.Oktyabrın 26-da Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən doqquz atın yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Modern.az xəbər verir ki, kollegiya iclasında çıxış edən Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sədri Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzində olub. O, Prezidentin 2 sentyabr 2009-cu il tarixdə imzaladığı “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamını bunun bir daha əyani sübutu adlandırıb.
Tədbirdə qeyd olunub ki, Dövlət Proqramında və ona edilmiş əlavələrdə nəzərdə tutulmuş müvafiq bənd və maddələrin tələblərinə uyğun olaraq yeni salınmış qəsəbələrə köçürmə işləri vaxtında başa çatdırılıb, Goranboy rayonu ərazisində 596 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə köçürülmə işlərinə hazırlıq gedir.
Komitənin müvafiq şöbəsi ilə Baş Məşğulluq İdarəsinin qarşılıqlı əməkdaşlığı nəticəsində 1324 nəfər daimi işlə təmin edilib, 428 nəfər işsizlik statusu alıb, 438 nəfər peşə hazırlığı kursuna göndərilib, 196 nəfər ictimai işlərə cəlb olunub, 528 nəfərə isə işsizlik müavinəti verilib.
İclasda qeyd olunub ki, Dövlət Proqramına edilmiş əlavələrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1479 məcburi köçkün ailəsi üçün Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin, Abşeron və Göygöl rayonlarının ərazisində bütün sosial- texniki infrastrukturu ilə birlikdə yeni qəsəbələrin salınması və ya hündür mərtəbəli binaların tikintisi nəzərdə tutulub.