Modern.az

İsa Qəmbərin “Əsgərə məktub”u

İsa Qəmbərin “Əsgərə məktub”u

Mədəni̇yyət

6 Noyabr 2020, 11:13

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.

Modern.az saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər “Əsgərə məktub”  yazdı.


“1988- ci ildən - Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzə başladığı gündən biz də Azərbaycan Ordusunun qurulması uğrunda mübarizəyə başlamışdıq. Mübarizəni xalq hərəkatından parlamentə gətirmişdik. 1990-91-ci illərin parlament çıxışlarına diqqət etsəniz, Xalq Cəbhəsi deputatlarının Ordunun yaradılma zərurəti ilə bağlı saysız-hesabsız çıxışlarını, təkliflərini görərsiniz. Biz çox xoşbəxtdik ki, o zaman qərar qəbul edildi və Azərbaycan Ordusu yaranmağa başladı.

Azərbaycan Ordusu qəhrəman əsgərin Ordusudur.

Sentyabrın 27-dən başlayan 2-ci Qarabağ savaşında əsgərlərimiz böyük şücaət, fədakarlıq gəstərir. Biz demişik və yenə də qeyd edirik ki, Ordumuzun, əsgərimizin hər zaman yanındayıq.

Əsgərimizə xüsusi bir söz deməyə ehtiyac yoxdur. Çünki onlar böyük şücaətlə Vətən, torpaq uğrunda həyatını qurban verməyə hazır olduğunu bildirərək, mübarizə aparırlar.

Hazırda gedən müharibədə qısa müddət ərzində əsgərlərimiz işğal olunmuş torpaqlarımızın önəmli bir hissəsini işğaldan azad edib. Əsgərimizə inanırıq. Əminik ki, bütün torpaqlar azad olunana qədər zəfər yürüşünü davam etdirəcək.

Azərbaycanın müqəddəs üçrəngli bayrağı torpaqlarımızda, xüsusən də Şuşada dalğalanacaq. Əsgərimizə tam etimadımızı bir daha bəyan edib, onlara sağ-salamat, qələbə ilə evlərinə qayıtmağı arzulayırıq”.

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir