AXCP-Müsavat partiyalarının birləşməsi heç bir halda Azərbaycan müxalifətinin inteqrasiyası
prosesinin başlanması anlamına gəlmir. Bu sözləri Modern.az-a açıqlamasında Liberal Partiyasının sədri Əvəz Temirxan müxalifətdaxili əməkdaşlıqla bağlı perspektivi şərh edərkən deyib. Onun sözlərinə görə, indiyə qədər inteqraiyaya çağıranlar çox olub, amma sonradan bunun nəticəsi olmayıb.
“ALP 1998-ci ildən bəri bu inteqrasiya çağırışlarına cavab verib və prosesə qatılıb. Biz artıq belə oyunlardan bezmişik. Bir sıra müxalifətçilər belə şüarlarla daim oyun oynayıblar”-deyə Ə.Temirxan bildirib.
Müsavat başqanı İsa Qəmbərin inteqrasiya çağırışlarını “toydan sonra nağara” adlandıran ALP sədri qeyd edib ki, bunun üçün əvvəl yanvar ayında Müsavat başqanının etdiyi çıxışı ona xatırlatmaq lazımdır.
“Rəsulzadə -Elçibəy yolu”nun isə tək partiyanın inhisarında olmadığını deyən Ə.Temirxan bildirib ki, ADR lideri bütün Azərbaycan xalqının sərvətidir və onu mənmsəmək cəhdi gülüncdür.
“Bəziləri şüarbazlığa qurşanıb. İsa Qəmbərin bu çağırışı bolşeviklərin şüarlarını xatırladır”-deyən Ə.Temirxan bildirib ki, seçkilərdə xalqın 85 faizi iştirak etməyib. “Biz öz müttəfiqlərimizlə həmin siyasi qüvvələrdən iyrənərək seçkilərə gəlməyən xalqla inteqrasiyaya çalışırıq”-deyə o vurğulayıb.
Modern.az