Azərbaycanda büdcə prosesini tənzimləyən vahid hüquqi sənədin – Büdcə Məcəlləsinin hazırlanması təklif edilir.
Modern.az xəbər verir ki, bu təkliflə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında çıxış edib.
O bildirib ki, hazırda büdcə münasibətləri müxtəlif hüquqi aktlarla tənzimlənir və praktikada həmin aktlar arasında bəzən ziddiyyətlər yaranır.
“Bu ziddiyyətlərdən çıxış yolunu bütün büdcə prosesinin vahid hüquqi sənəddə təsbit edilməsində, başqa sözlə, Büdcə Məcəlləsinin hazırlanmasında görürük”, – deyə Palata sədri qeyd edib.
Vüqar Gülməmmədov “Büdcə sistemi haqqında” Qanunun fundamental şəkildə yenilənməsinə ehtiyac olduğunu da vurğulayıb. Onun sözlərinə görə, maliyyə sənədlərinin təqdimatını tənzimləyən müddəalar müasir rəqəmsal idarəetmənin sürətinə uyğunlaşdırılmalıdır.