Modern.az

Səhiyyə naziri: "Hər bir həkim öz vəzifəsinin öhdəsindən gəlməlidir”

Səhiyyə naziri: "Hər bir həkim öz vəzifəsinin öhdəsindən gəlməlidir”

Ölkə

25 Dekabr 2010, 19:35

“Biz ana və uşaq ölümlərinin səbəblərini araşdırmaq üçün komissiya yaratdıq. Məlum oldu ki, Bakı şəhərində çalışan mama-ginekoloqlar nə çətin doğuşları qəbul edə bilirlər, nə də sadə əməliyyat apara bilirlər. Ona görə, əmr hazırlandı və əmrə əsasən, ancaq işinin öhdəsindən gələ bilən, ağır doğuşları qəbul etməyi bacaran mama-ginekoloqlar məsul həkim kimi növbədə qalacaqlar. Bir sıra xəstəxanalarda, doğum şöbələrində belə həkimlər yoxdur. Həmin tibb müəssisələrinə başqa kliniki xəstəxanalardan və kafedralardan həkim təhkim olunur. Biz buna müvəqqəti icazə vermişik ki, işin öhdəsindən gələ bilməyən həkimlər nəsə öyrənsinlər. Kafedranın işçisi nəyə görə hansısa mama-ginekoloqun yanında oturmalıdır. Hər bir həkim öz vəzifəsinin öhdəsindən gəlməlidir”.
Modern.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində keçirilən toplantıda bildidb. Nazirin sözlərinə görə, baş həkimlər öz işçilərinin çalışdıqları vəzifəyə layiq olub-olmadıqlarını bilməlidirlər.
“Rayonlarda da vəziyyət eynidir. Neçə illər tibb müəssisələrində çalışmış 78 nəfər mama-ginekoloq doğuş keçirməyi öyrənmək üçün rayondan Bakıya gəliblər”.

Oqtay Şirəliyev bu sahədə vəziyyəti dəyişmək üçün tədbirlərin həyata keçirildiyini, kursların, seminarların təşkil olunduğunu qeyd edib. O, Belarus Respublikasından da mama-ginekoloqlara seminar keçmək məqsədi ilə mütəxəssislərin dəvət edildiyini bildirib.

Qeyd edək ki, bu günlərdə Gəncə Perinatal Mərkəzin bazasında Türkiyənin Səhiyyə Nazirliyinin nəzdindəki Ankara Etlik Doğum Evinin mütəxəssisi, akuşer-ginekoloq doktor Mustafa Urfi Tatar Gəncə və ətraf rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan 70 mama-ginekoloqa təlim kursları keçir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı