Modern.az

BDU-da aldığımız dərslər

BDU-da aldığımız dərslər

Ölkə

28 Oktyabr 2009, 11:32

“Nəhayət ki, ərizəni düzgün dolduran bir abituriyent tapıldı!” Bu, mənim Bakı Dövlət Universitetində müəllimlərdən eşitdiyim ilk cümlə idi.  O vaxtlar hələ qəbul imtahanlarında test sistemi tətbiq olunmurdu və fizika fakültəsinə sənəd vermək üçün elə BDU-nun özünə getmişdim. Sənədləri də fakültənin o vaxtkı dekanı şəxsən qəbul edirdi. İntiqam müəllim mənə verdiyi şifahi suallara düzgün cavab alanda lap təəccübləndi. Sən demə, gələcəyin fiziki olmaq istəyənlərin əksəriyyəti heç sürətlə təcilin fərqini də bilmirlərmiş.

O vaxtlar hələ Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan bu elm ocağı ilə ilk görüşüm beləcə uğurlu keçdi. Lakin elə ilk kursdan bizləri qorxutmağa  başlamışdılar: “Tapşırmağa adamın yoxdursa, itib-batacaqsan, oxuya bilməyəcəksən”. Nə bilim kursda qalacaqsan, semestrdən çıxa bilməyəcəksən və s. Amma elə ilk imtahan göstərdi ki, deyilənlər yalandır. Heç bir müəllim oxumaq istəyən tələbənin qarşısını almırdı. Təbii, tapşırılmaq, pul söhbəti elə o vaxtlar da vardı. Amma elələri tək-tük idi, özü qiymət alanların sayı daha çox idi. Digərlərini deyə bilmərəm, bizim fakültədə belə idi. Özü də müəllimlərimiz məhz öz biliyinə arxalanan tələbələri daha çox istəyirdilər. Axı fizika çox həssas elmdir, bu fənn çox böyük həvəs və dəqiqlik tələb edir. Fizikanı sevməyən şəxsin orda qərar tutması çətin idi. Elektronların sayını düzgün müəyyənləşdirənə qədər bir təcrübəni dəfələrlə aparmadınsa, laboratoriya işini təhvil verənə qədər 3-4 kitab oxumadınsa, onda fizikada təhsil almağın nə ləzzəti? Bu çətinliklərə dözümü olmayanlar ikinci kursdan xeyli tələbə ya fakültəsini dəyişdi, ya da ümumiyyətlə başqa ali məktəbə göndəriş aldı. 

Milli-azadlıq hərəkatı dövrü ilə üst-üstə düşən tələbəlik illəri...

O vaxtlar kənardan eşidirdim ki, BDU-nun müəllimləri vətənsevərliyi, cəsurluğu ilə seçilirlər. Doğrudan da, dərslərdə biz təkcə riyaziyyat və astronomiya haqda bilgi almırdıq, həm də həyat dərsi keçirdik. Çox demokratik ab-hava idi. Müəllimlərimizin əksəriyyəti heç nədən çəkinmir, siyasi durum haqqında açıq danışır, hansısa siyasətçiyə dair antipatiyalarını gizlətmirdilər.

 

Tətbiqi riyaziyyatdan əla bir müəllimimiz vardı – Qurban müəllim. Oxumaq istəməyən tələbələrlə arası yox idi. Ona görə də bəzi uşaqlar ona “Qılınc Qurban” deyərdilər. Hələ o dövr üçün dünyanın yarısını gəzmişdi. İndi kiminsə xaricə getməsində maraqlı heç nə yoxdur. O vaxt isə bizə xarici ölkələrdəki həyat tərzi ən azından qəribə görünürdü. Bu haqda söhbətləri çox xoşlayırdıq. Çalışırdıq  hər mühazirənin sonunda hansısa ölkədən söz salaq, Qurban müəllim də məcbur olub yenə bu mövzuda danışsın. Deyirdi ki, Avropaya gedib gələndən sonra o da velosiped almaq fikrinə düşüb. Alıb da. Amma evdə biləndə ki, bu cür tanınmış müəllim universitetə dərs deməyə velosipedlə gedəcək – reaksiyanı təsəvvür etmək çətin deyil. 

 

Bizə mühazirə deyənlər arasında indiki təhsil naziri Misir Mərdanov da vardı. Elə o vaxtdan sərtliyi ilə seçilirdi. Əvvəlcə uşaqlar sevinirdilər ki, prorektorun mühazirəçi seçilməsi yaxşıdır, yəqin təşkilati işlərdən başı ayılmayacaq ki, bizə dərslərə girsin. Amma əksinə olurdu. Hər mühazirəyə gəlirdi, sonra da keçdiklərini imtahanda bütün proqram üzrə tələb edirdi.

 

Universiteti bitirəndən sonra da ora ilə əlaqəni kəsməmişik. İldə bir dəfə olsa belə, keçmiş kurs məzunları ilə BDU-ya toplaşırıq.  Bəzi müəllimlərimizi də görüb hal-əhval tuturuq, məşhur fotoqrafımız Salamla da salamlaşırıq. Hər dəfə də bu möhtəşəm binanın tədricən dəyişdiyinin şahidi oluruq. İndi universitetin həyəti o qədər dəyişib ki, buranı “gözəl şəhərcik” adlandırmalı olursan. Gördüyüm qədər BDU kimi yerdə təhsil almaq şərəfinə nail olan tələbələr üçün burda hər cür şərait yaradılıb. Yeni dərs vəsaitləri, avadanlıqları da öz yerində. Elə fizika laboratoriyalarındakı yeni cihazları görəndə, keçmiş tələbə kimi gözlərim parıldayır. Fizika İnstitutunda işləyən kurs yoldaşım deyir ki, bura da müasirləşib. İndi orda çalışan fiziklərimiz dünyanın ən məşhur fizika institutları ilə əlaqə yaratmaq imkanına, ən müasir cihazlarda işləmək şansına malikdirlər. 

 

BDU-da dəyişən təkcə korpusların xarici görkəmi deyil. Müəllimlərimiz, fakültənin rəhbərliyi də dəyişib. Dünyasını dəyişənlər, vəzifəsini dəyişənlər olub. Xarici ölkələrdən iş təklifini qiymətləndirib buranı tərk edənlər, BDU-da qalıb az maaşla işləməyə razılıq verənlər də var.  Bu qloballaşan, İnternetin bizə hər şeyi əvəz etdiyi bir dövrdə fəal tələbələr, gənclər də çoxdur. Daha onlara müəllimlərin siyasətdən, həyatdan dərs keçməsinə ehtiyac yoxdur. Amma qıraq-bucaqdan eşitdiyimə görə, hələ də fizika fakültəsi əsl təhsil almaq istəyənlərin, tapşırıqla, kiminsə himayəsi sayəsində yox, öz biliyinə arxalanıb peşəkar olmaq istəyənlərin yeridir.  Mən BDU kimi bir elm ocağının məhz bu fakültəsində təhsil aldığıma sevinirəm. Bununla belə, peşəmi məhz jurnalistliyə dəyişdiyimə görə də qətiyyən peşman deyiləm. Çünki eşitdiyimə görə, BDU-nun məhz jurnalistika fakültəsinin həm müəllimləri, həm tələbələri əminliklə “burda rüşvət yoxdur!” deyə bilirlər. 

(BDU-nun 90 illiyinə ithaf olunur)

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?