Arxiv
14 Aprel 2014, 11:23 | MÜSAHİBƏ
Professor Qəzənfər Paşayev: “Səddam Hüseyndən xahiş etdik ki, Kərkükə getməyə razılıq versin” - MÜSAHİBƏ

“Əmi kimi müəyyən məsələlərə görə, Qənirəyə iradımı bildirirəm”

“6 il Dəclə və Fərat sahillərində” kitabı çoxlarımıza tanışdır. Əminəm ki, o kitabla ilk tanışlığı mənim kimi çoxları unuda bilməyib. Düzdür, o kitabla ilk tanışlığım orta məktəb illərinə təsadüf etsə də, kitabın dilinin axıcı olması müəllifə böyük oxucu auditoriyası qazandırdı. Təəssüf ki, Yaxin Şərqin sirrlərlə dolu olan tarixinə nəzər salanda “6 il Dəclə və Fərat sahillərində” kitabı ilə qiyabi tanışlığımızdan bu gün əsər-əlamət qalmayıb. Mövzunu çox uzatmaq istəmirəm. Beləliklə, Modern.az saytında “Pəncərə” layihəsinin bu dəfəki qonağı filologiya elmləri doktoru, professor, yazıçı və tərcüməçi Qəzənfər Paşayevdir.

- Qəzənfər müəllim, “6 il Dəclə və Fərat sahillərində” kitabı sizə böyük uğur qazandırdı. Bu kitab həm də çox sevildi. 6 il ərzində Yaxın Şərq ölkələrini dərindən tanımaq necə mümkün oldu?

- Orta məktəbdə oxuyanda məndə belə bir xüsusiyyət var idi. Hansı bədii əsəri oxuyurdumsa, onu dərhal konspekt halına salırdım. Tarixi də bu formada yaddaşıma həkk edirdim. Sonralar oxuduqlarımı qeyd etmək xüsusiyyəti mənim iş həyatımda da köməyim oldu. Hətta İraqda qaldığım müddətdə şahidi olduğum hadisələri, getdiyim yerləri, keçdiyim yolları qeyd edirdim. Vaxt keçəndən sonra yaxşını da, pisi də dərk elədim. Çünki tələsik kitab yazanda alınmır. Xaricdə üç gün, yeddi gün qalandan sonra kitab yazırlar. Bir ay qalandan sonra məqalə yazırlar. Çox qalanda isə artıq yazmaq olmur. Çünki illərlə qaldığın ölkədə xalqın adət-ənənəsi sənə adi gəlir. Ona görə də sonra nəsə yazanda maraqlı olmur. Bütün bunları nəzərə alaraq, İraqda olduğum müddətdə gördüyüm hər şeyi qeyd edirdim. Onu da deyim ki, İraqdakı qeydiyyatı çox ciddi apararaq tarixini, mədəniyyətini öyrənmişəm. Düşünürəm ki, məhz buna görə “Dəclə və Fərat çayı sahillərində” kitabı alındı. Sizə əminliklə deyə bilərəm ki, o kitabı vicdanla yazmışam.

- Maraqlıdır, niyə 6 illik həyatınızı İraqda yaşamaq qərarına gəldiniz?

- Universitetin dördüncü kursunda oxuyanda tərcüməçi işləmək üçün əla oxuyanları və dil bilənləri seçirdilər. Xaricə getmək üçün mənim adımı birincilər sırasına yazdılar. Bundan başqa, rus dilini də mükəmməl bilirdim. Ona görə də 1962-66 və 1972-75-ci illərdə İraqda fəaliyyət göstərdim.


- Ucqar Tovuz rayonunda rus dilini necə mükəmməl öyrənə bildiniz?

- Çünki mənim analığım rus olub. Anam rəhmətə gedəndən sonra atam bir qadın ilə evlənmişdi. Daha doğrusu, həmin rus qadını atamı əsgərlikdə xilas etmişdi. Deməli, evi bombalamışdılar, atam divarın küncündə pəncərəyə yaxın bir yerdə qalmışdı. Həmin qadın atamın səsini eşidib onu həmin yerdən xilas etmişdi. Kim İkinci Dünya Müharibəsindən sağ-salamat hərbi xidməti başa vurub qayıdırdısa, onu dərhal neftdağa işləməyə göndərirdilər. Bu Stalinin əmri idi. Elə o vaxt anam rəhmətə gedəndə atam həmin o rus qadınla evləndi və həmin qadından bir qardaşım da oldu. İndi onun yaxşı ailəsi var. Ona görə də mənim rus dilini mükəmməl öyrənməyimdə həmin rus qadının böyük rolu olub.

- Səddam Hüseyn hakimiyyətə gələndə sizin İraq fəaliyyətiniz başa çatmışdı. Orada olduğunuz zaman Səddam Hüseynlə görüşmüsünüzmü?

- Səddam Hüseynlə görüşməmişəm. Amma mənim İraqda fəaliyyətim bir çox prezidentlərin vaxtına təsadüf edib. 1962-ci ildə Əbdülkərim Qarsının dövründə İraqa getdim. 1963-cü ilin fevralında onu öldürdülər. Yadıma gəlir, hamı küçəyə çıxıb qışqırırdı: “Yaşasın, Əbdülkərim Kasım”. Həmin vaxt televizorda onu bir mayorun vurduğunu göstərirdilər. Arxadan da həmin mayoru vurub öldürdülər. Yarım saat küçələrdə heç kim olmadı. Yarım saatdan sonra küçələrdə hamı “yaşasın, Əbdülkərim Arif” qışqırırdı. Sən demə, Əbdülkərim Qasımla Əbdülkəim Arif bir yerdə böyüyüb. Hətta Əbdülkərim Qasımın anası Əbdülkərim Arifə süd verib. 1964-cü ildə Əbdülkərim Arif helikopter qəzası zamanı dünyasını dəyişdi. Yerinə qardaşı Əbdülrəhman Arif gəldi. Bir ildən sonra Əbdülrəhman Arif getdi. O gedəndən sonra Həsən Əlbakir gəldi. Həsən Əlbakir yüksək insani keyfiyyətlərə malik bir adam idi. Sonra Səddam Hüseyn baş nazir olanda Həsən Əlbakiri ev dustağı etdi və özü prezident oldu. Mən İraqda bunların hamısını gördüm.

- 1994-cü ildə bir qrup azərbaycanlı İraqa gedəndə Səddam Hüseynlə də görüşmüşdülər. O görüş necə baş tutmuşdu?

- 1994-cü ildə Füzulinin 500 illik yubileyi münasibətilə dövlət səviyyəsində 128 nəfərdən ibarət nümayəndə heyəti ilə İraqa getdik. Çox ağır dövr olsa da, ulu öndər Heydər Əliyev 128 nəfərin İraqa getməsini rəva gördü. Bizi İraqda çox yüksək səviyyədə qarşıladılar. O vaxt yeganə qrup olduq ki, hətta Kərkükə getməyimizə icazə verdilər. Heç bir türk xalqının nümayəndəsi Kərkükə gedə bilməzdi. Bizim nümayəndə heyətimiz arasında nüfuz sahibləri çox idi. Səddam Hüseyn Elçin Əfəndiyevlə Sabir Rüstəmxanlını qəbul etdi. O vaxt Sabir Rüstəmxanlı mətbuat naziri idi. Bizim nümayəndələrimiz Səddam Hüseynin görüşünə gedəndə Bəndəroğlu ilə mən bilirdik o soruşacaq ki, “bizim ölkəyə arzunuz nədir?”. Biz də dedik ki, xahiş etsinlər, Kərkükə getməyə razılıq versin. Beləcə, bizim Kərkük arzumuz gerçəkləşdi. Onu da deyim ki, “6 il Dəclə və Fərat çayı sahillərində” kitabını oxuyanlar İraq və iraqlılar haqda dəqiq yazdığıma görə məni hədsiz heyranlıqla qarşıladılar.

- Sizcə, Yaxın Şərq ölkələrində başlanan “ərəb baharı”nın əsl səbəbi nədir? Doğrudanmı, Qərb liderləri Yaxın Şərq xalqlarını hədsiz dərəcədə çox sevir?

- Qızım, tarixin fırlanan təkəri var. Gah zirvəyə qalxır, gah da yerə enir. Bu davam edən bir prosesdir. Qərb liderlərinin Yaxın Şərq xalqlarını sevmələrinə gəlincə, şərq məsələsi başqa bir məsələ ilə bağlıdır. Onların təbii sərvətləri başlarına bəla olub. 1973-cü ildə Səddam Hüseyn  “British Petroleum" şirkətinin bütün mülkünü xüsusiləşdirdi. Bu şirkətin rəhbəri televiziyadakı çıxışında dedi ki, “bunu nə Allah, nə də dövlət qəbul edər. Səddam Hüseyn bunun cəzasını çəkəcək”. Bu insan bura bu qədər sərmayə qoyub, bu qədər iş görüb. Sən bunun əlindən alırsan və heç nə vermirəm deyirsən. Bu, bir məsələ. Digər məsələ isə böyük dövlətlərə belə bir bəhanə lazım idi. Ona görə də Yaxın Şərq məsələsində ikili siyasəti görmək mümkündür. 2007-ci ildə Səudiyyə Ərəbistanında dövlət nümayəndə heyətinin tərkibində Mədəniyyət Nazirliyinin xətti ilə xeyli işlər gördük. Üç şəhərdə məruzə ilə çıxış etdim. Onlarda bu gün də elə bir dram əsəri tapmazsan ki, orda bir qadın rolu olsun. Oynayırlar, amma qadın yoxdur. Qadınsız da iş olar?! Fransızlar deyir: “Problemin arxasında qadın axtar”. Əslində, bu o deməkdir ki, qadın olmasa, inkişaf yoxdur. Yəni Yaxın Şərq ölkələrinin bir bəlası da qadına cəmiyyətdə hüquqlar verməməkdir.



- Bayaq Əbdüllətif Bəndəroğlunun adını çəkdiniz. Siz onunla möhkəm dost olmusunuz. Onu necə xatırlayırsınız? Bu gün dostluq münasibətləriniz nə yerdədir?

- Bəli, Bəndəroğlu çox yaxın dostum olub. 2 il bundan qabaq rəhmətə gedib. Bəndəroğlunun oğlu hərdən zəng edir. Adı Heydərdir. Sizə maraqlı bir hadisə danışım. Nəsiminin Bakıda yubileyi keçirilirdi. Bəndəroğlu da həmin yubileydə iştirak edirdi. Yubiley zamanı Bəndəroğlunun Azərbaycan dilində çıxış etməsi Heydər Əliyevin diqqətindən yayınmır. Bu vaxt ulu öndərimiz hamı ilə görüşür və gəlib deyir: “Sağ ol Bəndəroğlu. Öz dilimizdə təkcə sən danışdın”. Çünki hamı rusca danışırdı. Yalnız Bəndəroğlu Azərbaycan dilində danışdı. Həmin vaxt Bəndəroğlu Heydər Əliyevə dedi: “Mən sizi çox sevdim. Söz verirəm, oğlum olsa adını Heydər qoyacam”. Oğlu oldu, adını Heydər qoydu. Bir gün Bəndəroğlu Hidayət Orucovun yanına gəldi. O zamanlar Hidayət Orucov dövlət müşaviri idi. Dedi: “Hidayət müəllim, ulu öndərə dedim ki, oğlum olsa adını Heydər qoyacam. İndi Heydər böyüyüb, orta məktəbi də bitirdi. İstəyirəm, Azərbaycanda təhsil alsın”. Hidayət Orucov bir-iki gün vaxt istədi. İki gündən sonra yanıma çağırdı. Məlum oldu ki, cənab prezident Təhsil Nazirliyinə Bəndəroğlunun oğlunu universitetə qəbul etmək barədə göstəriş verib. Ulu öndər demişdi ki, nə qədər burda olacaqsa, ona təqaüd kəsin, pulsuz yataqxanada qalsın. Amma Heydər təhsilini sona qədər başa vura bilmədi. İraqda ara qarışanda “getməliyəm, sevdiyim qız məni gözləyir”, - deyib getdi. Beləcə, Heydər çıxıb getdi. İndi iki uşağı var. Əslində, İraqda dostlarım çox olub. Bu gün onların 8 nəfəri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. Onlar özlərini azərbaycanlı kimi qəbul edirlər. İndi onlar türkmən adlandırılır.

- Tarixən biz də türkman adlanmışıq. Türkmanlərin hətta Kərkükdə ayrıca dövlət yaratmaq fikirləri də var...

- Sizə bir şey deyim. Kiçik xalqın faciəsi böyük olur. Məsələn, 1970-ci ildə İraqda Kərük türkmanlarına dil azadlığı verdilər, məktəbləri də türkmanca oldu. Başladılar türkmanca oxumağa. Bir vaxt ayıldılar ki, bunlar türkmanca oxuyub sonra nə edəcəklər. Ərəb dilini bilməyəndən sonra bunlar harada işləyəcəklər? Bir qismi Türkiyəyə, bir qismi də Azərbaycana gedəcək. Bəs yerdə qalanlar? Ona görə də məcburən qayıdıb məktəblərdə ərəb dilini keçməyə başladılar. Amma türkmanlar bu gün də öz dillərini göz bəbəyi kimi qoruyurlar. Türkmanlər iki tərəfdən sıxıntı keçirirlər: Şimaldan kürdlər, cənubdan ərəblər. Sayları da azdır. Əvvəllər kürdlərin sayı 4 milyon idisə, indi daha çoxdur. Siyasiləşməyə gəlincə, türkmanlar öz dövlətlərini qurmaq istəmirlər. Sadəcə, siyasi və mədəni azadlıqlar tələb edirlər. Şah İsmayıl Xətai deyirdi: “Tükənər ərəbin kühi-məskanı, onda ki Bağdadi içrə türkman qonar”. Türkman gəldi ərəb qaçıb gizlənər. Türkmanlar güclüdür.

- Füzulinin, Nəsiminin məzarlarının İraqdan Azərbaycana gətirilməsi ideyasını düzgün hesab edirsinizmi?

- Onların məzarlarını Azərbaycana gətirmək mümkün deyil. O adamlar orda böyüyüblər, yazıblar, yaşayıblar. Digər tərəfdən, onların məzarlarının gətirilməsi yaxşı deyil. Bunun tərəfdarı deyiləm. Müqəddəs yerlər olduğundan hər kəs onları ziyarət edir. Londonda “Şairlər guşəsi” var. Şekspirdən başqa bütün şairlər orda basdırılıb. Şekspirin məzarı Strakos şəhərindəndir. O şəhərdə rus kilsəsi var. Özünün vəsiyyəti ilə orda basdırılıb. Qəbrinin üstünə yazılıb: “Ey insan, dünyanın xoşbəxti, nə arzum var yerinə yetir, əgər mənim nəşimə toxunsan, tərpətsən sən lənətə gələsən”.

Bu şeirə görə onun məzarını dəyişməyiblər. İndi İngiltərədə ən çox ziyarət edilən yer Şekspirin məzarıdır. Ona görə də Füzulinin, Nəsiminin məzarlarının orda olmasının bizə heç bir ziyanı yoxdur. Bütün dünyadan gələnlər ziyarət edir. Füzuli öz divanının girişində yazır ki, mən İraqda doğulmuşam, İraqda boya-başa çatmışam və heç vaxt İraqdan kənara çıxmamışam.

- Yaxın Şərq ölkələri ilə yaxından tanışsınız. Niyə bu vaxta qədər səfir kimi fəaliyyət göstərməmisiniz? Ümumiyyətlə, belə iş təklifləri olubmu?

- Yaxın Şərq ölkələri öz yerində, mənə İngiltərənin paytaxtı London universitetində işləmək üçün dəvətlər gəlib. Amma bu təkliflərin arxasınca getmədim. Əvvəla, 4 qız övladım var idi. Onlar ev-eşik, ailə-uşaq sahibi olmalı idilər. Xaricdə işlədiyim üçün çətinliyi başa düşürəm. Elə bilirsiniz, səfir işləmək asandır?! Çox ağır işdir. Səfir yaşadığı yerdən kənara çıxanda Xarici İşlər Nazirliyinə raport verməlidir.

- Bu gün cəmiyyətimizdə dini ideyaların təbliği gizli şəkildə aparılsa da, nəticələr ürəkağrıdıcıdır. Vəhhabi təriqəti haqqında fikirlərinizi eşitmək istərdik.

- Ərəb ölkələrində bir çox din xadimləri insanların cəhalətə, mövhumata, xurafata yuvarlanmasına rəvac verirlər. Vəhhabi təriqətinə gəlincə, onu deyə bilərəm ki, indi ortaya sünni, şiə məzhəbini atıblar. İnanın, instituta gələnə qədər bilmirdim ki, sünni, şiə nədir. Sizə bir əhvalat danışım. Mənim Zirəddin adında dayım oğlu vardı. O, institutu bitirib Kürdəmirə gedir və orda bir qadının evində qalır. Sən demə, Kürdəmirdə sünnilər çox imiş. Mən də Bakıda tələbə idim. 5-ci kursda Bakıya gəldi və dedi ki, arvad məni evdən qovub. Soruşdum: “Niyə qovub?” Dedi: “Arvad məndən sünni, yoxsa şiə olduğumu soruşub. Mən də bilmədiyimə görə anama zəng eləyib soruşdum. Anam da dedi ki, biz şiəyik”. Gəlib həmin evində qaldığım qadına dedim ki, “anam deyir biz şiəyik. Həmin qadın qabımı, stəkanımı ayırıb dedi ki, sənə vaxt verirəm, çıx evimdən”.
Qafqaz Müsəlmanları İdarəsində elmi-dini şuranın üzvüyəm. Rəhbərimiz akademik Vasif Məmmədəliyevdir. Ona görə də tez-tez bölgələrə səfərlər edəndə maarifləndirici söhbətlər edirik. Mənim oğlum 7 il İngiltərədə təhsil alıb Azərbaycana qayıtdı. Onun nə geyimində, nə davranışında, nə danışığında dəyişiklik hiss edə bilməzsən. İndi hüquqşünas işləyir.



- Övladlarınız nə işlə məşğuldur?

- Bir qızım Türkiyədə yaşayır. Digər 3 qızım burda işləyir. Hər övladımdan 3 nəvə payım var, amma, hələlik oğlumun 2 uşağı var. Nəvələrim arasında xaricdə təhsil alanlar da var.

- Qardaşınız qızı Qənirə Paşayeva deputatdır. Bir əmi kimi Qənirə Paşayevanın işgüzar fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bir vaxtlar deyirdilər, Qəzənfər Paşayevin qardaşı qızıdır, indi isə deyirlər ki, Qənirə Paşayevanın əmisidir (gülür). Buna görə incimirəm, əksinə çox sevinirəm, fəxr edirəm. Əgər Qənirə xalq arasında hörmət qazanırsa, necə sevinməyim? Amma müəyyən məsələlərə görə, əmi kimi Qənirəyə iradımı bildirirəm. Səndən asılı olmayan məsələyə qarışmamalısan. Məsələn, bir də görürsən ki, bir əsgər cəbhədə, uzaq bir rayonda şəhid olub. Qənirə ora gedir. Deyirəm, sən o rayonun deputatı deyilsən, həmin rayonun deputatı var, onunla get. Bunu yaxşı yozmaya bilərlər. Bütün bunlar ondan irəli gəlir ki, Qənirə işləməyi çox sevir. Elə məsələlər var ki, Qənirə onu müzakirəyə çıxaranda adama qəribə gəlir. Vaxt keçəndə görürsən ki, o haqlıdır, həmin məsələlər yerini tutur.

- Bir vaxtlar bizneslə də məşğul olmusunuz. Niyə bu işi axıra qədər davam etdirmədiniz?

- 1993-cü ildən 2000-ci ilə qədər xarici şirkətdə işləmişəm. Əvvəlcə məsləhətçi, sonra isə icraçı direktor işlədim. Buna baxmayaraq, heç vaxt sevdiyim peşədən ayrılmamışam. Bizneslə məşğul olmağım İraqın Azərbaycandakı səfiri Davud Salmanın bir zəngindən sonra oldu. O zəng edib dedi ki, İraqdan adamlar gəlib. Onlarla görüşdüm. Sonra onların böyüyü mənə dedi ki, istəyirik bizə daha yaxından kömək edəsən. Mənə maaş kəsdilər, sonra icraçı direktor yerini verdilər. Onlarla iş müddətində səhv olmadı, mənim də dövlət yanında üzüm ağ, alnım açıq oldu. Qızım, mənim biznesdə işləməyim belə olub. Bizneslə məşğul olarkən, nə elmdən, nə də təhsildən ayrıldım.

- Boş vaxtlarınızda istirahətinizi necə keçirirsiniz?

Əvvəllər şahmat oynayardım. 10 ildir oynamıram. Hətta Batuminin çempionunu udmuşdum. İndi hərdən yorulanda bazar günü nərd oynayıram, fikrim dağılır. İdmanı çox sevirəm. Bir ara idmandan tamamilə uzaq idim. Futbola da baxmırdım. Oğlum İngiltərədən qayıdıb gələndən sonra yenidən futbolu izləməyə başladım.

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 4 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü 19 Fevral 2020, 14:12 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24 Şəmkirdə xeyli sayda silah-sursat tapıldı 19 Fevral 2020, 13:18 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55