Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev yanvarın 24-də Gürcüstana gedərkən Qazax rayonunda sərhəd-keçib məntəqəsində saxlanılıb.
Bəxtiyar Hacıyev "Azadlıq" radiosuna bildirib ki, gecə saat 3-ə qədər Qazax rayon Polis Şöbəsində saxlanılıb. Sonra isə onu Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə gətiriblər. Yanvarın 25-i saat 11.00 radələrində isə Gəncə şəhər Prokurorluğuna gətirilib:
«Prokuror mənə dedi ki, sənin haqqında hərbi xidmətdən yayınmaqla bağlı cinayət işi açılıb. İfadə ver. Ondan sonra müəyyən şərtlərlə səni buraxa bilərik. Gəncədən kənara çıxmaq istəyəndə isə müstəntiqdən icazə almaq lazımdır. Başqa məhdudiyyətlər də qoyula bilər».
Hazırda Bəxtiyar Hacıyev prokurorluqdadır. Ondan ifadə alınmasını gözləyir.
Bəxtiyar Hacıyev keçən il noyabrın 19-da – seçkidən bir neçə gün sonra da təhsil üçün Gürcüstana getmək istəyərkən Qazaxda «Qırmızı Körpü» sərhəd-keçid məntəqəsində saxlanılmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən, deputatlığa namizəd statusunda olan Hacıyev bir gün sonra azad edilmişdi.
Müdafiə Nazirliyinin rəsmi mövqeyinə görə, kiminsə hərbi xidmətə aparılmasında qeyri-adi heç nə yoxdur və çağırış yaşlı hər bir vətəndaş orduda qulluq etməlidir.
Modern.az