, obyektivliyi və siyasi təsirlərdən müstəqilliyi təmin edilməlidir. O hesab edir ki, insan hüquqları ilə bağlı müzakirələr faktlara, hüquqi meyarlara və qarşılıqlı hörmətə əsaslanmalı, Azərbaycanın suveren hüquqlarına və müstəqil xarici siyasətinə hörmətlə yanaşılmalıdır.