Almaniyanın paytaxtı Berlində, prestijli Şarlottenburq rayonunda İkinci Dünya müharibəsi dövrünə aid keçmiş bomba sığınacağı hərraca çıxarılıb. Sahəsi 618 kvadratmetr olan obyektin ilkin qiyməti 398 min avro müəyyən edilib.
Modern.az xəbər verir ki, bunker Kaiserdamm küçəsi, 102 ünvanında yerləşən yaşayış binasının zirzəmisindədir. 1906-cı ildə tikilmiş binada 1936-cı ildə sığınacaq yaradılıb. Obyekt 18 otaqdan ibarətdir. Ən böyük otağın sahəsi 183 kvadratmetr, tavanının hündürlüyü isə təxminən 5 metrdir.
Hava hücumları zamanı burada 250 nəfər sığınacaq tapa bilirdi. Müharibənin sonlarında bunkerin hərbi hospital kimi istifadə olunduğu ehtimal edilir.

Müharibədən sonra uzun müddət boş qalan obyekt 2021–2022-ci illərdə müvəqqəti olaraq incəsənət layihələri və sərgilər üçün istifadə edilib. Hazırda onun anbar, şərab zirzəmisi, məşq məkanı, emalatxana və ya fotostudiya kimi istifadəsi mümkün hesab olunur.
Lakin bunkerin istilik sistemi, su və kanalizasiya təchizatı, müasir havalandırma və digər mühəndis-kommunikasiya sistemləri yoxdur. Obyektin aylıq saxlanma xərci 742,86 avro təşkil edir.
Hərrac dekabrın 17-də MOA Berlin hotelində keçiriləcək.

Bunkerin satışı Almaniyada mülki əhali üçün sığınacaqların çatışmazlığı ilə bağlı müzakirələrin davam etdiyi vaxta təsadüf edir. Berlin administrasiyasının məlumatına görə, hazırda şəhərdə fəaliyyətə hazır heç bir ictimai sığınacaq yoxdur. Rəsmi siyahıda ümumilikdə 4 080 nəfər üçün nəzərdə tutulmuş dörd mülki müdafiə obyekti olsa da, onların heç biri istifadəyə hazır vəziyyətdə deyil.
Qeyd edək ki, Soyuq müharibədən sonra Almaniyada ictimai sığınacaqlar sistemi tədricən ləğv edilib. 2008-ci ildən etibarən bir sıra sığınacaqlar sökülüb, digərləri isə satılaraq fərqli məqsədlər üçün istifadəyə verilib.