
Yanvar ayının 26-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasının 2010-cu ildə fəaliyyətinə dair hesabatı müzakirə edilib. Qeyd olunub ki, ötən 2010-cu il ölkəmizin və Yeni Azərbaycan Partiyasının həyatında mühüm hadisələrlə yadda qalıb.
Müzakirələrdə vurğulanıb ki, partiyanın fəaliyyətində ilin başlıca siyasi hadisəsi olan Azərbaycan Respublikası Milli Məclisinə seçkilər mühüm yer tutub. Seçkilərdə “Güclü dövlət, yüksək rifah” şüarı ilə iştirak edən Yeni Azərbaycan Partiyası növbəti siyasi uğur qazanıb, Milli Məclisdə 71 nəfər deputatla təmsil olunmaq hüququ əldə edib.
İdarə Heyətinin iclasında qeyd olunub ki, hesabat ilində Yeni Azərbaycan Partiyası ictimai – siyasi əhəmiyyət kəsb edən bir çox layihələrin müəllifi kimi çıxış edib. O cümlədən “Ekologiya ili” çərçivəsində Bakıda və regionlarda yaşıllıq zolaqlarının salınması tədbirlərində yaxından iştirak edib.
Hesabat ilində partiyanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib. Avropa Xalqları Partiyası ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Koreya Respublikasının Böyük Milli Partiyası (HANNARA) ilə dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb.
Partiyanın sıralarının genişlənməsində, üzvlərinin sayının artmasında arxada qoyduğumuz il istisna olmayıb. İdarə Heyətinin iclasında bildirilib ki, 2010-cu ildə Yeni Azərbaycan Partiyasının sıralarına 32 min 186 nəfər yeni üzv qəbul olunub. Onlardan 17 min nəfərdən çoxu gənclərdir. Hazırda partiyanın 7600 ilk təşkilatında qeydiyyatda olan partiya üzvlərinin ümumi sayı 527 min nəfərə çatıb.
İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının 2010-cu ilə dair maliyyə hesabatı da dinlənilərək təsdiq olunub. Ötən ildə Yeni Azərbaycan Partiyasının cari hesabına partiya üzvlük haqlarından 4 milyon 063 min 044 manat vəsait daxil olub. Daxil olan vəsaitin 2 milyon 101 min 176 manatı partiyanın İcra Katibliyində və yerli təşkilatlarında çalışan işçilərin əməkhaqqı fondunu təşkil edib. Qalan vəsait partiya tədbirlərinin maliyyələşməsinə, çap işlərinə, təsərrüfat, kommunal və ezamiyyə xərclərinin ödənilməsinə, xeyriyyəçilik tədbirlərinə, həmçinin, 20 nəfər ali məktəb tələbəsinə xüsusi təqaüdlərin verilməsinə sərf edilib.
İclasda YAP İdarə Heyətinin 2011-ci ilin birinci yarımilliyinə dair iş planı geniş şəkildə müzakirə olunaraq, qəbul olunub.
Modern.az