
Redaksiyamıza müraciət ünvanlayan oxucular Daxili İşlər Nazirliyinin
Polis Akademiyasına orta məktəbi bitirən mülki şəxslərin qəbul qaydaları barədə məlumat verməmizi xahiş ediblər. Modern.az saytının əməkdaşı bununla bağlı Polis Akademiyası ilə əlaqə saxlayıb.
Bu xüsusi təhsil müəssisəsinindən bildirilib ki, Polis Akademiyasına orta məktəbi bitirən, boyu azı 160 santimetr olan oğlanlar qəbul edilirlər.
Abituriyentlər fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında Daxili İşlər Nazirliyi (DİN) tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər.
Qəbul imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test üsulu ilə, 3-cü qrup fənləri üzrə (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, xarici dil və ümumi fənn bloku) aparılır. İmtahanlar Azərbaycan və rus dillərində, tədris isə yalnız Azərbaycan dilində keçirilir.
Polis Akademiyasına daxil olan şəxslər pulsuz yeməklə, geyim forması və yataqxana ilə təmin edilirlər. Burada təhsil müddəti 5 ildir.
Məzunlara hüquqşünas ixtisası və "polis leytenantı" xüsusi rütbəsi verilir, təyinat üzrə müvafiq vəzifələrə təyin edilirlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər Polis Akademiyasında təhsilə göndərilə bilməzlər.
Polis Akademiyasına daxil olmaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Daxili İşlər Nazirliyi rəhbərliyinin adına ərizə (öz xətti ilə); anket; tərcümeyi-hal; şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə (əsli və surəti); orta təhsil haqqında attestatın (diplomun) əsli və surəti; yaşayış yeri üzrə poliklinikadan sağlamlıq haqqında arayış (forma 286); çağırışçı şəhadətnaməsi; xasiyyətnamə; 9x12 santimetr ölçüdə 2 ədəd, 4x6 santimetr ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli); yaşayış yerindən ailə tərkibi haqda arayış; valideynlərin və ailə üzvlərinin yaşayış, iş (təhsil) yerlərindən arayışlar.
Ərizə və sənədlər martın ayının 1-dən 30-dək olan müddətdə hər gün saat 10:00-dan 18:00-dək (bazar günlərindən başqa) DİN-in Baş Kadrlar İdarəsində (Bakı şəhəri, H.Hacıyev küçəsi 7) qəbul edilir
Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunub, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərib, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülüb.
1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrilib. Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi nəzdində Polis Akademiyası yaradılıb. Sonra aademiyaya I dərəcəli status verilib.
Mail Ağaxanov