Modern.az

Süni intellektlə ən ağır imtahandan keçdi, ölkəni bir-birinə qatdı

Süni intellektlə ən ağır imtahandan keçdi, ölkəni bir-birinə qatdı

Dünya

Bu gün, 01:18

Cənubi Koreyada nüfuzlu vergi məsləhətçisi ixtisası üzrə imtahanda birinci yeri tutan şəxs uğurunu süni intellektin köməyi ilə qazandığını etiraf edib.

Modern.az xəbər verir ki, 34 yaşlı Han Von Sok vergi məsləhətçisi ixtisası üzrə imtahanın ilk mərhələsində mümkün 400 baldan 397,5 bal toplayıb. O, 160 sualdan cəmi birinə səhv cavab verib. Nəticənin qeyri-adi dərəcədə yüksək olması sosial şəbəkələrdə onun imtahanda saxtakarlıq etməsi ilə bağlı şübhələr yaradıb.

Əvvəlcə ittihamları rədd edən Han sonradan etiraf edərək imtahan zamanı süni intellektdən istifadə etdiyini açıqlayıb. Onun sözlərinə görə, imtahan suallarını miniatür kamera vasitəsilə çəkərək neyron şəbəkəyə göndərib, əldə etdiyi cavabları isə smartfonunda yoxlayıb. Bunun üçün hansı süni intellekt proqramlarından istifadə etdiyini açıqlamayıb.

Han bildirib ki, imtahanda ikinci yeri tutan iştirakçıya görə etiraf etmək qərarına gəlib. O, imtahanı müstəqil şəkildə verən digər namizədlərdən üzr istəyib.

Bundan əlavə, Han Von Sok imtahan qaydalarını necə pozduğunu ətraflı izah edən yazılı etirafını Seul polisinə təqdim edib.

Hadisə ilə bağlı yayılan videodan sonra Cənubi Koreyanın Məşğulluq və Əmək Nazirliyi İnsan Resurslarının İnkişafı üzrə müvafiq qurumla birlikdə təcili iclas keçirib. Rəsmilər dövlət imtahanlarında bu cür qanun pozuntularının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini vəd ediblər.

Prezidentin müşaviri Ha Cun Gyon isə əvvəlki illərdə keçirilmiş imtahanlarda da mümkün saxtakarlıq hallarının araşdırılacağını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu