“AXCP hesab edir ki, Müsavatla birləşmə məsələsinə nöqtə qoyulmayıb”. Bu sözləri Modern.az-a açıqlamasında partiya sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat başqanı İsa Qəmbərin “AXCP ilə dərinləşmiş əməkdaşlıq” təklifinə münasibətini açıqlayrkən deyib.
Onun sözlərinə görə, AXCP özünün qurultayında birləşmə ilə bağlı qərar qəbul edib və indi də Müsavatın qurultayının bununla bağlı qərarını gözləyir.
“Dərinləşmiş münasibətlər barədə deyilənlər absurddur. AXCP seçkilər ərəfəsində Müsavatla müttəfiqlik münasibətləri quraraq münasibətlərdə dərinləşdirmək istiqamətində addım atıb. Bundan sonra artıq qurultayda bu möveyimizi qərarla ifadə etmişik” deyən F.Qəhrəmanlı bildirib ki, Müsavat qurultayında çıxarılacaq qərardan sonra AXCP özünün mövqeyini bir daha bildirəcək.
“Hazırda bu tip açıqlamalar Müsavat üçün adekvat deyil. Odur ki, qurultaya qədər bu barədə yalnız birləşdirici məqamların tapılaması barədə müzakirələr getsə, işin faydasına olar”-deyə AXCP sədrinin müavini vurğulayıb.
Qeyd edək ki, dünən jurnalistlərlə görüşən Müsavat başqanı İsa Qəmbər bildirib ki, birləşmə ilə bağlı AXCP-yə cavab verilib. Müsavat başaqanı qeyd edib ki, birləşmə ilə Müsavat Məclisi və Divanında fikir mübadiləsi aparılıb.
“Məclisin qərarı bundan ibarət olub ki, Müsavatla AXCP-nin müttəfiqliyinin davam etdirilməsi və dərinləşdirilməsi məqsədəuyğun hesab edilsin. Bu da bizim mövqeyimizdir. Mövqe AXCP-yə çatdırılıb. Hesab edirəm ki, burada hər hansı anlaşılmazlıq yoxdur. Qərara cavab vermişik”-deyə İ.Qəmbər deyib.
Modern.az