Modern.az

Ömrün 70-ci anında...

  Ömrün 70-ci anında...

Ölkə

29 Dekabr 2010, 16:33

( Çox hörmətli Vəfa Quluzadənin 70 illiyinə təbrik əvəzi)  

Onu nə vaxtdan tanıdığımı xatırlaya bilmirəm. Hərdən mənə elə gəlir ki, bu insan dünyaya göz açdığım andan hər zaman gördüyüm, tanıdığım doğma insanlar arasında olub. Hətta uşaqlığımın yaddaşında belə bu insanın adı qalıb...  

Onun haqqında evimizdə böyüklərin söhbətləri də çox olurdu. O zamanlar hamını zor gücünə bir bayraq altında saxlayan “qırmızı imperiya”da bizimkilərin yuxarı dairələrdə nəinki irəliyə getməsi,  təmsil olunmasının özü də asan məsələ deyildi. Uşaq olsam da, öz atamın keçdiyi həyat yolu məndə o zamankı vəziyyətlə bağlı müəyyən təssəvvür yaratmışdı. Bilirdim ki, Moskvada vəzifə tutmaq üçün insan hansı çətinliklərdən, sınaqlardan keçməlidir. O zamanlar Moskvada işləyən azərbaycanlıların sayı çox az idi. Bəzən onlar bir-birlərini tanımasalar belə, bir-birləri haqqında məlumatları olurdu. Bizim evimizdə adı çəkilən insanlardan biri də məhz həmin insan idi. İndi hər kəsin yaxşı tanıdığı – Vəfa Quluzadə.

Yaşadığımız həyat bəzən xoş, bəzən də xoş olmayan sürpirizlərlə doludur. Tanrınin mənim üçün heç də hamıya nəsib etmədiyi xoş sürprizlərindən biri də budur ki, Azərbaycanımızda çox tanınan və sevilən insanların bir çoxu mənim müəllimlərim olublar. Tale elə gətirdi ki,  uşaqlığımdan adını atamdan eşitdiyim, məktəb illərində televiziyada emosional çıxışlarını maraqla izlədiyim bu insanla mən həyatda rastlaşdım.

Vəfa Quluzadə jurnalistikada mənim ən maraqlı müsahibim və Ən Böyük Dostum kimi yer tutur. Onun hərdən ərkyana iradları, hərdən müdrikcəsinə verdiyi məsləhətləri siyasi jurnalistikada “mənim ən yaxşı müəllimim oldu”- desəm, yəqin ki, yanılmaram. Ötən bu illərin ərzində Vəfa müəllim mənim üçün təkcə maraqlı müsahib, yeri gələndə məsləhətləşdiyim insan olmayıb. Vəfa müəllim onu tanıdığım bu illər ərzində mənim üçün həm də dəyişməzlik simvoluna çevrildi. Bir əqidəsi,  bir amalı,  bir yolu olan insan kimi...

İki ay əvvəl onun həyatında baş verən çox kədərli bir hadisə məni çox üzmüşdü. Odur ki, 70 illik yubleyi ərəfəsində onu necə təbrik edəcəyimi bilmirdim. Bir neçə gündən bəri mətbuatda onunla bağlı gedən yazılardan birində gözümə sataşan bir cümlə içimi silkələdi. Vəfa müəllim həmsöhbəti olan həmkarıma “iki gündü yavaş-yavaş özümə gəlirəm”- söyləmişdi deyəsən. İki ay öncə əziz və gənc övladını itirən və ömrünün bu çağında -yubleyi ərəfəsində bu itkinin ağrısını yaşayan bir atadan başqa nə eşitmək olardı ki?...

Amma nə edəsən ki, bəzən həyat bizim istədiyimiz kimi olmur, bizlər həyatın istədiyi kimi yaşamalı oluruq...
Mən Sizi güclü, möhkəm iradəli bir insan kimi tanıyıram Vəfa müəllim! İradə, dəyanət və möhkəmlik hər kəsdə olmur. Bu insana genindən keçir. Sizin keçmişiniz,  iradəniz və qətiyyətiniz bütün zamanlarda öz sözünü deyib.
Ömrünüzün ağrı-acılı olan 70-ci anında  toparlanmaq və hər zamankı kimi ayaqda durmağınız  gərəkdir. 

Sizə bunu arzulayıram!  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı