Modern.az

“Azərbaycan” Nəşriyyatı “reket yuvası"na çevirilmişdi? – Fikirlər HAÇALANDI

“Azərbaycan” Nəşriyyatı “reket yuvası

Media

2 Oktyabr 2021, 13:25

“Azərbaycan” Nəşriyyatının durumu uzun müddətdir müzakirə mövzusudur. Yüzlərlə media təmsilçisinin çalışdığı binanın təmirə ehtiyacı olduğu vurğulanır. Bu fonda ölkə başçısının qərarı ilə “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovu vəzifəsindən azad etməsi fonunda nəşriyyatın durumu ilə bağlı müzakirələr intensivləşib.

Jurnalistlər Azərbaycan Nəşriyyatının problemlərinin həlli yollarını Modern.az-la bölüşüb.

 

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə bildirib ki, Ağabəy Əsgərov nəşriyyatı “reket yuvası”na çevirmişdi:

 

““Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərovun vəzifədən uzaqlaşdırılması əksər jurnalistlər kimi mənim də ürəyimcə oldu. Çünki o, Nəşriyyatı "reket yuvası"na çevirmişdi. Beş-üç ciddi media qurumu istisna olmaqla mətbuatın üz qarası olan qəzetlərin, saytların hamısı orda cəmləşib. Adını heç vaxt eşitmədiyim saytlar və onların dəllal baş redaktorları sözdən “pul qırxmaqla” məşğul idilər.

O cür yaramaz adamların üzündənadam jurnalist olduğunu dilinə gətirməyə utanır.“Azərbaycan” Nəşriyyatı “ilan yuvası”dır. Məncə, “ilan yuvası”nı dağıtmağın vaxtı çatıb”.

 

Jurnalist qeyd edib ki, nəşriyyat birinci mərtəbədən sonuncu mərtəbəyə qədər əsaslı təmir olunmalıdır.

 

“Hesab edirəm ki, Nəşriyyat əsaslı təmir olunmalıdır. Birinci mərtəbədən tutmuş sonuncu mərtəbəyə kimi dezinfeksiya olunmalıdır. Nəşriyyatın divarlarından rüşvət qoxusu gəlir. Bu qoxu tualetlərdən gələn iyrənc qoxu ilə qarışıb adamın ürəyini bulandırır. Nəşriyyat təmir olunandan sonra otaqlar çox ucuz qiymətə ciddi, aparıcı redaksiyalara kirayə verilməlidir. Əsas məsələ “reket”lərin ayağını Nəşriyyatdan kəsməkdir. Ağabəy Əsgərovun sələfindən ən böyük gözləntim budur”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı diqqətə çatdırıb ki, nəşriyyat tarixən mətbuatın mərkəzi olub, indi də mərkəz funksiyasını yerinə yetirir:

“Nəşriyyat həmişə bütün mətbuat, media orqanlarının mərkəzi hesab olunub. Orada tanınmış qəzetlər böyük tirajlarla çap olunubdur. Eyni zamanda, ora tarixi binadır. Tarixən ora mətbuatın mərkəzi olub və bu gün də mərkəz funksiyasını yerinə yetirir. Təbii ki, “Azərbaycan” nəşriyyatı 1970-ci illərdə Heydər Əliyev tərəfindən əsası qoyulub, tikilib və layihələşdirilibdir. Binanın sadəcə təmirə ehtiyacı var və təmir olunmalıdır. Ağabəy Əsgərov hər zaman insanlarla dil tapmağa çalışan, mülayim bir direktor idi. Mən Ağabəy Əsgərova gələcək fəaliyyətində uğurlar arzu edirəm. Düşünürəm ki, “Azərbaycan” nəşriyyat ilə bizim uzun müddətli əməkdaşlığımız olub, bu əməkdaşlıq davam edəcək”.

 

Xatırladaq ki, sentyabrın 30-u Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib. 

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər