Modern.az

TQDK tələbələrə ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı keçirəcək

TQDK tələbələrə ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı keçirəcək

Ölkə

26 Oktyabr 2009, 13:48

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 31-də ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün test imtahanı keçirəcək.
Modern.az
TQDK-ya istinadən xəbər verir ki, imtahanlar oktyabrın 31-də Azərbaycan Beynəlxalq Universitetinin 7-ci korpusunda saat 11:00-da başlanacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti savadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə bu layihəni 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının seçilmiş fakültələr üzrə yüksək tədris göstəricilərinə malik olan hər kurs üzrə 20 tələbəsinə aylıq təqaüd təyin edilib.
2006-cı ildən etibarən tələbələr təqaüdlərini onların hər biri üçün ARDNŞ tərəfindən açılmış fərdi plastik kart vasitəsilə istənilən bankdan ala bilir.
2008-ci ildə - “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi haqqında” yeni Əsasnamə təsdiq edilib. Bu əsasnaməyə görə artıq müsabiqədə ARDNŞ-də tələb olunan ixtisaslar üzrə Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələri üzrə tələbələri iştirak edə bilərlər. Hər kurs üzrə təqaüdçülərin sayı da 30-dək artırılıb.
Hazırki müsabiqədə iştirak etmək üçün müraciət etmiş tələbələrdən 480 nəfərinin namizədliyi qəbul edilib. TQDK tərəfindən keçirilən müsabiqənin birinci turunda tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur. Onlardan 30 sual çoxseçimli, 10 sual isə açıq test tapşırığıdır. Hər doğru cavab 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir etmir. Suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.
İkinci tura buraxılmaq üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra ARDNŞ tərəfindən təyin olunacaq. Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər.

 
Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?