Modern.az

Plastik qablaşdırmaya qarşı yeni kampaniya

Plastik qablaşdırmaya qarşı yeni kampaniya

2 Avqust 2020, 10:39

Rəqəmsal İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə artıq iyul ayndan başlayaraq “Ekologiya bizdən başlayır” layihəsini həyata keçirir.


Birliyin sədri Könül Ağayevanın Modern.az-a verdiyi məlumata görə, yaşadığımız planetin ekoloji tarazlığının qorunması bu günün ən aktual məsələləri sırasındadır. Zərərli tullantılar, belə demək mümkündürsə, hətta qarşısıalınmaz fəsadlara səbəb olacaq qədər təbiətə ziyan verməkdədir...

Tullantıların düzgün idarə edilməməsi, zərərli atılmaların tədricən azaldılaraq dayandırılması yer kürəsinin ən vacib məsələsi olaraq ümumbəşəri problemə çevrilib. İqtisadiyyatın inkişaf tempinin nəticəsi olaraq bu gün təbiətə zərər verən tullantıların ən böyük hissəsi plastik kütlələrin payına düşür.

Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Burada məsuliyyət təkcə dövlət üzərinə düşmür. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Azyaşlılara, gənclərə və digər vətəndaşlara əllərindəki plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır.

Layihədə nəzərdə tutulan fəaliyyət ondan ibarətdir ki, plastik tullantıların və polietilen torbaların istehsalının məhdudlaşdırılması və istifadəsinin minimuma azaldılması məqsədilə video rolikin hazırlanması işi həyata keçiriləcək.

Növbəti fəaliyyətimiz posterlərin hazırlanması işi olacaq. Plastik tullantıların, polietilen qablaşma və torbaların ətraf mühitə mənfi təsirlərindən bəsh ediləcək. Eyni zamanda bu tullantıların idarə olunma qaydaları haqqında posterdə şəkillərlə məlumatlanma olacaq.

Digər fəaliyyətimiz plastik tullantılar üçün təşkil olunan iri həcmli konteynerlər üçün məlumat lövhəsinin hazırlanması olacaq. Məlumat lövhəsində qeyd olunan məlumatlar zərərli tullantılar, ətraf mühitin mühafizəsi, ekoloji fəlakətlər və tullantıların idarə olunması haqqında məlumat bazası olacaq.

Qeyd edək ki, bu kampaniya Sumqayıt şəhəri və Novxanı çimərlik zonalarını əhatə edəcək. Kampaniyanın məqsədi plastik tullantıların minimuma enməsi və təbiətə vurulan zərərlərinin qarşısını almağa dəstək olmaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir