Modern.az

Azərbaycanda canlı donordan orqan transplantasiyası belə olacaq - QAYDALAR VƏ ŞƏRTLƏR

Azərbaycanda canlı donordan orqan transplantasiyası belə olacaq - QAYDALAR VƏ ŞƏRTLƏR

2 İyun 2020, 09:34

Canlı donordan orqanların götürülməsi qaydası və şərtləri müəyyənləşir. Modern.az xəbər verir ki, transplantasiya məqsədi ilə orqan götürülməsi məsələsi iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə qeyd edilən məsələlərdən biri də digər tibbi üsullarla və meyit orqanları vasitəsi ilə insan həyatının xilas edilməsinə yol verilməsidir.

Belə ki, insan sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan orqanların transplantasiyası mümkün olacaq. Canlı donordan transplantasiya yalnız həkim komissiyasının qərarının protokolunda transplantasiya məqsədilə donor orqanının götürülməsi nəticəsində canlı donorun orqanizminə sağlamlığın geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə, əlilliyə gətirib çıxaran ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması barədə rəyin olduğu halda həyata keçirilir.

Eyni zamanda, canlı donordan orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

- canlı donor resipiyentin qohumu olduğu hallarda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır;

- qohum olmayan canlı donordan orqanın götürülməsi bu qanunla müəyyən edilmiş qaydada həyata keçirilir;

- canlı donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;

- canlı donor orqanların götürülməsinə kənar təsirlər olmadan, könüllü şəkildə qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bildirməlidir.

- Hər hansı şəxsi orqanların götürülməsinə məcbur edənlər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

Layihəyə əsasən, canlı donorun məlumatlandırılmış razılığı orqanın götürülməsi əməliyyatından əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi