Modern.az

Bir ailənin yanması ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə götürüldü

Bir ailənin yanması ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə götürüldü

Ölkə

30 Yanvar 2011, 23:58

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri 20 yanvar 2010-ci il tarixdə saat 16.00 radələrində Gədəbəy rayonunun Zamanlı kəndində başvermiş hadisə ilə əlaqədar birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, əvvəllər qanunsuz ağac kəsməsi ilə bağlı barəsində Gədəbəy rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı tamamlanaraq 11 yanvar 2011-ci ildə baxılması üçün rayon məhkəməsinə göndərilmiş Hüseynov Ədalət Kazım oğluna məxsus yaşayış evində baş vermiş yanğın nəticəsində Ədalət Hüseynov, arvadı Hökümə Hüseynova və onların azyaşlı oğulları -  Tural və Tapdıq müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq əvvəlcə Gədəbəy, sonra Şəmkir rayon mərkəzi xəstəxanalarına,  daha sonra isə  Bakı şəhəri 5 saylı xəstəxanasına yerləşdiriliblər.

Ədalət Hüseynov aldığı yanıq xəsarətləri ilə əlaqədar 22 yanvar 2011-ci il tarixdə müalicə olunduğu Bakı şəhəri 5 saylı xəstəxanada ölüb, Hökümə Hüseynova və oğulları isə hazırda qeyd edilən xəstəxanada müalicə olunurlar.

Baş Prokurorluq və DİN-in birgə məlumatına görə, rayon prokurorluğunda aparılan ilkin araşdırma zamanı yanıq xəsarətləri almış Hökümə Hüseynova və oğlu Tural yanğının baş verməsinin səbəb və şəraiti barədə ziddiyyətli izahatlar veriblər. 
   
”Belə ki, onlar izahatlarında bir halda yanğının Ədalət Hüseynov tərəfindən qəsdən, digər halda isə odun sobasını yandırarkən ehtiyatsızlıqdan baş verdiyini  bildiriblər.    
Yanğın faktı üzrə toplanmış materiallar əsasında 28 yanvar 2011-ci il tarixdə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda iş üzrə tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.   
Cinayət işi üzrə ibtidai istintaqın gedişi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür-deyə birgə məlumatda qeyd olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı