Modern.az

2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ

2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ

26 Yanvar 2021, 17:30

Yanvarın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda diqqətə çatdırılıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

 

Sadiq Qurbanov məlumat verib ki, 2020-ci ilin payız sessiyası dövründə komitənin 3 iclası keçirilib, 5 məsələyə baxılıb. Belə ki, komitədə “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihələri müzakirə olunub. Komitə üzvləri, həmçinin Milli Məclisin plenar iclaslarında baxılan məsələlərin, o cümlədən 2021-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirələrində fəal iştirak edib, bir sıra təkliflər veriblər.

 

Bildirilib ki, ötən sessiya ərzində komitənin sədri və üzvləri təbii ehtiyatlar, energetika, ətraf mühit məsələlərinə həsr olunmuş onlayn formatda keçirilən konfranslarda, seminarlarda iştirak edib, müzakirə olunan mövzularla bağlı öz münasibətlərini bildiriblər. Deputatlar təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları çərçivəsində keçirilən onlayn tədbirlərdə iştirak edib, Azərbaycanda səfərdə olan bır sıra ölkələrin parlament dostluq qruplarının nümayəndələri ilə görüşlər keçiriblər.

 

Qeyd olunub ki, hesabat dövründə komitəyə vətəndaşlardan və bir sıra təşkilatlardan müxtəlif məzmunlu 30 məktub, ərizə və sənəd daxil olub. Məktublarda göstərilən problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub. Komitə üzvləri tərəfindən seçicilər, şəhid ailələri və qazilərlə də bir sıra görüşlər keçirilib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

 

Məlumat verilib ki, komitənin 2021-ci ilin yaz sessiyasının iş planına ölkə Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələri, həmçinin bır sıra qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı sənədlər daxil edilib.

 

Yaz sessiyası ərzində komitədə müvafiq dövlət qurumlarından, QHT-lərdən və vətəndaşlardan daxil olan təkliflərin təhlili, komitə üzvlərinin təbii ehtiyatlar, energetika və ətraf mühit mövzusunda keçiriləcək toplantılarda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçiriləcək quruculuq işləri ilə bağlı maarifləndirici tədbirlərdə iştirakı nəzərdə tutulub.

 

Komitə üzvləri Nəsib Məhəməliyev, Asim Mollazadə, Fatma Yıldırım, İltizam Yusifov, Məşhur Məmmədov, Mixail Zabelin, Naqif Həmzəyev, Əliabbas Salahzadə, Anar Məmmədov çıxış edərək hesabat və iş planı barədə öz fikirlərini açıqlayıblar, bir sıra təkliflər səsləndiriblər.

 

Deputatlar komitənin ötən sessiyada səmərəli fəaliyyət göstərdiyini bildiriblər, ölkədə su ehtiyatlarının idarə olunması, qaz təchizatı, meşələrin qorunması, yeni yaşıllıq sahələrinin yaradılması, alternativ enerji mənbələrindən istifadə edilməsi və digər məsələlərə toxunublar. 2020-ci ilin Zəfər ili kimi yaddaşlarda qaldığını deyən deputatlar, 2021-ci ildə Qarabağda yenidənqurma və bərpa işlərinin, o cümlədən təbiətə dəyən zərərin aradan qaldırılması sahəsində həyata keçiriləcək tədbirlərin əhəmiyyəti barədə söhbət açıblar.

 

Onlayn iclasda 2020-ci ilin payız sessiyanda komitədə görülən işlər barədə hesabat məqbul sayılıb, 2021-ci ilin yaz sessiyasının iş planı təsdiq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir