Modern.az

YAP-ın gələcək hədəfləri və yeni siyasi prioritetləri - 34 illik inkişaf yolu

YAP-ın gələcək hədəfləri və yeni siyasi prioritetləri - 34 illik inkişaf yolu

Aktual

Bu gün, 13:09

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqil Azərbaycan dövlətçiliyinin tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, xalqımızın taleyində dönüş nöqtəsinə çevrilən tarixi qərarlardan biri idi. 

Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən yalnız siyasi təşkilat kimi deyil, milli birliyin, sabitliyin və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi ideyasını özündə birləşdirən ümumxalq hərəkatı kimi çıxış edib. Qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilən partiya Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycanın inkişaf strategiyasının formalaşmasında mühüm rol oynayıb. Bu baxımdan YAP-ın yaranması sadəcə siyasi təşkilatlanma deyil, ölkənin gələcək taleyinə məsuliyyətlə yanaşan insanların tarixi seçim və iradəsinin nəticəsi hesab oluna bilər.

Partiyanın siyasi irsinin ən mühüm xüsusiyyətlərindən biri varislik və davamlılıq prinsipidir. 2005-ci ildə İlham Əliyevin YAP-ın sədri seçilməsi Heydər Əliyev siyasi kursunun yeni dövrün çağırışlarına uyğun davam etdirilməsində mühüm mərhələ oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz inkişaf yolu keçdi, iqtisadi potensialını gücləndirdi, beynəlxalq nüfuzunu artırdı və ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Bu tarixi nailiyyətlər Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xəttinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”. Bu prinsip YAP-ın ideoloji və təşkilati fəaliyyətinin əsas istiqamətini müəyyənləşdirir. Partiyanın 2021-ci ildə qəbul edilmiş yeni Proqramı müasir dövrün tələblərini, ölkəmizin inkişaf prioritetlərini və postmünaqişə reallıqlarını nəzərə alaraq dövlətçilik, müstəqillik, azərbaycançılıq, sosial ədalət, qanunun aliliyi və milli həmrəylik kimi fundamental dəyərləri ön plana çəkir. Böyük Qayıdış, ordu quruculuğu, güclü iqtisadiyyat, insan kapitalının inkişafı və milli maraqların qorunması partiyanın strateji hədəflərinin mühüm tərkib hissəsidir.
Bu gün 769 mindən çox üzvü ilə Azərbaycanın və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası geniş ictimai dayaqlara, güclü təşkilati struktura və zəngin siyasi təcrübəyə malikdir. Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini kimi fəaliyyəti də partiyanın müasir idarəçilik, ictimai iştirakçılıq və qadınların siyasi fəallığının artırılması istiqamətində prioritetlərini ifadə edir. YAP-ın əsas gücü isə müxtəlif sosial təbəqələri, nəsilləri və peşə sahiblərini ümummilli maraqlar ətrafında birləşdirmək bacarığındadır.

1563311

2024-cü il prezident və parlament seçkilərinin, 2025-ci il bələdiyyə seçkilərinin nəticələri partiyanın siyasi nüfuzunun və ictimai dəstəyinin mühüm göstəriciləridir. Eyni zamanda, YAP-ın təşviq etdiyi siyasi dialoq və konstruktiv əməkdaşlıq mühiti ölkəmizdə yeni siyasi münasibətlər sisteminin formalaşmasına töhfə verir. Çünki dövlətin və xalqın taleyinə aid məsələlərdə milli maraqlar siyasi fərqlərdən üstün tutulmalıdır.

2026-cı il oktyabrın 2-də keçirilmiş VIII qurultay isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni geosiyasi şəraitdə partiyanın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı YAP-ın gələcək fəaliyyətinin prioritetlərini və Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun siyasi hədəflərini bir daha ortaya qoydu.

Yeni Azərbaycan Partiyasının 34 illik tarixi dövlətçilik naminə məsuliyyətli siyasi qərarın, xalq-lider birliyinin və ardıcıl inkişaf strategiyasının tarixidir. Dünənin mürəkkəb sınaqlarından doğan YAP bu gün müstəqil Azərbaycanın siyasi həyatında aparıcı mövqeyə malikdir, sabah isə milli maraqların qorunması, güclü dövlət quruculuğu və davamlı inkişaf naminə fəaliyyətini davam etdirəcək. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin “dünənin, bu günün və gələcəyin partiyası” haqqında söylədiyi fikir zaman keçdikcə öz tarixi təsdiqini tapır. Çünki YAP-ın siyasi missiyası təkcə keçmişin nailiyyətlərini qorumaq deyil, həm də Azərbaycanın gələcəyini daha qüdrətli, firavan və təhlükəsiz etməkdir.

Azər Kərimli 
Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! ABŞ əlavə qoşun yığır - İrana dəhşətli hücum...