Modern.az

"Mən axı bu qədər pensiya almalı deyiləm" - Hafiz Hacıyevlə MÜSAHİBƏ

"Mən axı bu qədər pensiya almalı deyiləm" - Hafiz Hacıyevlə MÜSAHİBƏ

Müsahibə

Bu gün, 15:01

Bu günlərdə (16 aprel) 70 illik yubileyini qeyd edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin son zamanlar mətbuatda çıxışları səngiyib. Modern.az saytı partiya sədri ilə əlaqə saxlayaraq, səssizliyinin səbəbini öyrənməyə çalışıb. Hafiz Hacıyevlə müsahibəni təqdim edirik:

- Hafiz müəllim, son zamanlar mətbuatda çıxışlarınıza demək olar ki, rast gəlmirik. Bunun səbəbi nədir?

- Bəzən həqiqəti dediyim üçün məndən çəkinirlər. Məsələn, bir müddət öncə intensiv yağışlar yağanda Bakıda  və şəhərətrafı qəsəbələrdə, eləcə də bir sıra rayonlarda subasmalar oldu, onlarla ev suyun altında qaldı, insanlar çətin problümlə üz-üzə qaldılar. Bu dəfə istəmədim ki, müəyyən məsələləri məhz mənim dilimdən eşitsinlər. Düşündüm ki, bəlkə məmurlar özləri real durumu təhlil edib haqq yoluna gələrlər. Amma təəssüf ki, bu, baş vermədi.
Bəzi telekanallara da qadağa qoyurlar ki, Hafiz Hacıyevdən müsahibə götürməyin. Amma həqiqətin arxasında olan mətbuat orqanları mənə müraciət edirlər.
May ayının başlanğıcından daha geniş, ardıcıl, düşünülmüş və faktlarla xalqıma lazımi sözləri çatdıracağamm. İmkan verməyəcəyik ki, quldurlar bu dövləti talayıb, dağıtsınlar, xaricə apardıqları pulları geri qaytarmasınlar. Məmurlar məhz buna görə məndən qorxurlar”.

- Bir neçə ay əvvəl pensiya məsələsi ilə gündəmə gəlmişdiniz. Nazirlik sizə pensiya verildiyini bəyan etdi. Aldığınız pensiya sizi qane edir? Əslində nə qədər pensiya almalı olduğunuzu düşünürsünüz?

- İki cür - yaşa və əməyə görə pensiya var. Mən əmək pensiyamın mübarizəsini aparıram. Mən dövlət vəzifələrində çalışmışam, katib, nazir, komsomolun birinci, ikinci katibi, nazir müavini olmuşam. Mənə yaşa görə kəsilən 362 manat pensiya o məmurların başına dəysin. O puldan nə olacaq? Mən əmək pensiyasının davasını döyürəm. Niyə mənim bu qədər yüksək vəzifələrdə işləməyim nəzərə alınmır? 
Yəqin ki, bu, qısqanclıqdan irəli gəlir. Neyləmək olar, haqsızlıqdır. Sağlıq olsun, zaman gələr haqq-ədalət bərpa olunar. Onda çalışarıq ki, neçə illər xalqımıza, dövlətimə etdiyimiz xidmətlər müqabilində layiqli əmək pensiyası alaq. İndiki məmurlar kimi altımıza milyardlar yığmamışıq.

- İki gün əvvəl 70 yaşınız tamam oldu. Yubilyenizi necə qeyd etdiniz?

- Xüsusi, təmtəraqlı ad günü keçirmədik. Çünki buna imkanımız yoxdur. Partiya üzvləri ilə qərargahda oturub dərdləşdik. Keçən 70 ilimizi təhlil etdik. Düzlərimizi, yol verdiyimiz səhvləri nəzərdən keçirdik. Belə bir qənaətə gəldik ki, ömrümüzün 30-40 ilini boş-boşuna, havaya uçurmuşuq. Adam bir iş görəndə, öz beyninin məhsulunu, əziyyətini sərf edəndə düşünür ki, ona "sağ ol" deyəcəklər. Amma çox təəssüf ki, həmişə belə olmur. Sağ olsun, partiya liderləri zəng edib öz ürək sözlərini dedilər, təbriklərini çatdırdılar. Mən millətimdən razıyam. On minlərlə insan məni təbrik etdi.

- Hafiz müəllim, əvvəllər bəzi siyasi partiya sədrləri haqqında kəskin açıqlamalarınız olurdu, indi olmur.

- Bəzən buna görə bizi qınayıblar. Bəli, vaxtilə bəzi səhvlərə yol vermişik. Bunu da gizlətmirik. Öz əqidə dostlarımıza qarşı mübarizəni daha sərt formada aparmışıq. Bunu bizim nöqsanlarımıza yazmaq olar. Amma 70 ildə dövlətçiliyin qorunmasına çalışmışıq. Mən öz xalqıma xidmət etmişəm.

- Daha nələrə təəssüflənirsiniz?

- Bəzən düşünürəm ki, etdiyim xidmətlər nəticəsində hansısa korrupsioner məmurların ailələri varlanıb, özləri və övladları milləti saymayıblar. Bircə buna təəssüf hissi keçirirəm. Amma buna qarşı mübarizə aparacağıq. İmkan verməyəcəyik ki, Azərbaycan xalqına sırınmış saxta zənginlər axıra qədər at oynatsınlar. Bu istiqamətdə böyük planlarımız var. Əlimizdə kifayət qədər faktlarımız mövcuddur. Nazir balaları var ki, ona-buna sələmə pul verirlər, onlara bu qədər pulu haradan aldıqları soruşulmur. Bu gün nazir var ki, Prezidentin önündə bir söz deyir, arxada başqa işlər görür. Başdan-ayağa xəyanət içərisində olan məmurlar var. Xalqla dövlət başçısı arasında uçurum yaradırlar. Onlara qarşı mübarizəmizi davam etdirəcəyik.

- Yubileyinizdə kimlərdən hədiyyə aldınız? Övladlarınızın sizə hədiyyəsi nə oldu?

- Açığı deyim ki, bu məsələlərdə mən qapalı bir insanam. Əlbəttə, partiya üzvləri, övladlarım hamısı məni təbrik etdilər. Amma onların da elə böyük imkanları yoxdur ki, mənə hədiyyə alsınlar. Onlar öz ailələrini güclə dolandırırlar. Belə böyük hədiyyə-filan olmadı. Elə hərədən bir təbrik mesajı aldım, xoş sözlər eşitdim. Ömrümün ən gözəl anlarını xalqıma, dövlətimizin müstəqil yaşamasına həsr etmişəm. Peşman da deyiləm. Bu baxımdan mən xoşbəxtəm.
Amma korrupsioner məmurların bizim dövlət başçısna və dövlətçiliyimizə olan sədaqətimizdən istifadə etməsinə, Azərbaycan xalqını gücə salmasına görə çox narahatam. Müasir Müsavat Partiyası, onun başqanı Hafiz Hacıyev olaraq, Azərbaycanda saxta, ikiüzlü məmurları ifşa edəcək, Prezidentə xəyanət edənlər barədə əsl məlumatları açıb xalqımızla bölüşəcəyik. Həmin məmurların üzərinə gedəcəyik. Allah kimə verəcək, bunu görəcəyik. Əminəm ki, cənab Prezident də mənim çıxışlarımdan xəbərdar olur.

- Yaxşı, 70 yaşınızda özünüzü necə hiss edirsiniz? Səhhətinizdə hansısa problemlər varmı?

- Mənə qarşı olan haqsızlıqlardan sonra özümü daha da gümrah hiss edirəm. Mübarizə əzmim daha da güclənir. Öz-özümə düşünür, hesabat verirəm ki, niyə çəkdiyim əziyyətlərin nəticəsi belə oldu? 
Bütün olanlara rəğmən, çox yüksək əhval-ruhiyyədəyik. Gələcək üçün ideoloji baxımdan çox güclü hazırlaşırıq. Partiyamızın gələcəkdə görəcəyi işləri təhlil edirik. Özümüzə 70 yaş vermirik, çox gənc hiss edirik. Ona görə ki, millətimiz bizimlədir. Azərbaycan xalqının bizə qiymət verməsinə sevinirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?