Modern.az

Azərbaycan və Türkiyə şəhid ailələrinin "Qardaşlıq görüşü" keçirildi - FOTO  

Azərbaycan və Türkiyə şəhid ailələrinin "Qardaşlıq görüşü" keçirildi - FOTO  

Aktual

Bu gün, 13:08

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin birgə təşkilatçılığı, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin tərəfdaşlığı ilə 5-10 oktyabr tarixlərində Ankara və Konya şəhərlərində reallaşan "Qardaşlıq görüşü" uğurla yekunlaşıb.

5 gün davam edən genişmiqyaslı proqram çərçivəsində 25 nəfərlik azərbaycanlı şəhid ailələrindən ibarət nümayəndə heyəti dövlət rəsmiləri və şəhid ailələrini birləşdirən ictimai təşkilatlarla görüşlərdə iştirak edib, tarixi-mənəvi dəyər daşıyan məkanları ziyarət ediblər.

Ankarada keçirilən proqram çərçivəsində nümayəndə heyəti ilk olaraq Anıtqəbiri ziyarət edərək Mustafa Kemal Atatürkün xatirəsini yad edib. Ankara səfəri müddətində şəhid ailələri Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin Baş direktoru Muharrem Kurt, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov tərəfindən rəsmi qəbul ediliblər. Keçirilən görüşlərdə mənəvi birliyin qorunması və gələcək birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Ankara proqramı çərçivəsində qonaqlar Ankara Qalası, Hamamönü, Tacəddin Dərgahı, "50-ci il Parkı", Etimesgut Türk Tarix Muzeyi və Parkı, həmçinin Prezident Külliyəsi ərazisində yerləşən Millət Kitabxanası, Millət Məscidi, 15 İyul Demokratiya Muzeyi və Abidəsini, Qurtuluş Savaşı Muzeyini və Hacı Bayram Vəli Məscidini ziyarət ediblər. 

Ankarada layihə çərçivəsində keçirilən təntənəli "Qardaşlıq görüşü" tədbirində çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova layihənin şəhid ailələri arasında mənəvi bağların və həmrəyliyin möhkəmlənməsindəki mühüm rolunu vurğulayıb, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. 

Layihə çərçivəsində nümayəndə heyəti Konya şəhərində də olublar. Səfər zamanı nümayəndə heyəti Mövlana Muzeyi və Türbəsini, Konya Şəhidlik Muzeyini, İstiqlal Hərb Şəhidləri Abidəsini, Sille kəndini, Tropik Kəpənəklər Bağçasını, Aya Elenia və Panorama Konya muzeylərini gəziblər.

Səfər çərçivəsində Konya Valiliyində rəsmi görüş keçirilib. Akyokuş Qəsrində bələdiyyə başçısı Uğur İbrahim Atayın ev sahibliyi ilə hər iki ölkənin şəhid ailələrinin iştirakı ilə şam yeməyi təşkil olunub.
Dərin mənəvi təəssüratlarla zəngin olan beşgünlük layihə "Bir millət, iki dövlət" prinsipi üzərində qurulan qardaşlığın və şəhidlərimizin əmanətlərinə göstərilən ali diqqətin növbəti nümunəsi kimi yaddaşlara həkk olunub.
Layihənin əsas məqsədi şəhid ailələri arasında həmrəyliyi gücləndirmək, ortaq mənəvi dəyərlər ətrafında sıx birlik yaratmaq və dövlətin bu təbəqəyə olan diqqət və qayğısını beynəlxalq səviyyədə nümayiş etdirməkdir. Beşgünlük səfər çərçivəsində təşkil olunan görüşlər və mədəni proqramlar şəhid ailələrinin psixoloji-mənəvi reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə mühüm töhfə verib. Tərəflər arasında qurulan canlı ünsiyyət iki ölkənin şəhid yaxınları arasında daimi əlaqələrin və sosial dəstək şəbəkəsinin formalaşmasına zəmin yaradıb.

Aparılan müzakirələr və reallaşan görüşlər hər iki ölkənin şəhid ailələri üçün qarşılıqlı təcrübə və məlumat mübadiləsi platformasına çevrilib. Səfər müddətində şəhid yaxınları sosial müdafiə, hüquqi maarifləndirmə və vətəndaş cəmiyyəti təşəbbüsləri sahəsində Türkiyə təcrübəsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bununla yanaşı, Ankara və Konyanın tarixi, mədəni və dini məkanlarına təşkil olunan ziyarətlər şəhid yaxınlarının mənəvi dünyasının zənginləşməsinə, ortaq Türk-İslam irsinin dərindən mənimsənilməsinə və milli-mənəvi dəyərlər ətrafında mənsubiyyət hissinin daha da güclənməsinə xidmət edib.

Qeyd edək ki, 3 ildir keçirilən "Qardaşlıq körpüsü" layihəsi şəhidlərimizin əziz xatirəsinə ehtiramın və ortaq kədəri, eləcə də qüruru paylaşan ailələrin həmrəyliyinin bariz nümunəsinə çevrilib. Layihənin ilk mərhələləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşdırılaraq Ankara və İstanbul şəhərlərində yaşayan şəhid ailələrinin Bakı şəhərinə və Qarabağa səfərləri təşkil olunub.  

{gallery}

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı