
Daşkəsən rayonunda uşaqların təhsilə marağı azalıb. İl ərzində rayonda 159 məktəb yaşlı uşaq oxumaqdan imtina edib. Nəticədə bir məktəb tamamilə bağlanıb, iki təhsil ocağı isə birləşdirilib. Bundan əlavə 115 məktəbə hazırlıq qrupunun fəaliyyəti dayandırılıb.
Rayon Təhsil Şöbəsinin rəisi Nazim Verdiyev Modern.az saytına bidirib ki, şagirdlər əsasən 9 cu sinifdən sonra oxumaq istəmirlər.
“Ötən il rayonun 46 orta ümumtəhsil müəssisəsində 3971 şagird təhsil alırdı. Hazırda isə bu say 3747-ə düşüb. İldən-ilə şagird sayı azalır. Bəzi hallarda valideyinlərlə fərdi söhbətlər aparırıq ancaq nəticə yoxdur. Uşaqlar məktəbdən kənarlaşdırılaraq fərdi işlərə cəlb olunur”.
N.Verdiyev bildirib ki, vəziyyətin bu cür davam etməsi pedaqoqların ixtisarına gətirib çıxara bilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2010-2011 ci tədris ilində ali məktəblərə qəbulun nəticələri də rayonda təhsil sahəsində ciddi problemlərin olduğunu göstərib. Açıqlanan rəyə görə, Daşkəsən abituriyentləri ali məktəblərə ən az qəbul olunduğu bölgələr siyahısındadır.
Modern.az