Arıqlamaq və sağlam qidalanmaq istəyənlər çox vaxt ilk növbədə çörəkdən imtina edirlər. Lakin mütəxəssislər tibbi zərurət olmadığı halda bu məhsulu rasiondan tamamilə çıxarmağın vacib olmadığını bildirirlər. Xüsusilə tam taxıllı və çovdar çörəyi lif, B qrupu vitaminləri və minerallarla zəngindir.
Modern.az xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) də çörəyin balanslı qidalanmanın bir hissəsi ola biləcəyini qeyd edir.
Çörəyi rasiondan çıxarmamaq üçün beş əsas səbəb var:
1. Enerji mənbəyidir. Çörəyin tərkibindəki mürəkkəb karbohidratlar beyin, əzələlər və sinir sisteminin fəaliyyəti üçün enerji təmin edir.
2. Həzm sisteminin fəaliyyətini dəstəkləyir. Tam taxıllı, çovdar və kəpəkli çörək liflə zəngindir. Bu maddələr bağırsaqların normal fəaliyyətinə və həzmin yaxşılaşmasına kömək edir.
3. Toxluq hissini uzadır. Liflə zəngin çörək iştahanın idarə olunmasına və yeməklər arasında tez-tez qəlyanaltı etmək ehtiyacının azalmasına kömək edə bilər.
4. Vitamin və minerallarla zəngindir. Tam taxıllı çörək B qrupu vitaminləri, maqnezium, dəmir və sink mənbəyidir.
5. Ürək-damar sağlamlığına faydalıdır. Tam taxıllı məhsulların müntəzəm istehlakı balanslı qidalanma çərçivəsində ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir.
Mütəxəssislər ağ çörəyin bir hissəsini tam taxıllı və çovdar çörəyi ilə əvəz etməyi tövsiyə edirlər. Bununla yanaşı, çörəyin kərə yağı, yağlı souslar və kolbasa məhsulları ilə həddindən artıq istehlakının yeməyin kaloriliyini artırdığı da vurğulanır.
Qeyd olunur ki, əsas məsələ çörəkdən tam imtina etmək deyil, düzgün növünü seçmək və miqdarına diqqət yetirməkdir.