Modern.az

Səhiyyə Nazirliyi: "Azərbaycanda keçirilən cərrahi əməliyyatların sayı artıb"

Səhiyyə Nazirliyi: "Azərbaycanda keçirilən cərrahi əməliyyatların sayı artıb"

Ölkə

29 Dekabr 2010, 10:49


Səhiyyə Nazirliyində 2010-cu il ərzində görülmüş işlərə dair geniş kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda çıxış edən nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev bildirib ki, bu il Səhiyyə Nazirliyi tərəfindən 45 iri səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb, Nazirliyin yeni inzibati binası, Tibb Universitetinin tədris-terapevtik klinikası, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası, M.Toçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Psixiatriya xəstəxanasının 3 korpusu, Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsi, habelə Balakən Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib, eləcə də müasir tibbi avadanlıq və inventarla təchiz olunub.  
Səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrasına 5 il ərzində 200 milyon manata yaxın büdcə vəsaiti sərf olunub.
S.Əliyev deyib ki, səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

“Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşıb, ölüm hallarının sayı azalıb.
Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 21 mərkəzdə 1500-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Uzun illərdən bəri mövcud olan növbə demək olar ki, ləğv edilmişdir”.
Şöbə müdiri deyib ki, ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir. Digər 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcək.
Ötən il ərzində qan xidmətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
Son illər ərzində tədarük olunan qan və onun komponentlərinin miqdarı artmış, əhalinin qanvermə aksiyalarına cəlb edilməsi işi aktivləşib. Hazırda tibb müəssisələrinin və xəstələrin qana olan ehtiyacı tam ödənilir.
S.Əliyevin sözlərinə görə, cərrahiyyə xidmətinin fəaliyyətini xarakterizə edən statistik rəqəmlərin təhlili göstərir ki, son illər ərzində bu sahədə də nəzərə çarpan müsbət dinamika mövcuddur.
Belə ki, ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artıb. Bununla yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalıb.

”Uşaqlara cərrahi yardımın yaxşılaşdırılması məqsədilə K.Fərəcova adına ET Pediatriya İnstitutunda sutka ərzində fəaliyyət göstərən erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi yaradılmışdır.
Yoluxucu xəstəliklərlə mübarizə işində də müsbət nəticələr əldə edilmişdir”.

S.Əliyev deyib ki, respublikada aparılmış geniş miqyaslı tədbirlər nəticəsində epidemioloji sabitlik yaranıb, idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, məxmərək qeydə alınmayıb, epidemik parotit 2 dəfə azalıb, digər infeksiyalar üzrə də azalma qeydə alınıb.

Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi nəticəsində xəstələnmə səviyyəsi stabilləşib və cari ildə keçən illə müqayisədə 35% azalıb.

“Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası artıq tam gücü ilə fəaliyyətə başlayıb və bu ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını almışdır”.

S.Əliyevin sözlərinə görə, bu ilin yazında Kür və Araz çaylarının daşma zonalarında aparılan operativ profilaktik tədbirlər nəticəsində epidemiya təhlükəsinin qarşısı alınıb, ehtiyacı olanların hamısına tam həcmdə tibbi yardım təmin edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı